Çindən Azərbaycana ildə azı 1,5 milyon turist gələ bilər...

Rəsul Cahangirli: “Çindən çoxsaylı turistlərin gəlməsi kapital axınına müsbət təsir edəcək”
Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq. Bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib: “Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”.
“Nəticədə neft-qaz gəlirlərindən asılılıq azalacaq, qeyri-neft sektoru inkişaf edəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli prinsipcə, Çindən çoxlu sayda turistin Azərbaycana gəlməsini mümkün hesab edir: “Bunu şərtləndirən bir sıra faktorlar var. Başlıca faktor odur ki, Çin əhali sayına görə dünyanın ən böyük iki ölkəsindən biridir. Çinin turizm potensialı da çox genişdir. Çin hər il 130 milyon turist göndərən ölkədir. Çin turistləri dünya üzrə trilyonlarla dollar vəsait xərcləyirlər. Belə olan halda niyə də Azərbaycan bu paydan yararlanmasın? Nəzərə almaq lazımdır ki, Çin məsafə baxımdan Azərbaycandan elə də uzaqda yerləşmir. ABŞ və Qərbi Avropa ilə müqayisədə məsafə baxımdan Çin ölkəmizə daha yaxındır. Çinlə Azərbaycan arasında Orta Asiya yerləşir. Ona görə də hesab edirəm ki, viza rejiminin ləğv edilməsi bir çox sahələrdə əməkdaşlıq imkanlarını artıracaq və ölkəmizə daha çox Çin turistin gəlməsinə müsbət təsir edəcək. Ümumiyyətlə, Azərbaycana Çindən gələn turistləri ilk onluqda yer alırlar. Hesab edirəm ki, bundan sonra bu ölkədən daha çox turist gələcək. Çünki Çin turistləri daha çox mədəniyyət yönümlü turistlərdir. Onlar sadəcə Bakını deyil, ölkəmizin digər rayonlarında tarixi məkanları görməkdə maraqlıdılar. Bu zaman turlar bir neçə gün çəkir. Ona görə də bölgələrdə müxtəlif tutumlu otellərin, turizm obyektlərinin tikilməsinə ehtiyac var. Otel şəbəkəsini genişləndirsək, Azərbaycanın turizm kütləsində ciddi artım olacaq. Çindən çoxsaylı turistlərin gəlməsi kapital axınına müsbət təsir edəcək. Çünki bu sahə çox gəlirlidir. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alsaq daha çox turisti ölkəmizə cəlb etmək mümkündür. Nəticədə neft-qaz gəlirlərindən asılılıq azalacaq, qeyri-neft sektoru inkişaf edəcək”.
Vidadi ORDAHALLI