Mənzillərdən oğurlanan su sayğaclarının "özəl sirri var"...

Elxan Əliyev: “Cinayəti törədən şəxslər oğurladıqları sayğacı sökür, sındırır, içərisindəki əlvan metalı qəbul məntəqələrinə satırlar”
Bakı, Sumqayıt və ətraf ərazilərdə zaman-zaman su sayğaclarının oğurlanması xəbərinin şahidi oluruq. Bu günlərdə Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, su sayğaclarını oğurlayan şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb.
Maraqlıdır, su sayğacları oğruların nəyinə lazımdır?
“Sayğacın özünü satmaq, hər hansı məqsədlə istifadə etmək mümkün deyil, su sayğacları nömrələnib, “Azərsu”da qeydiyyatdan keçirilib”
Sosial ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sayğacların oğurlanmasının məqsədi onun içərisindəki əlvan metalları satmaqdır: “Cinayəti törədən şəxslər oğurladıqları sayğacı sökür, sındırır, içərisindəki əlvan metalı qəbul məntəqələrinə satırlar. Amma sayğacın özünü satmaq, hər hansı məqsədlə istifadə etmək mümkün deyil. Su sayğacları nömrələnib, “Azərsu”da qeydiyyatdan keçirilib. Bir sakinin evindən sayğacını oğurlayıb, başqasına satanda, evində quraşdıranda sistemə məlumat gəlir. Ona görə, oğurlanan sayğaclar ancaq içərisindəki materiallarla işə yarayır. Ümumiyyətlə, oğru başa düşmür ki, sayğaclar hamısı nömrə ilədir. Sata bilməz, tam şəkidə metalloma verə bilməz. Özü işlədə bilməz. Çünki o kompüterdə oturub, o saat tapacaqlar ki, bu kimdədir. Sayğacların içində isə elə də bahalı heç bir şey yoxdur. Dişli çarxlardır və bir də dəmir qəfəsdi.O da heç bir kilo deyil. Ondan heç nə əldə etmək, qazanmaq olmaz. Onu da deyim ki, bu kimi hal adətən həyət evlərində qeydə alınır, bəzi fərdi evlərdə sayğac həyətdə quraşdırılır. Həmçinin, sayğacın oğurlanması faktına adətən yaşayış olmayan evlərdə daha çox rast gəlinir. Dediyim kimi su sayğacı elə bir qurulub ki, onu oğurlayan şəxs nə özü istifadə edə bilər, nə də başqasına verə bilər. Çünki sayğaclar istifadəçinin adına kodlaşdırılıb”.
Günel CƏLİLOVA