Azərbaycan-Fransa Universitetindənsə, Azərbaycan-Çin universiteti dəfələrlə üstündür...

İlqar Orucov: “Çin universitetləri gələcəyin universitetləri olaraq formalaşıblar”
Yaxın zamanlarda Azərbaycan-Çin Birgə Universitetinin yaradılması mümkündür. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüşündə müzakirə edilib.
Belə ki, görüşdə gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Çin universitetinin yaradılması artıq gündəmdədir. Dostluq və əməkdaşlıq içində olduğumuz bir ölkə ilə birgə universitet yaratmağımız, əlbəttə, müsbət olardı.
Azərbaycana düşmən olan Fransa ilə birgə yaratdığımız universiteti saxlamağın nə mənası var ki? Söhbət Azərbaycan- Fransa universitetindən gedir. Bu universitetin yerində elə Azərbaycan-Çin universiteti açmaq daha vacibdir. Fransa dönüb təzədən bizə dost ölkə olmayacaq ki. İndiki şəraitdə Azərbaycanda Fransa universitetini saxlamağın bir mənası yoxdu, heç buna ehtiyac da duyulmur. Təbii ki, Çin kimi dost Fransadan min dəfə yaxşıdı.
“Fransa-Azərbaycan Universitetini saxlamaqdansa, onun yerində Azərbaycan-Çin universiteti açmaq daha vacibdir”
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Çinlə ali təhsil sahəsində geniş əməkdaşlıq çox vacibdir. “Azərbaycan-Çin birgə universitetinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin Çinə rəsmi dövlət səfəri zamanı fikirlər səsləndi. Hesab edirəm ki, Azərbaycanla Çin arasında bütün istiqamətlərdə, eləcə də ali təhsil sahəsində əlaqələrin yaradılması faydalı ola bilər. Çünki Çin dünyada son illərdə ali təhsil müəssisələrinin inkişaf göstəriciləri, elmi tədqiqatların səviyyəsi, eyni zamanda onların birbaşa sənayeyə tətbiqi, innovasiya ötürücüsü olması baxımından fərqlənir. Gerçəkdən də artıq Çin universitetləri gələcəyin universitetləri olaraq formalaşıblar. Biz yaxın perspektivdə Çin universitetlərinin dünyada daha qabaqcıl mövqedə qərarlaşacağının şahidi olacağıq. Dünya universitetlərinin reytinqində Çin universitetləri çox önəmli yerləri tuta biləcəklər. Bu ölkədə elmə, texnologiyaya, eyni zamanda bilik iqtisadiyyatına keçidin təmin olunması, bu sahədə dünyada artıq liderliyin təmin olunması və yeni innovasiyaların tətbiqi ölkədə mövcud olan şəraitin diqtə etdiyi zərurət olacaq. Bu baxımdan düşünürəm ki, bizim Çindən öyrənməli olduğumuz çox mühüm məqamlar var. Biz, təbii ki, dünyanın bu iqtisadi, texnoloji nəhəngi ilə həm də universitet quruculuğu sahəsində müsbət təcrübələri mənimsəyə bilərik”.
İ.Orucov hesab edir ki, Çin ali təhsili Fransa ali təhsilindən irəlidədir və müqayisə etsək, bizim üçün bu sahədə Çinlə əməkdaşlıq daha lazımlıdır. “Haqlı olaraq qeyd etmisiniz ki, Fransa-Azərbaycan universitetini saxlamaqdansa, onun yerində Azərbaycan-Çin universiteti açmaq daha vacibdir və bu daha faydalı ola bilər. Sözün düzü, Fransanın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyə görə bu universitetin Çin-Azərbaycan universiteti ilə əvəzlənməsini demirəm, bunu ona görə deyirəm ki, Çin universitetlərinin üstünlükləri həddən artıq çoxdur. Üstünlüklər, inkişaf baxımından məsələyə yanaşıb deyirəm ki, Azərbaycan-Fransa universitetinin yerinə Azərbaycan-Çin Universitetinin yaradılması daha faydalı ola bilər. Təbii, müqayisə etsək, Çin təhsili Fransa təhsilindən üstündür, daha çox inkişaf edib.
