MD Fondu məscidlərə paylanan kitabları hansı prinsiplərlə seçir?

Vahid Quluzadə: "Hesab edirəm ki, buna dövlət qurumları nəzarət etməli və kitabların heç olmasa adlı siyahısı cəmiyyətə açıqlanmalıdır"
Mənəvi Dəyərlər Fondu həyata keçirəcəyi layihə çərçivəsində 172 məscidə 16 mindən çox kitab hədiyyə edəcək. "Məscid kitabxanası" yaradacaqlar. İdeya çox gözəl, məqsəd isə çox humanistdir. Azərbaycan cəmiyyəti artıq çoxdan kitabla vidalaşib. Lakin onu kitabla görüşdurmək, dostlaşdırmaq çox vacibdir.
Bu baxımdan belə layihələrin əhəmiyyətini danmaq olmaz. Amma bəlli deyil ki, hədiyyə edilən kitablar hansı kriteriyalarla seçiləcək, məscidə hansı kitablar veriləcək.
Fikrimizcə, hədiyyə edilən kitablar elə kriteriyalarla seçilməlidur ki, cəmiyyətə "mənəvi qida" verə bilsin. Yoxsa bu işi icra edənlər məsələdən sui-istifadə edərək, nəşriyyatla əlaqəyə girib, heç bir əhəmiyyətə malik olmayan kitabları ucuz qiymətə çap edib, məscidlərə paylaya bilərlər. Bunun da cəmiyyət və dindarlar üçün heç bir faydası olmaz. Bu cür humanist layihələri digər üsullarla da sbotaj etmək mümkündür.
Belə bir təcrübə var - Bilik Fondu artıq bir necə ildir məscidlərə kitablar hədiyyə edir, orada kitabxanalar yaradır. Bunu da dəyərləndirməyə ciddi ehtiyac var.
Məsələn, biz Bilik Fondunun həyata keçirdiyi layihə çərçivəsində mediaya verilən açıqlamaları, yayılan informasiyaları Google-da taparaq onların məzmunu ilə tanış olduq. Heç bir informasiyada məscidlərə hədiyyə edilən kitabların adı və sayı barədə heç bir məlumat verilmir. Artıq bu özü layihənin icrasında şübhə doğurur. Bu informasiya cəmiyyət üçündürsə, onun cəmiyyət üçün faydası nədən ibarətdir? İnformasiya Bilik Fondunun piar kampaniyasından başqa bir şey deyil. Cəmiyyət bildi ki, Bilik Fondu belə bir xeyirxah (?) layihə həyata keçirib. Amma cəmiyyət onu da bilməli idi ki, Fond filan məscidə hansi kitabdan nə qədər hədiyyə edib. Kitabın adının və sayının qeyd edilməsi artıq cəmiyyət üçün faydali tərəfdir. Sıravi vətəndaşlardan kimi bu kitablardan biri maraqlandırırsa, bu onun işinə yarayacaq. Cəmiyyətin peşəkar qismi isə belə sanballi informasiyadan müəyyən edə biləcək ki, bu layihə həqiqətən həyata keçirilib, "pul silmə" qəzasına uğramayıb.
Mənəvi Dəyərlar Fondunun məscidlərə bağışlanan kitabları hansı prinsiplərlə seçəcəyi hazırda heç kimə bəlli deyil. Bu açıqlanmalıdır və prosesə ciddi dövlət nəzarəti olmalıdır.
İlahiyatçi Vahid Quluzadə baki-xeber.com-a bildirdi ki, məscidlərdə kitabxanalar görüb: "Həmin kitabxanalarda əsasən dini, qismən isə dini-tarixi kitablar yer alır. Amma məscidlərdəki kitabxanalara hansısa fondun kitab bağışladığının şahidi olmamışam. Bəlkə də bağışlayıblar, mənim xəbərim olmayıb.
O ki qaldı məscidlərə bağışlanan kitabların mahiyyətinə, burada əhəmiyyətsiz kitablarla layihə rəhbərlərinin vəziyyətdən sui-istifadə edərək qazanc əldə etmələri bir yana, məscidlərə təxribatçı kitablar gətirib, icmalar arasında qarşıdurma da yarada bilərlər. Bunu qəsdən də, bilmədən də edə bilərlər. Amma hadisə baş verəndən sonra artıq bunun cəmiyyət üçün o qədər də əhəmiyyəti olmayacaq.
Din həssas məsələdir, bu baxımdan da məsçidə hansı kitabın bağışlanması çox əhəmiyyətlidir. Hesab edirəm ki, buna dövlət qurumları nəzarət etməli və kitabların heç olmasa adlı siyahısı cəmiyyətə açıqlanmalıdır.
Bundan əlavə, kitabın məscidə hansı fond tərəfindən və hansı layihə çərçivəsində hədiyyə edildiyi də mütləq kitabin birinci səhifəsindəki avtoqraf yerinə yazılmalıdır.
Amma məscidlərə vətəndaşlar tərəfindən dini kitabların bağışlanmasının şahidi olmuşam. Onlar əsasən "Quran", hədislərin yer aldığı və başqa kitablar bağışlayırlar".
Akif NƏSİRLİ