Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Sabəddin oğlu Hüseynovun nəşinin qalıqları paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Ədliyyə və Daxili İşlər nazirliklərinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.
Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.
ZÜMRÜD