Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində Azərbaycanın təhsil sistemində də rəqəmsallaşma tətbiq olunur.
Orta ümum təhsil müəssisələrimizdə e-Jurnal və e-Gündəlik kimi innovativ sistemlərin tətbiqi həyata keçirilir, “Rəqəmsal məktəb” platforması gerçəkləşdirilib. Yəni artıq “Rəqəmsal məktəb” platforması fəaliyyət göstərir.
“Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir”
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova mətbuata müsahibəsində deyib ki, hazırda ilkin olaraq Bakı şəhəri üzrə təxminən 350-yə yaxın təhsil müəssisəsində rəqəmsal məktəb platforması tətbiq edilir.
O bildirib ki, layihəyə pilot rejimində Bakı şəhərində başlanılsa da, sentyabr ayından region məktəblərində də tətbiq edilməsi hədəflənib: Bunu tətbiq etmək üçün təhsil müəssisələrində müvafiq infrastrukturun olması labüddür, çünki platforma onlayn rejimdə fəaliyyət göstərir”.
F.Nəcəfova deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır: “Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq. Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir. Əgər rəqəmsal məktəb platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv edilsin”.
Onu da qeyd edək ki, bir neçə il əvvəldən başlayaraq məktəblərimizdə “Elektron məktəb” layihəsi həyata keçirilir, “Elektron məktəb” layihəsi çərçivəsində “Elektron SMS” layihəsi reallaşdırılıb. Məktəblərin kompüter texnologiyaları ilə təmin olunması nəticəsində bu yeniliklərə nail olunub. Təhsil müəssisələrində uzun illərdir ki, elektron löhvələrdən də istifadə olunur.
Mətbuatda gedən məlumatlardan da aydın olur ki, Elm və Təhsil Nazirliyi təhsil sistemində müasir texnologiyaların tətbiqini genişləndirir.
Ekspertlər yazırlar ki, nazirlik təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini uğurla davam etdirir.
Mətbuatdan da bilirik ki, təhsil sistemində bağçalara və birinci sinfə qəbul zamanı elektron xidmət tətbiq olunur. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın fəaliyyət göstərir. Bu eyni zamanda valideynlərin də işini asanlaşdırır, onlar məktəbə getmədən bu məsələni kompüter vasitəsilə həll edir. Məlumat üçün deyək ki, bu gün Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Bildiyimiz kimi, məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada keçirilir.
Bu proses təkcə şagirdlərlə bağlı deyil, bu müəllimlərə də aiddir.
Qeyd edək ki, məktəblərə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq bir neçə ildir ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Eyni zamanda bu xidmət vasitəsi ilə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu, o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı vətəndaş “Şəxsi səhifə”sindən əldə edə bilir.
Şagird köçürülməsinin də elektron qaydada aparıldığını qeyd edə bilərik.
“E-Jurnal və e-Gündəlik kimi tətbiqlər...”
Təhsil eksperti Məzahir Məmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün orta məktəblərdə tətbiq olunan e-Jurnal və e-Gündəlik müəllimlərin yükünü bir qədər azaldıb: “Bu yeniliklərin məktəblərdə tətbiq edilməsi olduqca müsbət haldır. E-Jurnal və e-Gündəlik kimi tətbiqlər müəllimlərin yükünü bir qədər azaldıb. Düzdür, bu işə uyğunlaşmaq hələ o qədər də asan olmayıb. Bilirsiz ki, yeni texnologiyalardan istifadə bəzi yaşlı müəllimlərimiz üçün müəyyən problemlər yaradır. Ancaq ümumilkdə bu məsələ ilə bağlı təhsil İnstitutu təlimlər təşkil etdi, bu işin tam mənada mənimsənilməsinə qədər işlər davam etdirildi. Yəni bu da müsbət haldır.
Başqa bir məsələ də odur ki, valideyn iclaslarının keçirilməsini məktəb rəhbərliyi xüsusi olaraq arzulamırdılar və bu məsələdə ümumtəhsil məktəblərində çox ciddi problemlər vardı. Yəni valideyn, məktəb, şagird münasibətlərinin qurulması ilə bağlı hər dəfə valideynlərdən, müəllimlərdən şikayətlər eşidirdik. Amma indi bu məsələlər bir qədər asanlaşıb. Yəni hər bir valideyn e -Jurnal və e-Gündəlik tətbiqinə daxil olaraq öz övladını izləyə, müəllimlərin qiymətləndirməsini, rəylərini ordan ala bilərlər. O baxımdan, hesab edirəm ki, bu müəllimlərin işini yüngülləşdirməklə yanaşı valideynlərin də öz övladları ilə bağlı informasiya almasına münbit şərait yaradıb. Amma yetər ki, bu məsələdən düzgün istifadə olunsun. Yəni həm təhsilin keyfiyyətinə təsir edəcək, həm də valideynlərin əlavə vaxt itkisinin qarşısını alacaq”.
O, hesab edir ki, bu sistemdən istifadə edə bilməyən müəllimlər öz üzərlərində işləyib onu mənimsəyib tətbiq etməlidirlər.
Bütün hallarda ekspert hesab edir ki, rəqəmsal yeniliklərin təhsil sisteminə tətbiq edilməsi müsbət haldır və bu inkişafa, uğura xidmət edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.