TƏBİB 51 nəfəri zəhərləmiş restoranın adını çəkmədi...

Məlum olduğu kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub. Hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb. İaşə obyektində 51 nəfər zəhərlənib.
Zəhərlənən şəxslərin vəziyyəti ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) davamlı olaraq məlumat yayıb. Maraqlı məqam ondan ibarətdir ki, TƏBİB açıqladığı məlumatlarda zəhərlənmənin qeydə alındığı şadlıq evinin adını açıqlamayıb. Bu isə bir sıra suallara səbəb olur ki, 51 nəfərin zəhərləndiyi restoranın adını niyə gizlədir, yoxsa himayə edir?
Ilqar Hüseynli: “Kütləvi zəhərlənmədən söhbət gedirsə, mütləq şəkildə həmin şadlıq evinin adı açıqlanmalıdır”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kütləvi zəhərlənmənin baş verməsində əsas məsul qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. AQTA məlum hadisə ilə bağlı məlumat,informasiya yaymalı və vaxtaşırı iaşə obyektlərində qidaların keyfiyyəti ilə monitorinq həyata keçirməlidir: ““Venesiya” şadlıq evində zəhərlənmə faktı təsdiqlənibsə, bununla bağlı geniş miqyaslı istintaq-təhqiqat işi aparılmalıdır. Bu hadisə ilə bağlı ölkə ictimaiyyətinə geniş, ətraflı məlumat verilməlidir. Danılmaz faktdır ki, TƏBİB xəstələrin məxfiliyini qorumaq səlahiyyətinə sahibdir. Ancaq kütləvi zəhərlənmədən söhbət gedirsə, mütləq şəkildə həmin şadlıq evinin açıqlanmalıdır. Açıqlamasa belə hadisənin hansı şadlıq evində baş verdiyi hər kəsə bəllidir”.
Eyyub Hüseynov: “Yalançı ekspertizaya son qoyulmalıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkədə müstəqil ekspertiza yaranmalıdır, onun rəyi məhkəmələrdə tanınmalıdır. Amma, belə bir şey yoxdur: “Ölkədə ekspertiza adlı xidmət yarıtmaz vəziyyətdədir. Yalançı ekspertizaya son qoyulmalıdır. Statistikanın gizlədilməsi, zəhərlənmələrin qeydiyyata alınmaması ölkədə anormal vəziyyət yaradır. AQTA-nın rəsmi saytında zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Guya bizdə zəhərlənmələr dünya ölkələrindən, hətta Avropa dövlətlərindən 1400 dəfə azdır. Bu, doğru statistika deyil”.
Leyla QARAXANLI