Bizim işğaldan azad olunmuş ərazilərimizdə artıq Böyük Qayıdış konsepsiyası həyata keçirilir, bu çərçivədə o ərazilərdə yeni elm mərkəzlərinin, universitetlərin yaradılması daha faydalı ola bilər. Universitetlərin paytaxtda cəmləşməsindənsə, yeni qurulan şəhərləri universitet şəhərləri kimi də edə bilərik. Fikrimcə, Azərbaycan-Çin universitetini işğaldan azad olunmuş ərazilərdə yaratsaq daha faydalı olar, daha məqsədəmüvafiq ola bələr, nəinki Bakıda Fransa-Azərbaycan universitetinin yerində. Biz dövlət olaraq Fransaya dost münasibəti bəsləmişik, amma zaman-zaman bu ölkədən gördüyümüz ədalətsizliyin yerinə haqq işimizə dəstək gözləyirdik. Amma bunu görə bilmədik. Çünki müqayisədə təhsil baxımından Fransa universitetləri gələcək perspektivdə böyük inkişaf vəd etmir. O baxımdan, Azərbaycan-Çin universiteti daha faydalı ola bilər. Humanitar, sosial, elm-təhsil sahəsində bu əməkdaşlıq həm də
ölkələrimiz arasında yaxşı bir başlanğıc ola bilər”.
O hesab edir ki, biz ölkəmizin gələcək inkişafı naminə bu universiteti yaratmalıyıq, müsbət nə varsa onu tətbiq etməliyik. Azərbaycanın çoxsaylı ölkələrlə əməkdaşlığının, strateji tərəfdaşlığının olduğunu deyən müsahibimiz bildirdi ki, amma bu o demək deyil ki, hansısa ölkələrlə münasibətimiz yaxşılaşdısa o ölkələrin hamısı ilə birgə universitet yaradaq. “Unversitetlərin əməkdaşlığı üçün geniş imkanlar var. Bizim universitetlər əməkdaşlıqda maraqlı olmalıdır, amma universutelərimiz bu sahədə çox zəifdirlər. Universitetlərimiz nə üçün Çin universitetləri ilə bugünə qədər əməkdaşlığı yaxşı səviyyədə qura bilməyiblər? Başadüşüləndir. Çünki Çin universitetləri sürətlə inkişaf edir, onlar həm də o gerçəyi dəyərləndirə bilirlər. Onlar gerçəyi dəyərləndirib baxırlar ki, Azərbaycan universitetlərinin vəziyyəti o qədər də yaxşı deyil. Biz universitetlərimizin dünyanın texnolji cəhətdən inkişaf etmiş ölkələrin universitetləri ilə əlaqələrini mütləq şəkildə qurmalıyıq. Bu gün Çinin iqtisadiyyatının əsasına, kökünə baxanda görürük ki, orda biliklər, texnologiyalar, ali təhsil müəssisələrindəki tədqiqatları dayanır. Ona görə də hesab edirəm ki, universitetlərimiz də, elmi tədqiqat müəssisələrimiz də nümunə götürməlidir. Bizim dövlətin ümumi inkişafından ali təhsil müəssisələrimiz xeyli geri qalır. Nəbzi tuta bilmirlər. Ölkə başçısının inkişaf etdirdiyi Azərbaycana uyğun bizim təhsil müəssisələri adekvat yol müəyyənləşdirə bilmirlər. Mütləq deyil ki, çoxlu universitetlər yaradaq. Mövcud universitetləri inkişaf etdirək. Qoy Çin-Azərbaycan birgə universiteti mövcud universitetlərdən birinin bazasında yaradılsın” - deyə İ.Orucov qeyd etdi.
İradə SARIYEVA