Peşə təhsilini bütünlüklə ödənişsiz etmək olmaz? - Heç olmasa müəyyən dövr üçün...

Kamran Əsədov: “Hüquqi çərçivə bu sahənin dövlət tərəfindən maliyyələşdirilməsini və sosial bərabərliyin qorunmasını tələb edir”
Azərbaycanda peşə təhsilinin inkişafı ən vacib məsələlərdən biri kimi diqqətdə olmalıdır. Amma bəzən eşidirik ki, ölkədə peşə təhsili ödənişlidir.
Vacib bir sahə olan peşə təhsili niyə pullu olsun ki? Bəzi məlumatlara görə, ölkədə peşə təhsili ən bərbad sahələrdən biridir. Təbii ki, bu düzəlməlidir.
Eyni zamanda, ölkədə əgər ali təhsillilərə iş tapılmırsa peşə təhsilləri həvəsləndirmək lazımdır ki, peşə təhsilinə gedənlərin sayı çox olsun, ölkədə onların hesabına heç olmasa məşğul əhalinin sayı artsın. Çünki ali təhsillilərə iş tapmaq mümkün deyil, ali təhsillilər gedib peşə ixtisası tələb edən sahələrdə işləyə bilmirlər. Belədə peşə ixtisasının ardınca gedənlərin sayını artırmaq üçün onu pulsuz, dövlət hesabına etməyə ekspertlər necə baxır?
“Peşə təhsilini pullu etmək əvəzinə, bu sahənin tamamilə dövlət tərəfindən dəstəklənməsi zəruridir”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə “Azərbaycanda peşə təhsili sistemi uzun illərdir ciddi struktur və məzmun problemləri ilə üz-üzədir. Rəsmi statistikaya əsasən, ölkədə fəaliyyət göstərən 100-dən artıq peşə təhsili müəssisəsində təhsil alanların sayı 2024-cü ildə cəmi 25 min nəfər olub. Bu isə ölkənin orta ixtisas və ali təhsillə müqayisədə çox aşağı göstəricisidir. Halbuki, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün prioritet sahələrdə - sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sektorlarında sırf texniki və praktiki bacarıqlı kadrlara ehtiyac artmaqdadır. Belə bir şəraitdə peşə təhsilinin pullu əsaslarla təşkili bu sahəyə olan marağı daha da zəiflədəcək və strateji kadr çatışmazlığını dərinləşdirəcək”-deyə bildirdi.
K.Əsədov bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilə dair məlumatlarına görə, ali təhsilli şəxslər arasında işsizlik səviyyəsi peşə təhsilli şəxslərlə müqayisədə daha yüksəkdir. “Bu tendensiya ali təhsilin artıq iş tapmaq üçün yetərli olmadığını göstərir. Belə halda dövlət məntiqi olaraq peşə təhsilinə keçidi stimullaşdırmalı, bu istiqamətdə sosial təşviq alətləri tətbiq etməlidir. Bunun əksinə olaraq peşə təhsilini pullu etmək təhsilin əlçatanlığını məhdudlaşdıracaq, xüsusilə də aztəminatlı ailələrin övladlarını bu təhsil formasından uzaqlaşdıracaq.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 5.3-cü maddəsində göstərilir ki, təhsilin hər pilləsində bərabər imkanlar təmin edilməlidir. Eyni qanunun 6.1.4-cü maddəsində dövlət təhsil müəssisələrində təhsil almaq hüququnun təmin olunması dövlətin əsas vəzifələrindən biri kimi göstərilir. Əgər bu sahə pullu olarsa, bu, Konstitusiyanın 42-ci maddəsində göstərilən təhsilin əlçatanlığı prinsipinə də zidd olacaq. Hüquqi çərçivə bu sahənin dövlət tərəfindən maliyyələşdirilməsini və sosial bərabərliyin qorunmasını tələb edir”.
K.Əsədov qeyd etdi ki, beynəlxalq təcrübəyə baxdıqda, Almaniyada peşə təhsili tamamilə dövlətin maliyyə dəstəyi ilə həyata keçirilir. Mütəxəsissin sözlərinə görə, “Dual system” adlandırılan modeldə tələbə eyni anda həm müəssisədə praktiki təlim keçir, həm də dövlət hesabına təhsil alır. “İsveçrədə peşə təhsilinə gedən tələbələrin 70 faizindən çoxu dövlət tərəfindən maliyyələşdirilir və onlara təcrübə dövründə aylıq maaş verilir. Cənubi Koreya, Finlandiya, Estoniya kimi ölkələrdə də bu sahənin inkişafı birbaşa dövlətin sosial-iqtisadi strategiyasının tərkib hissəsidir və bu ölkələrdə peşə təhsili prestijli karyera yolu kimi qəbul olunur.
Azərbaycanda isə bu sahə hələ də “ikinci dərəcəli təhsil” kimi qəbul olunur. Bunun əsas səbəblərindən biri də peşə təhsili alanların əmək bazarında zəmanətli yer tutmamasıdır. Bu sistemin cazibəsini artırmaq üçün ilk növbədə peşə təhsilinə gedən şəxslərə dövlət təminatlı iş yeri və ya startap təşəbbüsləri üçün subsidiyalar və vergi güzəştləri təqdim olunmalıdır. Bundan əlavə, təhsil dövründə müəyyən məbləğdə təqaüdlərin verilməsi ilə bu sahə sosial baxımdan daha da cəlbedici hala gətirilə bilər.
Hazırda ölkədə bir çox ixtisaslarda - elektrik montyoru, qaynaqçı, avtomobil təmiri, aşpazlıq, toxuculuq və kənd təsərrüfatı texnikası üzrə peşəkar kadrlara ehtiyac var. Bu ehtiyac Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi vakansiyalar siyahısında da aydın görünür. Lakin bu sahədə kadr hazırlığı zəif olduğu üçün həmin vakansiyalar ya uzun müddət boş qalır, ya da qeyri-ixtisaslı şəxslərlə doldurulur ki, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Əgər peşə təhsili pulsuz və dövlət təminatlı şəkildə təşkil olunsa, bir neçə il ərzində əmək bazarındakı balans dəyişə bilər. Əvvəla, işsizliyin səviyyəsi azalacaq, çünki peşə sahibləri daha tez işə düzəlmək imkanına sahibdir. İkincisi, ali təhsilin süni şəkildə şişməsi və diplomlu, lakin bacarıqsız kadrların artması azalacaq. Üçüncüsü, regionlarda peşə təhsili infrastrukturu inkişaf etdirilərsə, bu, həm də urbanizasiyanın qarşısını alar və kənd yerlərində məşğulluğu artıra bilər.
Nəticə olaraq, peşə təhsilini pullu etmək əvəzinə, bu sahənin tamamilə dövlət tərəfindən dəstəklənməsi zəruridir. Bu, həm hüquqi baxımdan konstitusion öhdəlikdir, həm də iqtisadi cəhətdən rasional qərardır. Bu istiqamətdə təşviqedici addımlar atılmasa, gələcəkdə nə ali təhsilli, nə də peşə bacarıqlı real əməkçi sinif yetişməyəcək. Dövlət bu sahəyə vəsait ayırmaqla, əslində sosial sabitliyə, iqtisadi inkişafın dayanıqlılığına və milli insan kapitalının formalaşmasına sərmayə qoymuş olur”-deyə K.Əsədov bildirdi.
İradə SARIYEVA