Onlayn kazino-qumar oyunlarının qanunsuz reklamı qızışır, "tanınmışlar" xüsusi fəallaşıblar...

Əliməmməd Nuriyev: “Mərc oyunlarının virtual şəbəkə üzərindən həyata keçirilməsi yolverilməzdir”
Son zamanlar, xüsusən "instagram" və "tiktok" sosial şəbəkələrində qanunsuz şans oyunlarının reklamlarına rast gəlinir. Bu cür qanunsuz şans oyunlarını reklam edən məşhurlar bunun təbliğatını aparır.
Qeyd edək ki, qanunsuz şans oyunlarının reklamı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na da daxil edilib. Qanunsuz şans oyunlarının reklamına görə qanunvericiliklə cəza da müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsində qeyd edilir ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Buna baxmayaraq, günü bu gün də sosial şəbəkə platformalarında qanunsuz mərc oyunlarının reklamı aparılır.
“Bu kimi fəaliyyətlə məşğul olanlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə məsuliyyətə cəlb oluna bilərlər”
Hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, virtual dələduzluq halları yolverilməzdir: “Qumar oyunu ölkədə qadağa olunub. Mərc oyunlarının virtual şəbəkə üzərindən həyata keçirilməsi yolverilməzdir. Həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bu cür oyunlar virtual şəbəkə üzərindən həyata keçirilməyə başlayıb. Sırf toplumu cəlb etmək üçün cəlbedici adlardan istifadə edirlər. Vətəndaşlarımız da aldanıb, qurbana çevrilirlər. Vətəndaşlar diqqətli olmalıdırlar. İnsanlar bu oyunlarla varlanacaqlarını güman edirlər. Bu, fantastikadır. Heç kəs bir gecədə varlana bilməz. Dələduzlar insanların hisslərindən sui-istifadə edirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu kimi fəaliyyətlə məşğul olanlar uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə məsuliyyətə cəlb oluna bilərlər: “Virtual dələduzluq edən şəxslər barəsində cinayət işi açılır. Dələduzları, həmçinin, yüksək məbləğdə cərimə də gözləyir. Tora düşüb virtual qumar oyununda iştirak edən şəxslər də məsuliyyətə cəlb olunmalıdırlar, çünki hüquqa zidd olan əməldir”.
Günel CƏLİLOVA