"Milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik" - Prezident
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı ilə də üzləşib.
Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir”.