Səhiyyə Nazirliyinin yoxlamasından xəbər yoxdur, kosmetoloqlar isə "öz işlərindədir"...

Adil Qeybulla: “Kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilər”
Azərbaycanda kosmetoloji prosedurlara tələbat artdıqca, bu xidməti göstərən "kosmetoloqlar" və estetik mərkəzlərin sayı da artır. Bu vəziyyət qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayının artmasına səbəb olur. Rəsmi statistikaya görə, ölkəmizdə son 5 ildə kosmetoloji prosedurlardan ziyan çəkənlərin sayı kifayət qədər çoxdur.
Qanunvericiliyə əsasən, kosmetoloji sahədə özəl tibbi xidmətlərin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq olunmuş "Özəl tibbi fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahisi"nda "kosmetoloji" tibbi xidmətlərin göstərilməsi tibbin bir sahəsi kimi qeyd edilib. Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlərin korreksiyasına və profilaktikasına yönəldilmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurlar nəzərdə tutulur. Qeyd edək ki, tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla, konservativ və korreksion üsullar daxildir. Qeyd etdiyimiz kimi, qanunvericiliyə əsasən kosmetoloqlar lisenziya əsasında fəaliyyət göstərməlidir. Ancaq lisenziyasız fəaliyyət göstərən kosmetoloqlar da az deyil və onlardan şikayətlər çoxalıb. Qeyd edək ki, bu yaxınlarda lisenziyasız kosmetoloqlarla da bağlı araşdırma aparıldı. Buna baxmayaraq, hələ də qeyd edilən sahədə problemlər yaşanır.
“Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər, lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir"
Tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kosmetoloqlar və estetik cərrahlar fərqli ixtisas sahələrinə malik həkimlərdir. Estetik cərrahlar narkoz altında geniş cərrahi əməliyyatlar aparan mütəxəssislərdir. Kosmetoloqlar isə yerli keyləşmə ilə dərialtı müxtəlif maddələrin yeridilməsi, pilinq, qırışların aradan qaldırılması, dərinin cavanlaşdırılması kimi prosedurlar həyata keçirirlər. Bu iki sahə arasında ciddi fərqlər mövcuddur: “Kosmetoloqların fəaliyyət göstərməsi üçün mütləq şəkildə lisenziyaları olmalıdır. Bu isə yalnız baza tibbi təhsili aldıqdan sonra müvafiq sahə üzrə rezidentura keçməklə mümkündür. Beləliklə, onların hüquqi fəaliyyət əsasları formalaşır. Lakin həkimin hüquqi bazası olsa belə, fəaliyyəti ilə bağlı hər hansı şikayət yarandıqda məsələ dərhal hüquq-mühafizə orqanları yox, əvvəlcə müvafiq komissiya tərəfindən araşdırılmalıdır. Komissiya müəyyən etməlidir ki, burada həkim səhvi varmı, yoxmu. Yalnız bundan sonra məsələyə hüquqi qiymət verilə bilər. Bəzən pasiyentlərin və xəstələrin gözləntiləri reallıqdan uzaq olur. Məsələn, müəyyən yaşda olan bir şəxs bir prosedura ilə tam dəyişiklik gözləyə bilər. Buna görə də həkimlər, xüsusilə kosmetoloqlar əvvəlcədən pasiyentə prosedurun nəticələrini, mərhələlərini və real gözləntiləri aydın şəkildə izah etməlidirlər. Ümumiyyətə, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz. Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir".
Günel CƏLİLOVA