Məşhur biznesmenə zərbələr dalbadal gəlir - bir kəlmə sözün qurbanlığı, ya qanunsuz biznesin bədəli...

Xəyal Bəşirov: "Düşünürəm ku, günahı sübut edilsə, əvvəllər məhkumluğunun olmaması, yaşı və digər yüngülləşdirici hallar nəzərə alınaraq, Şərurlu İsfəndiyara yüngül cəza veriləcək"
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Şikayətçi iş adamı Emil Səməndərovun vəkili Asim Abbasov məlumatı təsdiq edib. Vəkil deyib ki, İ.Axundov özü məhkəmə prosesinə gəlməyib. Hakim onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.
İsfəndiyar Axundovu "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri E.Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ.Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Bir neçə gün əvvəl isə tikinti maqnatının oğlu Şahin Axundov da həbs olunub. İsfəndiyar Axundova qarşı irəli sürülən ittaham da şübhəli görünur, çünki bu ittiham hazırda həbsdə olan şəxs tərəfindən irəli sürülub.
Biznesmen bir müddət əvvəl müsahibəsində demişdi ki, alimlər mənim qarşımda oynayır (rəqs edir - red. A.N.).
Eyni zamanda, İ.Axundovun tikinti fəaliyyətində də ciddi əyintilər müşahidə edilir. Onun şirkətinin bir mənzili bir neçə şəxsə satması da mediada qalmaqala səbəb oldu.
Ümumiyyətlə isə , məhkəmələrin, hüquq-mühafizə orqanlarının tam şəffaf və qərəzsiz işləməsi ölkəyə xarici kapitalın gəlməsi üçün çox vacibdir.
Demək olarmı ki, Şərurlu İsfəndiyər hansı səbəbdənsə vurulur?
Baki-xeber.com saytına açıqlamasında hüquqşunas Xəyal Bəşirov bildirdi ki, İ.Axundovun mediaya verdiyi bir necə müsahibə cəmiyyətin gündəmində hələ də qalmaqdadır: "Əlbəttə, qanunvericiliyə görə, haqqında məhkəmə hökmü olmayan şəxsi dələduz adlandırmaq olmaz, bu addımı atan adamın qanunla konkret cəzası var.
Azərbaycan qanunvericiliyinə görə, Cinayət Məcəlləsinin (CM) 147 (böhtan), 148 (təhqir), 165 (müəllif hüquqlar) və 166-cı (patent hüquqları) maddələri ilə xüsusi ittaham qaydasında iddia qaldırmaq mümkündür. Bu xüsusi ittiham böhtan və təhqir maddələri üzrə qaldırılıb. Qeyd edim ki, CM-nin 147-ci maddəsinin ikinci hissəsi ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atma zamanı tətbiq edilir. Bu maddəyə görə, təqsirləndirilən şəxs barəsində tətbiq edilə biləcək cəza 3 ilə qədər azadlıqdan məhrum etmədir. 148-ci maddəyə görə isə 1500 manata qədər cərimə və 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Artıq ittahamın icraata qəbul edildiyi və İ.Axindovun təqsirləndirilən səxs kimi tanındığı bildirilir. Əgər günahı sübuta yetirilərsə və tərəflər arasında barışıq olmayacaqsa, yuxarıda göstərilən cəzalardan biri tətbiq edilə bilər.
Başqa bir məqamı diqqətinizə çatdırım ki, həmin ittihamlarla bağlı prosesdə məhkəmə müşavirə otağına gedənə qədər tərəflər barışırlarsa işə xitam verilir.
Bütün bunlar Şərurlu İsfəndiyarın vurulması kimi qiymətləndirilə bilərmi sualına gəlincə, bu adam ölkədəki çoxsayli tikinti şirkətlərindən birinin rəhbəridir. Mən düşunmürəm ki, sıradan bir iş adamının vurulması üçün belə böyük bir proses başladılsın. İnandırıcı görünmur. İkincisi də, onu vurmaq istəsələr daha ağır ittihamla günahlandırırlar. Nəzərə alaq ki, hüquqi dövlətlərdə istənilən şəxs barəsində xüsusi ittaham qaydasında ittaham qaldırıla bilər. Bu, sıradan bir ittihamdir, İ.Axundov özü günahkardır, ifadələrində diqqətli olmalı idi. Müsahibəsində kimin hüquqlarına toxunubsa, bunun cəzasını çəkməlidir. İş adamları, ümumiyyətlə, hər sahədə peşəkarlardan istifadə etməlidir. Məsələn, mediaya müsahibəni qurumun mətbuat xidməti verməlidir və ya bu xidmətin müşaiyəti ilə müsahibə verilməlidir. Hüquqi prosedurlarda vəkil öndə olduğu kimi, mediaya müsahibədə peşəkar mətbuat xidməti öndə olmalıdır. Yoxsa bizdə biri iş adamına mikrofon tutan kimi nə gəldi danışır. Bu da sonda indiki kimi ciddi problemlərə gətirib çıxarır. İş adamları öz fəaliyyətlərində bütun sahələri peşəkarlara həvalə eləsələr daha yaxşı olar.
Konkret məsələyə gəldikdə, son qərarı məhkəmə verəcək.
Düşünürəm ki, günahı sübut edilsə, əvvəllər şəxsin məhkumluğunun olmaması, yaşı və digər yüngülləşdirici hallar nəzərə alınaraq, Şərurlu İsfəndiyara yüngül cəza veriləcək".
Dəniz NƏSİRLİ