AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

Bakıda taksilərdə gediş-gəlişin qiyməti artsa da, keyfiyyəti dəyişməz olaraq qalır. Sərnişinlərin narazı qaldığı məqamlardan biri də taksi sürücülərinin uzaq məsafəyə getməməsidir.
Sərnişinlər qeyd edir ki, Masazır, Xırdalan, Binəqədi və ya Bakı kəndlərindən sifariş olunarsa, taksi sürücüləri həmin sifarişdən imtina edir, qəbul etmir. Bu isə sərnişinlərin yolda qalmasına səbəb olur.
Vüqar Məmmədov: “Xırdalan kimi tıxaclı yolla getməyə 7-5 manat sərf etmir, bu səbəbdən də...”
Taksi sürücüsü Vüqar Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün taksi sürücü işləmək olduqca çətindir: “Taksi sürücüləri haqlı yerə uzaq məsafəyə getmək istəmir. Bizi qınamaq yox, başa düşmək, kömək etmək lazımdır. Təsəvvür edin, Çobanzadə küçəsindən Xırdalana sifariş verilir. Həmin sifarişin qiyməti isə təxminən 7-8 manat olur. Xırdalan kimi tıxaclı yolla getməyə bu məbləğ sərf etmir. Fərdi taksilər həmin yerə 20 manata aparır, ancaq şirkət taksilərindən qiymət başqadır. Bu səbəbdən də biz həmin uzaq məsafələrə getməkdən imtina edirik”.
Aslan Əsədov: “Taksi sürücülərinin uzaq məsafəyə sərnişin aparmaq istəməməsinin səbəbi qiymətlərin sərf etməməsidir”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, taksi sürücülərinin uzaq məsafəyə sərnişin aparmaq istəməməsinin bir neçə səbəbi var: “Səbəblərdən biri də qiymətlərin sərf etməməsidir. Uzaq məsafəyə bir insanı aparıb uzun müddətdən istifadə edincə, həmin məsafəni həm yaxın, həm də tez başa gələn bir hərəkətlə getsə bir gedişlə bir neçə gedişdən geri düşə bilər. Yəni, uzağa getmək sərfedici və yaxud cəlbedici görünmür. Yaxına olan qiymət 1 gediş üçün sürücüyə sərf edir. Uzaq məsafə isə sərnişinə sərf edir. Misal üçün uzaq məsafəyə gediş üçün 1 nəfər 10 manat təşkil edirsə, yaxın məsafəyə isə təxminən 7-8 manat təşkil edir. Ona görə vətəndaş bunun iqtisadi tərəfini götürür. Bunun üçün də ona maraqlı gəlmir bir yerə getsin, bir işi görsün. Ancaq ona yaxın məsafə maraqlı olur”.
Günel CƏLİLOVA