Şübhəli hərəkət - Almaniya Xİ naziri və Avroittifaq missiyası Naxçıvan sərhədində...
Elşən Həsənov: “Bəlkə də bölgədə maraqlı olan oyunçuları yeni gedişlər etməyə vadar edən hansısa səbəblər var”
Ermənistanda səfərdə olan zaman Almaniyanın xarici işlər naziri Annalena Berbok Arazdəyən ərazisinə gedib. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının əməkdaşları almaniyalı naziri müşayiət ediblər.
Berbok Azərbaycanla sərhəddə inşa olunması planlaşdırılmış “erməni-amerikan” metallurgiya zavodunun ərazisində olub.
Aİ müşahidə missiyası rəhbərinin müavini Marek Kuberski Berbokun diqqətinə çatdırıb ki, zavod başqa ərazidə inşa olunacaq. Kuberski onu da bildirib ki, sərhəddə monitorinq apardıqları ərazilərdə ümumilikdə vəziyyət stabildir.
Bundan sonra Almaniya xarici işlər naziri Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüşmək üçün Ararat vilayətinin Vostan kəndinə gedib.
Qeyd edək ki, iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.
Arzazdəyən Türkiyə və Naxçıvanla sərhədə yaxın olan strateji nöqtədə yerləşir. Berbok niyə məhz ora səfər edib?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tikintisi nəzərdə tutulan metallurgiya zavodunun inşası ilk növbədə ekoloji baxımdan risqli bir layihə idi: “70 milyon dollar dəyəri olan, 16500 kvadratmetr sahədə inşası planlaşdırılan zavodun illik istehsal gücü 180.000 ton olaraq göstərilirdi. Emal prosesi zamanı əmələ gələn tullantıların Araz çayına axıdılması nəzərdə tutulurdu ki, əlbəttə, buna da yol vermək olmazdı. Bununla bərabər Arpaçayın da çirklənməsini nəzərə alsaq, dəyəcək ziyanın miqyasını asanlıqla təsəvvür etmək olardı. Digər tərəfdən, emal zamanı atmosferə tullanacaq zəhərli qarışıqların ekosistemə də zərər vuracağının fərqində idik. Bütün bunları nəzərə alan Azərbaycan tərəfinin reaksiyası özünü çox da gözlətmədi. Beynəlxalq və digər təşkilatlara ünvanlanmış müraciətlərdən sonra zavodun tikintisinin dayandırılmasına qərar verildi.
Əlbəttə ki, məsələnin həlli insidentsiz də ötüşmədi və o günlərin mətbuatını araşdırsaq, bunu asanlıqla müşahidə etmək olar. İndi xəbər verildiyinə görə, həmin zavodun tikintisi başqa bir əraziyə - Ararat şəhəri yaxınlığındakı əraziyə köçürülür. Bu, məsələnin ekoloji tərəfidir. Strateji tərəfə gəldikdə isə, bunun nə dərəcədə strateji əhəmiyyət daşıdığını, yəni hərbi – siyasi cəhətdən hansı dərəcədə önəmli olmasını müxtəlif aspektlərdən dartışmaq olardı. Amma baş verənləri əsas məsələ olaraq Azərbaycanın getdikcə artan potensialı baxımından dəyərləndirsək, o zaman Ermənistanın, böyük dövlətlərin xarici investorları tərəfindən maliyyə yatırımları vasitəsilə mübahisəli ərazilərdə hərbi əməliyyat risqinin azaldılmasına can atmasının şahidi olarıq.
Ermənistanda səfərdə olan zaman Almaniyanın xarici işlər naziri Annalena Berbokun Arazdəyən ərazisinə səfərinin protokola salınması məsələsi isə bir az qaranlıq məqamlardan xəbər verir. Bəlkə də bölgədə maraqlı olan oyunçuları yeni gedişlər etməyə vadar edən hansısa səbəblər var.
Hər halda, bu xanımın bölgəyə gəlişi, Azərbaycandakı görüşlərdən sonra verdiyi bəyanatların səmimiliyi şübhə altına alınırsa, deməli, qarşı tərəfin səfər çərçivəsində nəzərdə tutulan marşrutlarında da məkrli bir məqsəd vardır. Bunu zaman göstərəcək”.
Məhəmmədəli QƏRİBLİ