"Müasir və çevik prokurorluq sisteminin formalaşdırılması..." - Baş prokurordan AÇIQLAMA

Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Açılış nitqində Baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Məhz həmin yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, insan resurslarının inkişafı və fəaliyyətin şəffaflığının təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.
Kamran Əliyev vurğulayıb ki, dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər ərzində bir sıra müasir inzibati binalar tikilərək istifadəyə verilib, prokurorluq əməkdaşlarının peşəkarlığının artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.
Mətləb Salahov