"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

"...1999-2016-cı illərdə Cəmo bəyin "Vətən marşı" (1919) şeirinə əsasən indiki dövlət himnimizin sözlərinin müəllifi C.Cəbrayılbəyli olduğunu təsdiqləyənlərin ilk sırasında Aybəniz Kəngərli, İlham Abbasov və Nazim Nəsrəddinov vardır.
Onlarla digər müəlliflər isə bu üç müəllifin yazdıqlarından kənar arqumentlər irəli sürə bilməmişlər və ya onların təqdim etdiyi faktlar ətrafında gəzişmələr etmişlər. 1999-2016-cı illərdə himn mətninin müəllifi haqqında aparılan mübahisələrə tədqiqat işində yer ayırmamışam. Monoqrafiyamın xronoloji çərçivəsi Cəmo bəyin doğulduğu 1887-ci ildən onun sözlərinin himn mətni olaraq təsdiq edildiyi 27 may 1992-ci ilə qədərki dövrü əhatə edir. Başqa sözlə, kim nəyi birinci yazıb? sualı ilə bağlı mübahisələr dövrünə bilərəkdən münasibət bildirmədim və yazdığım tədqiqat işinin buna ehtiyacı da yoxdur. Qaldı "Vətən marşı" şeirini ilk üzə çıxardan şəxsin uzun illər Aybəniz Kəngərli olduğu güman edilirdi. Lakin, "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" monoqrafiyasında "Vətən marşı" şeirinin (indiki himnimizin mətninin) C.Cəbrayılbəyliyə aid olduğunu ilk dəfə Mövsüm Əliyev 1990-cı ildə, himnin təsdiqindən 2 il, A.Kəngərlidən 9 il əvvəl "Ədəbiyyat və incəsənət" (1990, 20 aprel) qəzetində "Tarixin "ağ səhifələri" məqaləsində yazmışdır. "Vətən marşı" şeirinin ilk tapıntısında adımı hallandıranlar və bu tapıntını "öz əməyi" hesab edərək məni plagiatlıqda suçlayanlar yanılırlar. İnanmırlarsa "Cəmo bəy Cəbrayılməyli: həyatı və bədii yaradıcılığı" (2024) monoqrafiyamın 143-cü səhifəsini nəzərdən keçirsinlər. Hər bir şəxs mövzu ilə bağlı fikir bildirməmişdən əvvəl kitabı oxusalar yaxşı olar. Kitabın linki isə əlçatandır: Prezident Kitabxanası..." Bu fikirləri "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabının müəllifi, tanımış mətnşünas alim, professor Asif Rüstəmli Facebook sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bu günlərdə "Bakı-Xəbər"ə müsahibəsində xaricdə yaşayan elmlər doktoru Aybəniz Kəngərli himnimizin mətninin Cəmo bəy Cəbrayılbəyliyə aid olduğunu onun müəyyən etdiyini və bu barədə mətbuatda ilk dəfə çıxış etdiyini deyib. A.Kəngərli bildirirdi ki, bu barədə ilk dəfə 1999-cu ilədə məqalə ilə əvvəlcə "Respublika", sonra isə "Xalq" qəzetində çıxış edib. O, professor A.Rüstəmlinin kitabında onun adını çəkməməsindən narazılıq edib.
Bildirək ki, bəzi şəxslər də sosial şəbəkələrdə və mətbuatda bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndiriblər.
A.Rüstəmli isə sosial şəbəkə hesabında yazdığı fikirlərlərlə deyilənlərə aydınlıq gətirib.
İradə SARIYEVA