Vətəni canından artıq sevən Vüsal

Vətənə sevgi həyatı dərk edən gündən Vüsalın qəlbinə hakim kəsilib. Elə məktəbdə yaxşı oxuması, yaxşılardan görüb-götürməsi müqəddəsliyinə tapındığı doğma Azərbaycan naminə olub. Cəlilabad rayonu, Göytəpə şəhərində dünyaya göz açan Vüsal Vətənin hər qarış torpağını özünə əziz bilib, 44 günlük haqq savaşımızda Qarabağımızın azadlığı uğrunda yağıya qarşı döyüş zamanı qəhrəmanlıq göstərib, ömrünün 31-ci ilində qanını Vətəninə halal edib. Vüsalın bu şərəfli ölümü xalqına başıucalıq olub. Elin qəhrəman oğlu əbədi ürəklərdə yaşamaqla həm də, dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azadlığına gərə medalları ilə təltif edilib.
Vüsal Sərhədxan oğlu Cəfərov 2006-cı ildə Göytəpə şəhər 1 saylı məktəbin 11-ci sinfini başa vurub. El-obasına bağlı, gözəl mənəvi keyfiyyətlərin sahibi, cəmiyyətdə əsl övlad məhəbbəti qazanan Vüsal birinci növbədə Vətən borcunu ödəməyi qarşısına ən böyük amal kimi qoyub. 2007-ci ildə ordu sıralarına gedib. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda nümunəvi xidmət etməklə Vətəninə layiqli bir vətəndaş olduğunu göstərib. 2008-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evə qayıdıb.
Vüsal Cəfərov əsgəri xidməti başa vursa da, Vətən çağıracağı, erməni dığaları tərəfindən əsir düşən Qarabağımızın hərbi yolla azad olunacağı təqdirdə hər an odlu səngərlərdə yer almağa hazır durub. Dost-tanışa da bunu məsləhət bilib və deyib: - Torpaq onun yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur. Vətənin ağır günündə dalda-bucaqda vaxt keçirmək bizə yaraşmaz.
Aylar ötdükcə düşmən bir daha azğınlaşıb, xalqımıza məxsus torpaqlarda od-alov qalayıb. Artıq Vüsal Cəfərovun qeyrəti bütün bu ədalətsizliyi götürməyib, qəlbində qəzəb tufanı yaradıb, məqamı gələndə yağıdan öc alacağı üçün 2013-cü il iyul ayının 29-da Müdafiə Nazirliyinin Beyləqanda yerləşən N saylı kəşfiyyat taborunda kəşfiyyatçı kimi müddətdən artıq xidmətə başlayıb. Vətəni, torpağı müqəddəs sayan Vüsal birinci qisasını yağıdan 2016-cı ilin aprel döyüşlərində alıb. Qazanılan qələbədən qürur duyub, bunu özünə şərəf bilib. Millətin təəssübünü çəkən, yurdun yaralarına məlhəm olmaqdan ötrü silaha sarılan igidlər sırasında daha ciddi sınaqlara hazırlaşıb. Düşmənə qarşı ön cəbhədə vuruşub onun başını əzməkdən ötrü həyata keçirilən sınaq tədbirlərdə həmişə fərqlənib.
Nəhayət onun arzuladığı gün gəlib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Vüsal Cəfərov Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı döyüşlərində tam yetişmış bir kəşfiyyatçı kimi yüksək peşəkarlıq göstərib. Keçdiyi əzab-əziyyətli, ölümlü yollarda qəlbində Vətən sevgisi hünərlə vuruşub. Cəbhə yoldaşlarının verdiyi məlumata görə 100-dən çox düşmənin axırına çıxıb və neçə-neçə yaralı əsgərimizi döyüş meydanından çıxarıb.
Cəfərov Vüsal oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik məqamına yüksəlib.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü