Azərbaycan dəmiryolçularının şirkətlə gərgin məhkəmə davası başlayıb...

"İşdən haqsız azad edilənlərin və narazıların sayı çoxdur, hələ hamı məhkəməyə müraciət etməyib"
Mediada gedən məlumatlara görə, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-nin işçiləri kütləvi olaraq məhkəmələrə şikayət ərizələri ilə müraciət ediblər.
Belə ki, “Azərbaycan Dəmir Yolları”na qarşı qaldırılan iddiaların əksəriyyəti işə bərpa, əmək haqqı tələbi və digər əmək münasibətləri ilə bağlıdır. Qarşıdakı 30 gün ərzində ADY ilə bağlı məhkəmələrdə ümumilikdə 44 prosesə baxılacaq ki, onlardan 8-i işçilər tərəfindən qaldırılan iddialardır.
Proseslərdən ikisinə əmək haqqı tələbi ilə 24 apreldə Nəsimi rayon Məhkəməsində (hakim Günay Abidova) baxılıb. Biri 28 apreldə maddi və mənəvi zərərin ödənilməsi tələbilə Nəsimi rayon Məhkəməsində (Ramin Xəlilov), digər iki proses isə 30 aprel tarixində eyni rayon məhkəməsində işə bərpa və əmək haqqı tələbləri ilə (hakimlər Ceyhun Tağıyev, Günay Abidova) keçiriləcək.
2 və 5 may tarixlərində Bakı Apellyasiya Məhkəməsində baş tutacaq proseslər də əmək münasibətləri və işə bərpa tələb ilə qaldırılıb. İş hakim Nazim Cəfərovun və Elşən Kazımovun icraatındadır. 8 və 20 may tarixlərindəki işlərə isə Nəsimi rayon Məhkəməsində hakim Nail Abbasovun və Günay Abidovanın sədrliyi ilə baxılacaq.
Maraqlıdır, işçilərin bu cür kütləvi məhkəməyə müraciət etməsinin səbəbi nədir?
Göründüyü kimi, narazılığın çoxu əmək münasibətləri ilə bağlıdır. “Azərbaycan Dəmir Yolları”nda nə baş verir? Nəyə görə qurum kütləvi olaraq məhkəməyə verilir?
Bütün bu suallarla “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyevə müraciət etdik. Cənab Hacıyev bildirdi ki, sualları müvafiq şöbəyə göndərəcək, cavab gələn kimi bizə təqdim edəcək. Qurumun elektron poçt ünvanına dünən göndərdiyimiz sorğuya da təxminən eyni cavab aldıq. Günün sonuna qədər isə heç bir ünvandan bizə cavab verilmədi. “Azərbaycan Dəmir Yolları” QSC-dən nə vaxt cavab gəlsə onu da dərc edəcəyik.
Nəsimi Rayon Məhkəməsində iclasın vaxtını gözləyən, adının çəkilməsini istəməyən, məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı əmək haqqının verilməsi və işə bərpa barədə mülki iddia qaldiran keçmis QSC əməkdası "Bakı-Xəbər"in müxbiri ilə söhbəti zamanı bildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC son bir ayda əsassız olaraq işçiləri kütləvi işdən çıxarır: "Bu da işini itirən əməkdaşların narazılığına səbəb olur. Elə işçi var ki, mənim kimi, işdən çıxmasından da xəbəri olmayıb, aylarla işləyib. Sonradan deyiblər ki, sən işdən azad edilmisən. Hərəyə bir səbəb deyirlər, bilmirik rəhbərlik nə etmək istəyir. Bu həqiqətən də özbaşınalıqdır. Prezident deyir əhalini işlə təmin edin, bunlar da bizi min-bir bəhanə ilə işdən qovurlar.
İşdən haqsız azad edilənlərin və narazıların sayı çoxdur, hələ hamı məhkəməyə müraciət etməyib. Bəzilərinə ümid veriblər ki, bərpa edəcəyik, narahat olmayın. Ona görə də həmin adamlar məhkəməyə müraciət etmir, gözləmə mövqeyi tutur".
Söhbətləşdiyimizi görən məhkəmənin mühafizə xidməti yaxınlaşaraq söhbətimizə müdaxilə etdi və həmsöhbətimə bildirdi ki, sizin iclas başlayır. Lakin məhkəmə prosesinin açıq keçirilməsinə rəğmən bizi məhkəmə zalına buraxmadılar. “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı hər iki iddia üzrə ilk iclas olduğundan, məhkəmə iclasının nəticəsini gözləmədik.
Amma çox maraqlıdır ki, daha ağır mühakimələrin aparıldığı Baki Ağır Cinayətlər məhkəməsinə girişin sərbəst olmasina baxmayaraq, Nəsimi rayon Məhkəməsinin girişində metrodakı kimi turniketlər quraşdırılıb, vətəndaş xüsusi icazə ilə daxil ola bilur. Görəsən ədalət mühakiməçiləri - məhkəmələr cəmiyyətdən nəyə görə gizlənir?
Akif NƏSİRLİ