Yağış qurbanlarına kompensasiya hansı şərtlərlə ödənəcək?..

Niyazi Əliyev: “Ekoloji təbii fəlakət olanda dövlət vətəndaşın yanında olur və ona lazımi dəstəyi göstərir”
Son günlər yağan güclü yağışlar paytaxtda və regionlarda ciddi problemlər yaratdı. Bakının bir çox ərazilərində vətəndaşların evlərini su basdı. Həyati təhlükə ilə üzləşən sakinlər də oldu ki, müvafiq qurumların müdaxiləsi ilə onlar xilas edildi.
Nəqliyyat sisteminin iflic vəziyyətinə düşməsi isə paytaxt sakinlərinin uzun zaman yollarda qalması ilə nəticələndi. Bakının bir çox qəsəbə və küçələrində kanalizasiya sisteminin olmaması və zəif işləməsi yol təsərrüfatına ciddi ziyan vurdu. Eyni hal bölgələrdə də müşahidə olundu. Yağış və sel səbəbindən bölgələrdə bir çox sayda ev də tamamilə yararsız vəziyyətə düşüb. Maraqlıdır, bu halda yağışın vurduğu zərər kompensasiya ediləcəkmi? Onlar sığortadan pul ala biləcək?
“Zərər görən evlərin əksəriyyətinin çıxarışı olmadığından, sığortalanması da mümkün deyil”
Sığorta eksperti Niyazi Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, yağışla əlaqədar vətəndaşlara dəyən zərərin başlıca səbəbi kanalizasiya sisteminin bərbad halda olması ilə bağlıdır: “Yağışla bağlı problemlər ən çox həyət evlərində özünü göstərdi. Bu tipli evlərin yerləşdiyi məhəllələr plansız şəkildə inşa olunub və bir çoxunda kanalizasiya sistemi mövcud deyil. Hətta evlərin əksəriyyətində kanalizasiya suları özbaşına inşa olunan və “şambo” deyilən quyulara axıdılır. Belə olduqda adi yağışlarda belə torpaq suyu çəkə bilmir və bu cür fəsadlar yaranır. Paytaxt ərazisində yeni kanalizasiya kollektorlarının yoxluğu evlərə ciddi fəsad yaratdı. Bu isə həm vətəndaşa, həm də dövlətin özünə zərər yetirən amildir. Təbii ki, belə evlərin əksəriyyətinin çıxarışı olmadığından sığortalanması da mümkün deyil. Ekoloji hadisələr zamanı müəyyən fəsadlar olacaq. Ekoloji təbii fəlakət olanda dövlət vətəndaşın yanında olur və ona lazımi dəstəyi göstərir. Ancaq bu hər zaman baş vermir. Vətəndaş bilməlidir ki, öz əmlakını təbii fəlakətdən qorumaq üçün müxtəlif sığorta məhsulları var və bu məhsulları almaqla hər bir vətəndaş öz əmlakını baş verə biləcək təbii fəlakətlərin nəticələrindən qoruya bilər".
Günel CƏLİLOVA