Azərbaycanda 1300 illik məscid təhlükəyə düşüb...

Ölkəmizdə elə tarixi abidələr var ki, onların təmir və bərpa edilməsinə ciddi ehtiyac olsa da, bu yöndə heç bir iş görülməyib. Götürək elə Quba rayonun Qrız kəndindəki uçub dağılan Əbu Müslüm Məscidini. Məscidin divar daşında olan yazılar onun 749-cu ildə inşa edildiyini təsdiqləyir.
Məlumata görə, bu ibadətgahın tikilməsinin əsas məqsədi İslam dinini yerli əhali arasında yaymaq olub. Məscidə "Cümə məscidi" də deyilir. Buna səbəb cümə günləri sakinlərin burada bir araya gələrək namaz qılması olub.
Bu məscid qaya üzərində inşa edilib və Əbu Müslüm əl-Xorasaninin adı ilə bağlıdır. O, Əməvilər sülaləsinə qarşı hərəkatın rəhbəri olub. Bildirək ki, Qubanın Xınalıq və Cek kəndlərində də eyni adda məscid var. Xınalıqdakı məscid Abbasi xilafətinin banisi Abbasın sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Cekdəki məscidin isə XVIII əsrdə inşa edildiyi bildirilir.
Xınalıq məscidindən fərqli olaraq Qrızdakı və Cekdəki Əbu Müslüm Məscidlər pis vəziyyətdədir. Qrızdakı məscid-bu tarixi abidə ciddi dağıntılara məruz qalması səbəbindən hazırda istifadə olunmur.
Bu məscidin acınacaqlı vəziyyətini gözləri ilə görən tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev məsələni əvvəlcə sosial şəbəkə hesabında ictimailəşdirib, sonra isə mədəniyyət naziri Adil Kərimliyə, ardınca Nazirlər Kabineti, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, AMEA, AMEA-nın Şərqşünaslıq İnstitutu, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Memarlar İttifaqı, Quba Rayon İcra Hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi daxil olmaqla 10 rəsmi dövlət qurumuna, onlardan reaksiya görmədikdə isə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Elnur Nəciyev: “Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq”
Elnur Nəciyev “Bakı-Xəbər”ə bildirdi ki, bu məscid təmir-bərpa edilməsə tamamilə məhv olub tarixə qovuşa bilər. “Əbu Müslüm məscidi (748-749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir. Dərbənd Cümə məscidindən 733-734) və Şamaxı Cümə məscidindən (743-44) sonra o ən qədim məsciddir. Bilirsiz ki, bir çox qurumlara müraciət edilib. Ümidlə gözləyirik ki, Əbu Müslüm məscidi yenidən təmir edilib istifadəyə veriləcək. Bu məscidin ərazisi baxımsız vəziyyətdədir”.
E.Nəciyev vurğuladı ki, qədim alban etnoslarından birinin (Hər tayfasının) nəslindən olan bu etnik qrupun (qrızlar) Azərbaycan ərazisində ən qədim məscidlərdən birinə sahib olması multikulturalizmi ilə dünyaya örnək olan Azərbaycan üçün çox mühüm məsələdir. “Abidə tez bir zamanda təmir edilməsə, təbii təsirlərdən dağılacaq”.
E.Nəciyevin sözlərinə görə, bu məscidin bərpası ölkəmizə ən qədim məscidlərimizdən birini qazandıra bilər: “Bu da istər tarixi, istərsə də turizm baxımından əhəmiyyətlidir. İkincisi isə Alban irsinin daşıyıcısı olan qrızlıların tarixinin daha dərindən tədqiq edilməsinə və kənd ərazisində ilk dəfə olaraq sistemli arxeoloji tədqiqatların aparılmasına maraq yarada bilər. Bu məscidin bərpası həm də multikultural dəyərlərimiz baxımından əhəmiyyətlidir. Çünki bu gün kənddə sadəcə İslam memarlığı deyil, İslama qədərki memarlıq, yəhudi məzarlığı, qavaldaşı belə var. Adı çəkilən məsciddən savayı kəndin ərazisindəki Qrız qalasının, tarixi pirlərin, Qobustandakı kimi tarixi əhəmiyyətli dairəvi çalaların, qavaldaşının da tədqiqinə və qorunmasına diqqəti yönəldə bilər. Məscid bərpa edildikdən sonra onu, həm də diyarşünaslıq muzeyinə çevirmək faydalı olardı. Bu, həmin abidənin bir daha eyni aqibəti yaşamaması üçün zəruridir”.
