Türkiyədə 10 illik qapalı müzakirələrə Azərbaycandan rəylər...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsrailin növbəti hədəfi Türkiyədir” xəbərdarlığından sonra Türkiyə Böyük Millət Məclisində bununla bağlı müzakirələr keçirilib.
Oktyabrın 8-də baş tutan iclas mətbuata qapalı olub. İclasda xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak edib. Məlumata görə, müzakirələrdə bölgədəki vəziyyət və İsrail təhdidi ilə bağlı kəşfiyyat məlumatları da deputatlarla paylaşılıb və İsrailə qarşı gələcəkdə atılacaq addımlar müzakirə edilib.
Türkiyə qanunlarına görə, parlamentdə baş tutan bu qapalı müzakirə dövlət sirri hesab edilir. Deputatların da 10 il boyunca sözügedən müzakirələrlə bağlı açıqlama verməsi qanunla qadağan edilir.
Maraqlıdır, bu müzakirələr haqda Azərbaycanda nə kimi siyasi ehtimallar var?
Arzuxan Əlizadə: “Görünür, ölkənin ərazi bütövlüyünə yönəlik hansısa təhdid potensialı müzakirə edilib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, TBMM-də belə müzakirələrin keçirilməsi sıradan bir hal deyil: “Çox güman ki, olduqca ciddi məsələlərdən söhbət getdiyi üçün İsraillə bağlı belə müzakirələr keçirilib. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə baş verənlərə Türkiyə biganə yanaşa bilməz. Uzun illər həmin bölgə Osmanlının tərkibində olub. Yalnız Birinci Dünya müharibəsindən həmin bölgə Böyük Britaniya və Fransanın təsir dairəsinə keçdi, Osmanlı dağıldı və s. O da heç kəsə sirr deyil ki, 2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Ölkə de-fakto parçalanıb. Bəşər Əsəd Suriyanın yalnız üçdə iki hissəsinə nəzarət edir. Bir neçə il əvvəl İŞİD terroru Suriya və İraqda böyük fəlakətlərə səbəb olub. Türkiyədə milyonlarla Suriya qaçqını var. Bütün bunların fonunda bir ildir Qəzzanın qan çanağına çevrilməsi, İsrailin Livana hücumu, Təl-Əvivlə Tehran arasında qarşıdurmanın kəskinləşməsi vəziyyətin kifayət qədər mürəkkəbliyindən xəbər verir. Bütün bunların fonunda düşünmürəm ki, İsrail haçansa ordusu ilə Türkiyəyə hücum edəcək. Şəxsən mən bunu real hesab etmirəm. Görünür, parlamentdə ölkənin ərazi bütövlüyünə yönəlik hansısa təhdid potensialı müzakirə edilib”.
Turan Rızayev: “Ankaranın Təl-Əvivlə bağlı narahatlığı ciddidir”
Politoloq Turan Rzayev isə hesab edir ki, Türkiyə parlamentində İsrailin yaratdığı təhdidlər barədə qapalı iclas keçirilməsi diqqətçəkən məqamdır: “İclasın gündəliyi açıqlanmayıb. Ankaranın Təl-Əvivlə bağlı narahatlığı ciddir. Amma üzdə görünənlər reallıqla çox da üst-üstə düşmür. Məsələn, “vəd edilmiş torpaqlar” dini konsepsiyası mifdir. Bu, Ermənistanın “Böyük Ermənistan”, Yunanıstanın “Meqali İdea” kimi mifləri ilə eyni mahiyyətdədir. Yəni mövcud reallıqlar fonunda bu kimi mifik konsepsiyaların icrası mümkün deyil. O ki qaldı İsrailin Türkiyəyə qarşı kürd separatizmindən istifadə etməsinə, bu, müəyyən mənada məntiqlidir. İsrail regionda ərəb dövlətlərinin çoxluq təşkil etdiyini bilir və bunu dəyişmək üçün Yaxın Şərqin siyasi xəritəsini qarışdırmaq istəyir. Bunu isə kürd dövlətinin yaradılması ilə edə bilər. Hazırda kürdlərin kompakt yaşadığı 4 region ölkəsi var: Suriya, Türkiyə, İraq, İran. İsrailin İranı parçalamaq istəməsi məlumdur. İraqda isə Şimali İraq Kürd Muxariyyəti var. Bənzər subyektin Suriyada da yaradılmasına çalışılır. Lakin İsrailin regionda özündən bu qədər böyük bir dövləti yaratmaq istəməsi məntiqsiz görünür. Əvvəla ona görə ki, kürdlər illərdir fərqli güc mərkəzlərinin planındadır. Ancaq regionda kürd dövləti yaransa belə, onu idarə etmək, nəzarətdə saxlamaq çox çətindir. Türkiyə əslində buna görə İraqın şimalındakı kürdlərin müstəqillik istəyinə isti baxmayıb. Nəticə etibarilə Türkiyənin İsraillə bağlı narahatlığı olsa da, Təl-Əvivin bu həcmdə böyük bir planı icra etməsi, Ankaranı qarşısına alması məntiqli deyil”.
Vidadi ORDAHALLI