Kağız jurnallardan imtina etmiş məktəblər necə işləyir?..

Rizvan Fikrətoğlu: "Elektron jurnal təhsil sisteminə müasirlik və innovasiya gətirəcək..."
Məlum olduğu kimi, sentyabr ayından orta məktəblərdə kağız jurnalların istifadəsi dayandırılacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyətə Nəzarət və Monitorinq Sektorunun müdiri Fidan Nəcəfova bildirib. O deyib ki, rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır:
"Rəqəmsallaşma kağız jurnalların ləğvinə gətirib çıxaracaq. Hazırda 426 təhsil müəssisəsində elektron jurnal tətbiq edilir. Əgər “Rəqəmsal Məktəb” platforması pilot dövrünü uğurla başa çatdırarsa, planlaşdırılır ki, sentyabrdan kağız jurnallar tamamilə ləğv olunsun. Rəqəmsallaşmanın məqsədi kağız vasitələrindən istifadənin azaldılması və şəffaflığın artırılmasıdır".
Maraqlıdır, yeni qaydanın nə kimi üstünlüyü, çətinliyi və müsbət tərəfi var?
"Jurnalın kağız və ya elektron formada olması şagirdlərin keyfiyyətli təhsil almalarında üstünlük yaratmır"
Təhsil eksperti Rizvan Fikrətoğlu "Bakı-Xəbər"e açıqlamasında qeyd etdi ki, “Rəqəmsal məktəb” platforması Azərbaycan təhsili adına yeni bir mərhələnin başlanğıcıdır. Təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır : "Təhsil platforması müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqi, interaktivlik və əlçatanlıq üçün prosesləri təkmilləşdirmək, həmçinin şəffaflığı artırmaq məqsədini daşıyır. Platformada şagird, valideyn, müəllim və məktəb rəhbəri üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Burada hər qrupun əldə edə biləcəyi faydalı resurslar var. Platformanın bir hissəsi sayılan elektron jurnala keçid qərarını təhsilin rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli addım hesab etmək olar. Müəllimlər qeydiyyat və hesabat işlərini daha sürətli həyata keçirə biləcək, kağızdan imtina edilməsi ilə ağacların qırılmasının qismən qarşısı alınacaq, izləmə imkanı olduğu üçün qiymətləndirmədə manipulyasiya ehtimalı azalacaq. Valideynlər və məktəb rəhbərliyi real vaxtda qiymət və davamiyyət məlumatlarına baxa biləcək, elektron sistem avtomatik şagirdlərin göstəricilərini təhlil etmək imkanında olacaq".
Ekspert hesab edir ki, elektron jurnal təhsil sistemində müasirlik və innovasiya gətirəcək, idarəetmədə çeviklik və dəqiqlik təmin olunacaq. Müəllimlərin, şagirdlərin və valideynlərin rəqəmsal savadlılığına müsbət mənada təsir edir, şagirdlərin akademik uğurları daha obyektiv qiymətləndirilir, valideyn-məktəb əlaqəsi güclənir: "Nəzərə alsaq ki, ölkədə internetin və texniki imkanların bərabər paylanılmaması, müəllimlərin hazırlıq səviyyəsinin eyni olmaması müəyyən problemlər yarada bilər. Bəzi məktəblərdə internet və ya texniki avadanlıq çatışmazlığı ləngimələrə səbə ola bilər. Çıxış yolu kimi, sistemin oflayn rejimdə fəaliyyət göstərilməsi məsələsi diqqətdə olmalıdır. Bu keçid ilk mərhələdə müəyyən texniki və insani çətinliklər yaratsa da, uzunmüddətli baxışda təhsil sisteminin səmərəliliyini və şəffaflığını artıracaq bir addımdır. Bununla belə, jurnalın kağız və ya elektron formada olması şagirdlərin keyfiyyətli təhsil almalarında üstünlük yaratmır. Burada söhbət sadəcə maddi və ekoloji problemlərin qarşısının alınmasından gedə bilər".
Günel CƏLİLOVA