Dövlət Xidməti: “Abidənin bərpa-konservasiyası növbəti illər üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi planlaşdırılır”
Abidənin nə zaman təmir ediləcəyini öyrənmək üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Dövlət Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, problemdən xəbərləri var və təmir işi gələcəkdə planlaşdırılır: “Quba rayonunun Qrız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi (XIX əsr) kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir. Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar. Abidənin bərpa-konservasiyası növbəti illər üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi planlaşdırılır”.
Dövlət Xidməti abidənin bərpa-konservasiya işinin növbəti illərdə həyata keçiriləcəyinin nəzərdə tutulduğunu deyir.
E.Nəciyev isə bildirdi ki, bu olduqca həssaslıq tələb edən bir məsələdir və bunu növbəti ilə saxlamaq işin xeyrinə deyil. “Bu məscidə dəfələrlə baxış keçirilib və təmirinin sadəcə "növbəti illərdə" nəzərdə tutulması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən açıqlama verilib. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl abidənin estetik, tarixi, elmi, dini və simvolik dəyərləri mütləq qiymətləndirilməli və bərpa ona uyğun aparılmalıdır. Abidə təmir edilərkən də əhali içərisində maarifləndirmə işi aparılmalıdır ki, məscidə aid olan, üzərində nəfis naxışlar olan taxtaların və məscidin daşlarının kənd içərisində səpələnməsinə yol verməsinlər”-deyə E.Nəciyev bildirdi.
E.Nəciyev qeyd etdi ki, abidənin vəziyyətinin acınacaqlı durumda olması kənd sakinlərini də ciddi narahat edir. O, eyni zamanda vurğuladı ki, bu məscidə qarşı xoşagəlməz münasibətin oxşarını başqa bir yerdə görməyib: “Mən Azərbaycanda çox yer gəzdim və heç bir yerdə bunun alternativini görmədim. Taxtalarından futbol oynamaq üçün qapı düzəldilən, kənd klubu, mədəniyyət evi tikilərkən dirəklərindən istifadə edilən, insanların oturması üçün oturacağa çevrilən nə abidə, nə də məscid gördüm. Belə də olurmuş. Mən tarixi abidələrə zərər verilməsini çox gördüm, amma belə halla heç vaxt qarşılaşmadım”.
Qrız kəndində yaşayanlar Əbu Müslüm Məscidinin şalbanlarının daşınıb başqa yerlərdə, daha konkret desək, Xınalıq kəndindəki Əbu Müslüm məscidinin təmir-bərpasında istifadə edildiyini deyirlər. Bunun nə dərəcədə doğru olub olmadığını deyə bilmərik, amma camaat arasında belə bir söz-söhbət dolaşır. Deyilənlər barədə E.Nəciyevdən də soruşduq. O, bildirdi ki, bu haqda o da eşidib, özü də konkret şəxsdən: “Mən abidənin parçalarının satılmasını kənd sakini İkram Məmmədovdan (Qrızlı) öyrəndim. O özü də Qrızda abidələri qoruduğuna görə çox təpik yeyib. Mən nə Qubalı, nə də Qrızlı deyiləm. Dostum birgün sadəcə kəndi gəzməyə çağırmışdı.
Getdim, vəziyyəti gördüm, ictimailəşdirmək qərarına gəldim. Həm də mənə bir insan, vətəndaş, müsəlman və tarixçi kimi çox ağır gəldi. Bu kənddə mən daha öncə də orta əsr qəbir abidələri ilə bağlı qalmaqalı da ictimailəşdirmişdim. 3-4 il öncə kənddə məktəb tikiləndə qəbir abidələrinin üzərində tualet tikmək istəyirdilər. Sonra yerini dəyişdirdilər”.
Əbu Müslüm Məscinin təmir edilməsi məsələsinə gəlincə, müsahibimiz bildirdi ki, bu iş təxirə salınmadan həyata keçirilməlidir, çünki söhbət qiymətli bir abidədən gedir. Alim probelmin həlli üçün aidiyyəti qurumların tezliklə hərəkətə keçəcəyinə ümid edir.
Əlbəttə, E.Nəciyevin alim və vətəndaş yanğısı ilə ictimailəşdirdiyi bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının növbəti illəri gözləməyib tezliklə addım atacağına biz də ümid edirik.
İradə SARIYEVA