Fənn olimpiadasında buraxılmış səhvlər aləmi qarışdırıb...

Rizvan Fikrətoğlu: “Respublika fənn olimpiadasına qeyri-ciddi yanaşmaq, səriştəsizlik nümayiş etdirmək qəbuledilməzdir”
İstedadlı gənclərin aşkarlanmasında fənn olimpiadaları böyük rol oynayır. Fənn olimpiadası qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilər. Bu da fənn olimpiadalarına maraq yaradır. Ancaq 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında xoşagəlməz hal yaşanıb.
Belə ki, respublika fənn olimpiadalarının yarımfinal mərhələsində səhvlərə yol verilib. Qeyd edilən fənn olimpiadasında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-nun səhv olduğunu iddia edilir. Bu da təhsil ictimaiyyətində narazılıqlara səbəb olub. Təhsil İnstitutu isə etiraf edərək bildirib ki, sözügedən yarışmada 9 yox, 4 səhv olub.
Bəs respublika əhəmiyyətli olimpiadalarda niyə belə səhvlərə yol verilir?
“Respublika fənn olimpiadasında 4 və ya 9 sualın səhv olması o deməkdir ki, bu olimpiada uğursuzdur”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, respublika fənn olimpiadaları Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan daha ciddi və əhəmiyyətlidir: “Təəssüflər olsun ki, son vaxtlar Təhsil İnstitutu ilə bağlı cəmiyyətdə negativ xəbərlər yayılır. Olimpiadada sualların səhv olmasına sıradan yanaşılmamalıdır. Həmin sualları tərtib edən cəzalandırılmalı, texniki məsələlər, ümumiyyətlə həmin sualların hazırlanmasında iştirak edən hər bir şəxs ciddi cəzalandırılmalıdır ki, bu təkrar olmasın. Respublika fənn olimpiadasına qeyri-ciddi yanaşmaq, səriştəsizlik nümayiş etdirmək qəbuledilməzdir. Bir sualda texniki səhv ola bilər, ancaq 9 sualda yox. Bu bağışlanmazdır, kobud səhv kimi dəyərləndirilməlidir. Bununla bağlı Elm və Təhsil Nazirliyi ictimaiyyətdən üzr istəməlidir, əlaqəli şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Sualların hazırlanmasında rolu olan xüsusi bir qrup var, o qrup tam şəkildə dəyişməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, səhv suallara görə uşaqlar nə qədər vaxt itirib, stress keçiriblər: “Respublika fənn olimpiadasında 4 və ya 9 sualın səhv olması o deməkdir ki, bu olimpiada uğursuzdur, nəticəsindən asılı olmayaraq”.
Günel CƏLİLOVA