Penitensiar sistemdə bir struktur ləğv edilir…

Əliməmməd Nuriyev: “Ləğv edilən qərarlar texniki mahiyyət daşıyır, qurum yenə öz fəaliyyətini davam etdirəcək”
Məlum olduğu kimi, Nazirlər Kabineti “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qərarı ləğv edib.
Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” qərarı da ləğv edilib.
Maraqlıdır, bu qərarlar əvvəl nə kimi mahiyyət daşıyırdı?
“Cəzadan azad olunan şəxslər həmin mərkəz sayəsində qısa müddətdə cəmiyyətə adaptasiya olunur”
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ləğv edilən qərarlar texniki mahiyyət daşıyır, qurum yenə öz fəaliyyətini davam etdirəcək: “Belə ki, səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində olan quruma verilib. Həmin səlahiyyətlərin dairəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənzimlədiyi üçün o qərar ləğv edilib, yəni bu qərar sırf texniki məqsəd daşıyır. Məlumdur ki, mərkəz cəza çəkməkdən azad olunmuş şəxslərə pulsuz hüquqi, psixoloji və tibbi yardım göstərir. Mərkəzdə belə şəxslərin məşğulluq problemlərinin həllinə kömək məqsədilə müvafiq işlər də görülür. Cəzadan azad olunan bəxslər həmin mərkəz sayəsində qısa müddətdə cəmiyyətə adaptasiya olunur. O da bəllidir ki, mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması məqsədinə xidmət edir. Bu məqsədlə mərkəz dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin şəxslərin hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi istiqamətində müvafiq işləri görür”.
Günel CƏLİLOVA