ABŞ qorxudan Türkiyəyə sanksiya tətbiq edə bilməz - ekspert rəyləri...
Sahil İsgəndərov: "Türkiyə və digər ölkələr çalışır ki, Rusiyaya qarşı sanksiyaları pozmasınlar, hətta o sanksiyalardan kənar əməkdaşlıq variantları axtarıb tapırlar, bir növ sanksiyalardan yan keçməyə çalışırlar"
Son illər doğrudan da Turkiyənin çoxgedişli siyasi kombinasiyaları əksər siyasi elitalarda təəccüb doğurur. Çünki Turkiyə dünyanın hər iki qütbü ilə bərabərhüquqlu əməkdaşlıq etməyi bacarır.
Məsələn, Ankara həm Vaşinqtonla, həm də Moskva ilə və ya həm Rusiya, həm də Ukrayna ilə normal səviyyəli münasibətlər qurmağı bacarır. Lakin deyəsən, zaman artıq seçim anını yaxınlaşdırır.
Gələn xəbərlərə görə, ABŞ Rusiya ilə əməkdaşlığa görə Türkiyəni beynəlxalq ödəniş sistemi olan SWIFT və dollar ödənişlərindən məhrum etməklə hədələyir. Bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu RİA Novosti ilə söhbətində deyib.
Onun sözlərinə görə, bu baxımdan Ankara Moskva ilə ticarət dövriyyəsini azaltmağa məcburdur.
“Türkiyə Vaşinqtonun təzyiqinə müqavimət göstərə bilməz”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl məlum olub ki, ABŞ bu ilin sentyabr ayının ortalarından etibarən Türkiyə və Rusiya tərəfindən həyata keçirilən bank əməliyyatlarına nəzarəti kəskin şəkildə artırıb. Bundan sonra ikitərəfli ödənişlərlə bağlı vəziyyət pisləşməyə başlayıb. Bildirilib ki, Amerika maliyyə orqanlarının nümayəndələri pul köçürmələrinin mənbələri ilə maraqlanır.
Nə qədər realdır ki, ABŞ Türkiyəyə sanksiya tətbiq etsin?
Sualımızi cavablandıran siyasi şərhçi Sahil İsgəndərov bildirdi ki, ABŞ-nin bu məsələdə Turkiyəyə münasibəti birmənalı olaraq qərəzlidir: "Düzdur, Vaşinqton bir sıra ölkələrə qarşı Rusiya ilə əlaqələrə və sanksiyaların pozulmasına görə sərt mövqe sərgiləyir. Amma əksər hallarda bu, sərt bəyanatlardan o yana getmir. Çünki biz müxtəlif ölkələrlə bağlı bu cür bəyanatları çox eşitmişik. Lakin sonda ABŞ bu addımından çəkinib və sanksiya tətbiq etməyib. Türkiyə və digər ölkələr çalışır ki, Rusiyaya qarşı sanksiyaları pozmasınlar, hətta o sanksiyalardan kənar əməkdaşlıq variantları axtarıb tapırlar, bir növ sanksiyalardan yan keçməyə çalışırlar. Türkiyə də bu dövlətlər sırasındadır və burada heç bir qəbahət görmürəm.
Son zamanlar Amerika zəncirdən qopmuş bir quduz it kimi bütün dünya dövlətlərini qapır. Çox təəssüf ki, hələ də dolların dünyada vahid ödəniş valyutası statusunda qalması Vaşinqtonun qəzəbinə tuş gəlmiş ölkələrin vəziyyətini gərginləşdirir.
