Himnimizin müəllifi ilə bağlı söz-söhbətlər baş alıb gedir - Əhməd Cavadçıların səsi çıxacaqmı?...

Aybəniz Kəngərli: “Mən Əhməd Cavadı yetərincə bilən adamam”
Tanınmış mətnşünas alim, tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” adlı kitabında Azərbaycanın dövlət himninin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu, onun səhvən Əhməd Cavadın adına təqdim edildiyini qeyd edib.
Himnimizin müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğu faktını ilk dəfə elmi dövriyyəyə, mətbuata kimin gətirdiyi də müzakirə mövzusudur.
Bu günlərdə sosial şəbəkələrdə tanınmış ədəbiyyat və elm adamlarının belə bir fikri oldu ki, Əhməd Cavad irsinin ilk tədqiqatçılarından biri filologiya elmləri doktoru, professor Aybəniz Kəngərlidir və himnin sözlərinin müəllifinin Əhməd Cavad olmadığı fikrini ilk dəfə o yazıb, o deyib, o elmi dövriyyəyə gətirib.
Məqsədimiz heç də Asif müəllimin gördüyü bu işə kölgə salmaq deyil, bu məsələni ilk gündəmə gətirdiyi deyilən elm adamının fikirlərinə də yer verməkdir.
Yeri gəlmişkən, mətbuatda gedən müzakirələr elə həddə çatıb ki, hətta təhqirdən belə çəkinməyənlər var. Bu arada düşündük ki, Əhməd Cavadın irsini tədqiq edən alimlərlə əlaqə saxlayıb onların da fikirlərini öyrənək.
Ə.Cavadın tədqiqatçısı professor Təyyar Salamovla əlaqə saxladıq, alim bildirdi ki, böyük şairin yaradıcılığında himn mövzusunu tədqiq etməyib, ona görə də bu barədə heç nə deyə bilməz. Əhməd Cavad irsindən yazan digər tədqiqatçı Əlizadə Əsgərli ilə isə danışa bilmədik.
“Himnimizin mətninin Əhməd Cavada aid olmadığını, Cəmo bəy Cəbrayılbəylinin olduğunu ilk dəfə mən üzə çıxarıb çap etdirmişəm”
Məsələ ilə bağlı hazırda Azərbaycandan kənarda yaşayan professor Aybəniz Kəngərli ilə vatsap üzərindən əlaqə saxladıq və onunla müsahibəni təqdim edirik.
- Professor Asif Rüstəmlinin Cəmo bəy Cəbrayılbəyli ilə bağlı kitabı nəşr olundu və o, kitabında qeyd etdi ki, himnimizin mətninin müəllifi Əhməd Cavad deyil, Cəmo bəy Cəbrayılbəylidir. Onun yazdıqları geniş müzakirə olunur və sosial şəbəkələrdə belə fikirlər yazıldı ki, bu məsələni ilk dəfə siz gündəmə gətirmisiniz. Bu barədə nə deyərdiniz?
- 8 kitabım çıxıb, kitablarım Azərbaycanda və Tüerkiyədə çap olunub. Amma 20 ildir Azərbaycanda deyiləm, Almaniyada yaşayıram və hazırda elmlə məşğul olmuram. Amma Azərbaycanda yetərincə iş görmüşəm. Məsələ bu cürdür. Mən XX əsr mətbuatını araşdırırdım. Namizədlik işim “Azərbaycan” qəzetində ədəbiyyat məsələsi idi. Arxivdə 1919-cu ildə nəşr olunmuş “Milli şərqilər” adlı ərəb əlifbası ilə bir kitab var. Bu kitabda bizim bugünkü himnin mətnini ərəb əlifbası ilə oxudum. Gözlərimə inana bilmədim. Mən Əhməd Cavadı yetərincə bilən adamam, heç kəs deyə bilməz ki, onun irsini məndən yaxşı bilir. Özü də türkçü, Turançı olduğuna görə onu çox sevirəm. Əhməd Cavadın şeirlərini ilk olaraq arxivdən mən yığıb çap etmişəm. Əhməd Cavadın İsmayıl Qaspıralı haqda şeirilərini, əlaqələrini, bir sözlə bütün yaradıcılığını, fəaliyyətini dərindən bilirəm.
- “Milli şərqilər”də himnin mətni kimin imzası ilə gedib?
- 1919-cu ildə himnin mətni Cəmo bəy imzası ilə çap olunub. Əhməd Cavadın Cəmo bəy imzası ilə şeir yazmağa nə ehtiyacı vardı? Belə bir şey ola bilərdimi? Ola bilməzdi. Bu mətni üzə çıxardıqdan sonra rəhmətlik Teymur Əhmədovun yanına getdim, o, “Respublika” qəzetinin baş redaktoru idi. Teymur müəllimə dedim ki, himnin mətnini tapmışam, bizim himnimizin mətninin müəllifi Əhməd Cavad deyil. Dedim ki, bilirəm, bunu heç kəs çap etməyəcək, amma nə vaxtsa bu üzə çıxacaq. Teymur müəllim “mən çap edərəm, niyə də etməyim ki” dedi. Səhv etmirəmsə, 1999-cu ilin fevralında mənim himnin mətninin müəllifinin Əhməd Cavad olmadığı barədə məqaləm mətnlə birgə əvvəlcə “Respublika”, sonra isə “Xalq qəzeti”ndə çap olundu. Hər iki məqalə mənim Almaniyadakı evimdə var, özümlə gətirmişəm. Gerçəklik budur ki, bu mətnin müəllifi Əhməd Cavad deyil...
- Bəs niyə sizin üzə çıxardığınız bu məsələ o vaxt öz həllini tapmadı?
- Mən o vaxt Yaşar Qarayevin də yanına getdim. Yaşar müəllim Ədəbiyyat İnstitutunun direktoru idi, mən də Ədəbiyyat İnstitutunda “Yeni dövr ədəbiyyatı” şöbəsində işləyirdim, o vaxt hələ elmlər namizədi idim. Yaşar müəllim təklif etdi ki, bu məsələni institutda müzakirə edək və sonra yuxarılara yazaq. Hər adamın düşmənləri var, o vaxt özüm istəmədən düşmənlərim vardı. Bir az da şanslı adamam. Alxan Bayramoğlu var, ona heç zaman pislik etməmişəm, nə vaxtsa bir tənqid yazmışam, o da bunu düşmənçilik kimi qəbul edib.
2000-ci ildə institutda müzakirə keçirildi. Müzakirədə Cəmo bəy Cəbrayıbəylinin ailə üzvləri, qızı Sürəyya xanım da iştirak edirdi. Müzakirədə bizim heç bir nəticəyə nail ola bilməməyimiz onunla bağlı oldu ki, mən danışandan sonra Alxan Bayramoğlu dedi ki, Aybəniz xanım Cəmo bəy imzası ilə yazanın Cəmo bəy Cəbrayılbəyli olduğunu deyir, amma Cəmo Hacınski də var, bəlkə mətn onundur. Bax, ona görə bu məsələ qəbul olunmadı, himnin mətninin müəllifinin adı dəyişmədi. Amma mətnin Əhməd Cavadın olmaması yüz yox, iki yüz faizdir.
Bir məsələni də xatırladım: mənim ustadım, elmi rəhbərim Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə idi. Əhməd Cavadın oğlu Yılmaz Axundzadə Kamal müəllimə qədər çıxıb xahiş etdirdi ki, Aybəniz bir də bu mövzuda danışmasın. Əslində mənim başqa bir niyyətim yox idi. Həqiqəti ortaya qoydum, çap etdirdim, dedim ki, mətn Əhməd Cavadın deyil. Mən Əhməd Cavad düşməni deyiləm, onu çox sevirəm.
- Siz Cəmo bəyin ailəsini də tanımısınız demək...
- Bəli, çox kübar, alicənab bir ailəsi var. Nəvəsinin biri İtaliyada oxuyub, opera müğənnisidir, Opera Teatrında çalışır. Qızı Sürəyya Cəbrayılbəyli təxminən 30-40 il Vərəm Dispanserinin rəhbəri oldu. O çətin günlərdə mən o adamları dost kimi qazandım, evlərinə gedib-gəldim. Hər zaman da arxamda oldular. Ailəsi Cəmo bəyə qarşı çox böyük haqsızlıq görürdü. Cəmo bəy Üzeyir bəylə çox yaxın olub. Övladları deyirdi ki, bu bizim atamızın haqqıdırsa biz də onun ruhu qarşısında onun müəllifliyini bərpa etməliyik. Amma dediyim kimi, himnin mətni Cəmo bəy imzası ilə çap olunub. Orda nə Cəbrayılbəyli yazılmışdı, nə də Hacınski. Cəmo Hacınski rusdilli olduğu və şeir yazmadığı üçün onun himnin mətn müəllifi olması ehtimalını sıfır görürəm. Hacınsinin iki şeiri olsaydı, deyərdik ki, bu da üçüncüdür. Ona görə də inanıram ki, himnin mətninin müəllifi Cəmo bəy Cəbrayılbəylidir.
...Əhməd Cavad milli hökumətin bir nömrəli şairidir, ondan yuxarısı yoxdur. Kitablarımda da var, Əhməd Cavad müsavatın "patentli şairi" adlandırılırdı.
Mənim nə elmdən, nə də ədəbiyyatdan bir gözləntim yoxdur...Uzaqda olsam da Azərbaycanla hər an maraqlanıram. Zoruma gələn odur ki, plagiatlıq, başqasının haqqını mənimsəmək kimi hallar baş alıb gedir. Almaniyada nazirlərdən birinin doktorluq işində kiçik bir plagiat vardı, istefa verib işdən çıxdı. Azərbaycanda çoxu çoxundan köçürür, ya da özlərindən əvvəl yazanları görməzdən gəlirlər. Bu zarafat iş deyil. Himnimizin mətninin Əhməd Cavada aid olmadığını, Cəmo bəy Cəbrayılbəylinin olduğunu ilk dəfə mən üzə çıxarıb çap etdirmişəm, amma adım çəkilmir. Niyə? Cəmo bəyin ailəsi ilə illərlə dostluq etmişəm, qızı Sürəyya xanımın vəfatına qədər əlaqələrimiz olub. Cəmo bəyin ailəsi deyirdi ki, biz onu müdafiə edə bilmirik.
- Sözün düzü, Asif müəllimin kitabını tam oxumamışam. Kitabda sizə istinad varmı?
- İlk dəfə Cəmo bəy imzası ilə çıxan mətni mən üzə çıxarıb çap etmişəm. Aybəniz mətni “Milli şərqilər”dən çıxarıb çap etsin, siz də deyin, mətnin müəllifi Əhməd Cavad deyil...Bunu da sizə deyim, məndən sonra bu işə İlham Abbasov əmək verdi. O da bu barədə yazdı. Bu mətnin Cəmo bəy imzası ilə çap olunması hər şeyi həll edir...O vaxt Əhməd Cavadın oğlu Yılmaz Axundzadə dedi ki, bu, “Cavadov Əhməd Məmmədalı oğlu” deməkdir. Buna Əhməd Cavadın ehtiyacı yoxdur ki...Əhməd Cavadı türkçülüyünə, Turançılığına görə hər kəs sevir. O bizim ən böyük istiqlal şairimizdir. Buna görə də, himnin mətn müəllifi kimi onu qeyd etdilər.
- “Əhməd Cavad yaza bilər” ehtimalı ilə yanaşılıb məsələyə?
- Əbülfəz bəyin (Elçibəyi nəzərdə tutur-İ.S) vaxtında birdən-birə, tələsik bu iş baş verdi. Kimin ağzından eşidiblər, kim deyib, bilmirəm. Himnin mətninin müəllifi kimi Əhməd Cavadı yazdılar. Cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzetində oxumuşam ki, himnin mətni üçün müsabiqə elan edilib və bu şeiri seçiblər. Musiqisinin Üzeyir bəyə aid olduğu yazılsa da, mətnin müəllifinin kim olduğu yazılmayıb. Hər halda bunu bilməyiblər. 1919-cu ildə çıxan kitabda mətn Cəmo bəy imzası ilə gedib. Belə qənaətə gəldim ki, bu Cəmo bəy Cəbrayılbəyliyə aiddir. Həqiqət deyilən bir şey var. Dünyanın hər yerində həqiqət əsasdır. O vaxt müzakirədə dedim ki, mən araşdırmaçı kimi üzərimə düşən işi gördüm, mətni çap edib dedim ki, mətn Əhməd Cavadın deyil. Əhməd Cavad Cəmo bəy imzası ilə heç nə yazmaz.
Kitaba gəlincə, orda mənim və İlham Abbasovun adının heç yerdə keçməməsindən çox üzülürəm. Bunun ancaq bir adı var - başqasının haqqını mənimsəmək. Mən bu mətni ilk dəfə 2002-ci ildə yayınlamışam, bu da “2011-də” deyir. O mənimlə Ədəbiyyat İnstitutunda müzakirdə olub. Məni tanımır? Adımızın çəkilməməyindən narazı qaldım. İlham müəllim xəstə ola-ola özünü bu işə çox fəda etdi, bu məsələni araşdırdı. Vicdanım rahatdır. Birinci dəfə bunu mən yayımlamışam. Bakıda olanda başıma çox işlər gəlirdi, kitablarımdan başqaları köçürürdülər, çox narahat olurdum. Professor Hüseyn İsrafilovun bir sözü vardı, deyirdi ki, sən onlardan köçürməmisən ki, onlar səndən köçürüb, tarix var. Onun mənim və İlham Abbasovun adını çəkməməsindən çox narazı qalmışam. Bizim adımız mütləq qeyd edilməli idi.
Professor Aybəniz Kəngərlinin səsləndirdiyi fikirlərlə bağlı professor Asif Rüstəmlinin də mövqeyini dərc edə bilərik.
İradə SARIYEVA