Adı 42 nəfərlik siyahıda olmayan plastik cərrahlar hansı hallarda cəzalandırılacaqlar?..

Analitik Ekspertiza Mərkəzi: “Kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır”
Məlum olduğu kimi, Azərbaycanda plastik cərrah kimi fəaliyyət göstərmək istəyən onlarla həkimin arzusuna “yox” cavabı verilib. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən verilən icazələrin siyahısı ortalığı qarışdırıb.
Məlum olub ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-si fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın çox, ya az tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb.
Qeyd edək ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb.
Maraqlıdır, siyahıda adı olmayan həkimlərin plastik əməliyyat aparmasının qarşısı hansı mexanizmlərlə alınacaq?
“Siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və inzibati məsuliyyətə səbəb olur”
Analitik Ekspertiza Mərkəzindən (AEM) “Bakı-Xəbər”ə bildirildi ki, siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və inzibati məsuliyyətə səbəb olur. Belə hallarda həm həkim, həm də fəaliyyət göstərdiyi tibb müəssisəsi cərimələnə bilər: “Kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir. Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə, 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı, o cümlədən reseptsiz antibiotik satışı hallarına rast gəldikdə AEM-in "bir pəncərə" sistemi, (012) 596-05-20 nömrəli qaynar xətti, aem@pharma.az mail ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".
Günel CƏLİLOVA