Cəlilabadın şəhid oğlu Rəvan Məmmədov...

Rəvan İntiqam oğlu Məmmədovun qəlbində Vətəninə, doğma torpağına ilahi bir sevgi var idi. 44 günlük haqq savaşımızda elə onu bu sevgi müqəddəs şəhidlik zirvəsinə ucaldıb.
Odur ki, 1998-ci il fevralın 17-də Cəlilabad rayonunun Novruzallı kəndində dünyaya göz açan Vətən sevdalısının qısa, olduqca şərəfli ömür yolu örnək kimi əbədi yaddaşlara köçüb. Hər dəfə qəhrəman Rəvanın adı çəkiləndə bütün Azərbaycan xalqı qürur hissi keçirdir.
Canında, qanında Vətən sevgisi, hədsiz yurd məhəbbəti olan Rəvan Məmmədov orta məktəbdən sonra cəbhə bölgəsində ordu sıralarında əsgərlik borcunu mərdliklə, ləyaqətlə yerinə yetirib. Nümunəvi xidməti, doğma Azərbaycana sonsuz sevgisi, dosta sədaqəti ona yalnız hörmət qazandırıb. Hərbi təlimlər zamanı bütün çətinlikləri uğurla başa vurması düşmənə əsir düşən Qarabağımızın azadlığı naminə olub. Hərbi hissədə inamlı çıxışları ilə əsgər yoldaşlarını düşməndən qisas almağa ruhlandırıb. Əsgərlik müddəti başa çatanda artıq Rəvan bacarıqlı, səriştəli bir döyüşçü kimi yetişib. Sinəsini Vətənə sipər edib erməni dığaların layiqli cavabını verməyə özündə tükənməz qüvvə hiss edib.
44 günlük haqq savaşımızın ilk günündə Rəvan Məmmədov odlu səngərdə yağıya qarşı cəngavər tək döyüşə girib. Ağır itki qarşısında qalan erməni hərbiçiləri geri çəkilməyə, sonra da qaçmağa başlayıb. Beləcə Vətən sevgisi, erməni quldurlardan intiqam almaq hissi Rəvanı yalnız qələbəyə doğru aparıb. Ardınca neçə-neçə uğurlu əməliyyatlarda yaxından iştirak edib və zəfərlə çıxıb. Ən çox Füzuli istiqamətində gedən hərbi əməliyyatda şəxsi şücaətlər göstərib və hərbçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib. Bu həm də Rəvanın son döyüşü olub. Oktyabrın 10-da ölüm-dirim müharibə meydanında düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olaraq adını qəhrəmanlıq tariximizə yazıb. Yaddaşlarda yurd-yuva quran Rəvan İntiqam oğlu Məmmədov həm də dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
İndi hər bir cəlilabadlı şərəfli ömür sahibi Rəvan Məmmədovu özünə iftixar mənbəyi, qürur yeri bilir. Onun doğma kəndi Novruzallıda yatdığı torpağı isə müqəddəs yer sayırlar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü