Vətənin Kənan oğlu...

1998-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində dünyaya göz açan Kənan Məmmədov Vətən müharibəsində 30 il düşmənə əsir düşən Qarabağımızın azadlığı uğrunda çəkinmədən, qorxmadan özünü odun-alovun içinə atıb. “Təki Vətən yaşasın!”, - deyib son damla qanına qədər yağıya qarşı qəhrəmancasına vuruşub. Döyüş meydanında qazandığı hünər ona bütöv bir xalqın əbədi məhəbbətini qazandırıb və adı dillərdə qəhrəmanlıq simvoluna dönüb. Dünya durduqca Kənanın 22 illik şərəfli ömür yolu hər gələn nəsillərə örnək olacaq. Dövlət tərəfindən layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı da Kənanla maraqlanan hər kəsə onun döyüş meydanında göstərdiyi şücaətdən danışar...
Kənan Tofiq oğlu Məmmədov kənd orta məktəbində oxuduğu zaman doğma yurduna sonsuz məhəbbəti, gözəl tərbiyəsi onu hamının sevimlisi edib. Bu, istedadlı, vətənpərvər oğlan yaxşılardan görüb-götürməklə boy atıb. Qəlbində olan bütün saf arzularını da Vətənlə bağlayıb. Orta təhsilini başa vuranda son dərəcədə ağıllı, mərd, cəsur bir gənc kimi tanınıb, sevilib. Doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq ona daim sədaqətli olmaq üçün hərbiçiliyi daha şərəfli peşə bilib.
Qəlbində Vətən sevgisi, erməni quldurlardan intiqam, qisas almaq alovu cəbhə bölgəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri borcunu şərəflə yerinə yetirib. Həmişə də nəyin bahasına olursa-olsun əsir Qarabağımızın mənfur düşmən tapdağından azadlığını düşünüb və döyüş meydanında onun başını əzməkdən ötrü hərbi təlimlərə həvəslə qoşulub, çətin məqamlarda belə cəsurluğu sayəsində uğur qazanıb. Vətən üçün yaşayan Kənan əsgərlikdən sonra öz həyatını tam hərbiyə bağlayıb, bu sahədə nümunəvi xidmətini davam edib.
Ermənistan işğalçı hərbi birləşmələrinin 2020-ci il sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçib. İkinci Qarabağ müharibəsi başlanıb. Kənan Məmmədov Vətənin ağır günündə qeyrətli oğul kimi onun harayına birincilər sırasında hay verib və əlində silah odlu səngərdə yağıya qarşı savaşa girib. Qatıldığı neçə-neçə qanlı döyüşlərdə rəşadət nümunəsi göstərərək düşmənə ağır itkilər verib. Sonda Talış kəndi və Suqovuşan istiqamətində şiddətli müharibə meydanında tarix yazaraq qəhrəmancasına şəhadətə qovuşub.
Kənan Məmmədov Vətən uğrunda şəhid olmağı özünə şərəf bildi. Belə cəngavər, qeyrətli oğulların həyat yolunu örnək seçməklə onlarla qürur duymağa dəyər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü