Vətənə şöhrət olan Vüqar...

44 günlük haqq savaşımızda adını qəhrəmanlıq tariximizə yazan minlərlə qeyrətli Vətən övladından biri də 1988-ci il sentyabrın 28 də Göytəpə şəhərində anadan olan Vüqar İbadovdur. Şərəfli ölümü ilə Vətəninə, xalqına şöhrət olan Cəlilabadın qəhrəman oğlu heç zaman unudulmaz. Zəfər tariximizin müəllifi kimi keçdiyi 32 illik ömür yolu gələn nəsillər də örnək olacaqdır.
Vətən sevgisi ilə böyüyən Vüqar Sadiq oğlu 2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbini bitirəndə yaxşı əməllər sahibi olaraq el-obada hamı ona hörmət bəsləyib. Vüqar insanlara daha çox xeyir vermək məqsədilə Cəlilabad Peşə liseyini də yüksək səviyyədə başa vurub. Gözəl günlərə doğru üz tutsa da, qaldı ki, erməni faşistlərin Qarabağımızın işğali onu rahat buraxmır. 2006-cı ildə həqiqi hərbi xidmətə yola düşəndə deyib: - Erməni dığaların Vətən torpaqlarına ayaq basması bizə heç cür yaraşmır. Mənim əsas arzum döyüş meydanında yağıdan qisas almaqdır.
Vüqarın əsgərliyi cəbhə bölgəsində keçib. Nümunəvi xidməti onu əsgərlərə, zabitlərə sevdirib. Qarabağın taleyini düşünməklə hərbi təlimlərdə fəal olub, döyüş meydanında dığalara layiqli cavab vermək üçün mükəmməl təcrübə qazanıb. Həmçinin xidmət zamanı Vüqarın cəsurluğu, qorxmazlığı, yurdsevərliyi, torpaq canlı, vətənpərvər olması ürəkdən bəyənilib. Əsgərliyi üzüağ başa vursa da, yağıdan alacağı öcə görə həyatını orduya bağlayıb və məqamı gələndə düşmənlə sona qədər döyüşüb qisas alacağına and içib. Məqsədinə çatmaqdan ötrü hərbi qulluqçularının hazırlığı kursunu keçərək tankçı ixtisasına yiyələnib, döyüş üçün bir daha püxtələşib. Ən əsası haqq işimiz naminə canından-qanından keçməyə hazır olub.
Köksündə qəhrəman ürəyi döyünən Vüqar İbadov İkinci Qarabağ müharibəsinin ilk günündə ən qaynar nöqtələrdə döyüşə girib. Cəbrayıl-Füzuli-Qubadlı istiqamətlərində gedən ağır müharibə meydanında idarə etdiyi tankının qarşında düşmən heç cür duruş gətirə bilməyib və ciddi itki verməklə qaçmağa üz qoyub. Oktyabrın 9-da Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə sözün əsl mənasında dığalara qan qusdurub. Göstərdiyi hünər, düşmənə vurduğu zərbələr daha sarsıdıcı olub. Bu ölüm-dirim savaşında özü də ağır yaralanıb. Hospitalda müalicə alan qəhrəman Vətən sevdalısı oktyabrın 19-da əbədiyyət adlı dünyasına qovuşub. Nəsibi əzəmətli, müqəddəs şəhidlik zirvəsindən boylamaq səadəti olan Vüqar İbadov əlçatmaz, ünyetməz ulduzlu bir ömür qazanmaqla, həm də dövlət tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü