Azərbaycanda bahalı avtomobillərin bu qədər çoxalması nədən xəbər verir - 2 milyona avtomobil olar?..

Açıqlanan statistik rəqəmlərə əsasən, keçən il Azərbaycanda ultra-lüks avtomobil markalarına maraq artıb. Artım əsasən məşhur britaniya markası “Rolls-Royce”un statistikasında özünü göstərir. 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ildə “Rolls-Royce” avtomobillərinin sayı 12.10% artıb.
Belə ki, ötən il 66 belə avtomobil qeydiyyatdan keçmişdisə, 2024-cü ilin sonuna bu rəqəm artıq 74-ə çatıb. Onu da bildirək ki, Azərbaycan bazarında bu avtomobillər əksər hallarda 400 min ABŞ dollarından baha satılır. Məsələn, bu avtomobilin son markalarından olan “Rolls-Royce Ghost” hazırda rəsmi diler tərəfindən $700 000 və ya 1.19 mln. manata qədər qiymətlə satılır.
Maraqlıdır, Azərbaycanda bu qədər bahalı avtomobillərin sayca çoxalmasının səbəbi nədir, bu normal prosesdir?
Fərid Həşimov: “Bahalı maşın markaları ölkədə varlı və ultra zəngin ailələrin sayını göstərir”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir: “Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq. Bahalı maşınlar ölkəyə sifarişlə gətirilir. Bahalı maşın markaları ölkədə varlı və ultra zəngin ailələrin sayını göstərir”.
Natiq Cəfərli: “Son illər ölkəmizdə bahalı avtomobillərə tələbat artıb”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər bahalı maşınlara maraq artıb. Azərbaycanda 2024-cü ilə 1 mln. 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır: “Ölkədə ən çox 20 242 ədəd “Mersedes” markalı maşın var. Son 1 ildə, yəni 2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Changan” 1 ilə 4086 ədəd, “BYD” 1 ilə 3072 ədəd artıb. Amma “sovet-Rusiya” istehsallı avtomobillərin tamamının sayı 296 261 ədəddir. Bahalı avtomobillərdən sayılan “Rolls-Royce” 2023-cü ildə 66 ədəd qeydiyyatda idi, 2024-cü ildə sayı 74-ə çatıb. “8 yeni “Rolls-Royce” satılıb. Onu da deyim ki, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır. “Rolls-Royce”-dən başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Jaguar”, 15 ədəd “Bentley” və s. Maraqlı məqam ondan ibarətdir ki, ölkədə 1 nəfər də olsun rəsmi milyonçu yoxdursa, büdcəyə ən çox vergi verən insanları tanımırıqsa, bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini, və ya 500 minə qədər qiyməti olan “Bentley”-i kim(lər) alır?”.
Günel CƏLİLOVA