Düşünürəm ki, bu sanksiyanın Türkiyəyə tətbiq edilməsi nəzəri baxımdan tamamilə mümkündur. Bir müddət əvvəl Turkiyənin İqtisadiyyat Nazirliyinin təmsilçiləri Vaşinqtonda olarkən, ABŞ Maliyyə Nazirliyi Turkiyənin bir çox şirkətlərınə qarşı belə bir sanksiyaların tətbiqini müzakirə edib. Amma Türkiyə təmsilçiləri inandırıblar ki, göstərilən şirkətlərin fəaliyyətinin Amerika iqtisadiyyatına heç bir mənfi təsiri yoxdur. Bununla belə, ABŞ dünyada heç kimlə hesablaşmaq istəmir, bütün dünyanı onun qoyduğu qaydalara uyğun işləməyə məcbur etməyə çalışır. Bu baxımdan dünya iqtisadiyyatının dollara və SWIFT-ə bağlı olması Amerikaya belə bir imkanı yaradır.
Yeri gəlmişkən qeyd edim ki, SWIFT əslində beynəlxalq sistem deyil, ABŞ-nin vasitəçiliyi ilə Qərbin yaratdığı bir sistemdir. Bu sistem vasitəsilə bank əməliyyatlarını bloklaya bilirlər. Amma məsələnini bir tərəfi də var ki, belə gedişlərlə ABS və kollektiv Qərb özünun yaratdığı sistemi zərbə altına qoyur, getdikcə daha çox alternativ sistemin və alternativ valyutanın yaradılması üzərində düsünülür. Bu baxımdan qlobal Cənub xeyli irəli gedib. BRİKS təşkilatına artan maraq da bununla bağlıdır.
Türkiyə siyasətçisinin deməsi ki, Türkiyənin buna müqavimət göstərməsi çətindir, Ankara Rusiya ilə münasibətləri zəiflətməlidir, doğru yanaşma deyil. Fikrimizcə, bu təhdid real olsa da, Türkiyənin Rusiya ilə ticarət dövriyyəsini azaldacağı inandırıcı deyil. Ona görə ki, bu hər iki tərəfə dividend gətirir.
Onu da qeyd edim ki, Rusiya həm Çin, həm də Hindistanla çox böyük ticarət dövriyyəsinə malikdir. Amma onlar da SWIFT sistemində təmsil olunurlar. Həmin ölkələr SWIFT sistemindən yan keçməklə də maliyyə münasibətlərini qura bilirlər. Məsələ ciddiləşsə, Türkiyə də bu təcrübədən istifadə edə bilər.
İstənilən halda, digər dövlətlərlə müqayisədə Türkiyəyə təzyiqlər daha ciddi olacaq. Çünki Türkiyə həm ABŞ-nin NATİQ üzrə müttəfiqidir, həm də müsəlman aləminin ən güclü dövlətidir.
Bir məsələyə də diqqət yetirək ki, Almaniyanın "SİMENS" şirkəti Türkiyədə Rusiyanın tikdiyi "Akkuyu" AES-i üçün avadanlıq alınması işini pozub. Ona gorə də AES-in açılışı 2028-ci ilədək uzadılıb. Bununla göstərmək istədim ki, ABŞ və kollektiv Qərbin Türkiyə-Rusiya münasibətinə mövqeyi daha çox qərəzlidir.
Əgər söhbət sanksiyalardan yayınmaqdan gedirsə, nəyə görə uzun illər Rusiyanın vassali olan Ermənistanın Moskva ilə "boz sistemlər" üzərindən ticarət dövriyyəsini 7,4 milyard dollara çatdırması Amerikanı narahat etmir?
Amerikanın SWIFT sistemi vasitəsilə Turkiyəyə təzyiq imkanları olsa da, Vaşinqtonun buna gedəcəyi inandırıcı görünmür. Çünki ABS itirdiyi müttəfiqlər hesabına Rusiya yeni müttəfiqlər qazanacaq və güclənəcək.
Düşünürəm ki, ABŞ-nin bu adminstrasiyasının siyasəti bəlkə də Amerika tarixində ən gülünc və ən biabırçı siyasətdir. Sanki kələfin ucunu itirmiş kimi görünməklə bütün dünyanı və müttəfiqlərini özlərındən narazi salırlar".
Dəniz NƏSİRLİ