Baydenin müşaviri Bakıya xüsusi göndərilib...
Elşad Musayev: “Hesab edirəm ki, onun səfəri çərçivəsində müəyyən siyasi mesajlar da çatdırılıb”
Məlum olduğu kimi, Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.
O da məlumdur ki, hazırda ABŞ-Azərbaycan münasibətlərinin indiki fonunda, təbii ki, bu münasibətlər də müzakirə olunub. Ehtimal ki, Con Podesta məxsusi olaraq göndərilib. Məsələn, ABŞ-ın Azərbaycanla bağlı atdığı addımlar, konqresmenlərin ölkəmizə sanksiya tətbiqi ilə bağlı çağırışları, bizim deputatların onlara cavabı, Prezidentin özünün Cəbrayılda çıxışı, Rusiya kanalına müsahibədə ABŞ-ı ikili standartlarda ittiham etməsi və sair konteksdə Baydenin baş müşavirinin Bakıya gəlişi, Prezidentlə görüşü maraqlı deyilmi? Təxminən nə kimi, deyilməyən hansı müzakirələr ola bilər?
“Azərbaycanla ABŞ arasındakı münasibətləri normalllaşdırmaq üçün bu görüşün bir əhəmiyyəti olacaq”
Sözügedən məsələyə aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Məlum olduğu kimi, son dövrlər Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər xeyli kəskinləşib. Bu da bizim günahımız üzündən baş verməyib. ABŞ konqresmenlərinin Dövlət Departamentinə ünvanladıqları məktubdan sonra vəziyyət daha da kəskinləşib. Mən də daxil olmaq şərti ilə millət vəkilləri ölkənin xarici işlər nazirinə müraciət etdik. Müəyyən məsələləri aydınlaşdırmaq və konkret addımlar atmaq üçün müraciət etdik. Belə bir vəziyyətdə ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestan Bakıya gəlir və Prezident Əliyev tərəfindən qəbul edilir. Təbii ki, onun səfəri təkcə iqlim və COP-la bağlı deyil. Hesab edirəm ki, onun səfəri çərçivəsində müəyyən siyasi mesajlar da çatdırılıb. Prezident Əliyev də çıxışında müəyyən məsələlərə toxundu. Hesab edirəm ki, Azərbaycanla ABŞ arasındakı bu münasibətləri normalllaşdırmaq üçün bu görüşün bir əhəmiyyəti olacaq. Hər halda biz ümid edirik ki, ABŞ atdığı addımlara yenidən baxacaq. İndiyə qədər olan o qərəzli addımlar – 907-ci düzəliş, ikili standartlar, Ermənistana tərəf çıxmaları, işğalçıya işğalçı deməmələri kimi məsələlər bundan sonra dayandırılacaq. Daha doğrusu, dayandırılması hər iki ölkənin maraqlarına cavab verir. Bizə də buna ümid etmək qalır. Biz də istəyirik ki, ABŞ-la Azərbaycan arasında normal münasibətlər olsun”.
Vidadi ORDAHALLI