Restoran sahiblərinin "toy menyu inhisarçılığı" dövlət üçün təhlükəli həddə çatdı...

Eyyub Hüseynov: “İnsanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək”
Məşhur filmlərdən birində belə ifadələr səslənir: "Elimizin toy kimi bir adəti var", "Bu toy ki var, həm çox qəlizdir, həm də...". Doğrudan da müasir dövr üçün toy olduqca qəlizdir.
Xüsusilə də toy məclisləri şadlıq evlərində keçirilən gündən etibarən xeyir mərasimləri qəlizə çevrilib. Bu gün şadlıq evlərində toy menyularının qiyməti 100-250 manat arasında dəyişir. Menyular fərqlidir. Restoranlarda əsasən "gümüş", "qızıl", "brilyant" adlı menyular toy sahibinə təqdim olunur. Toy sahibi bu menyulardan birini seçməlidir. Şadlıq evlərinin standart menyusu hər kəsə bəllidir. Toy sahibi menyudan nəsə çıxarmaq istəsə restoran nümayəndəsi qəti şəkildə etiraz edəcək. Şadlıq evlərində ehtiyac duyulmayan, süfrəyə düzülməsinə gərək olmayan nemətləri siyahıdan çıxartmaq mümkün deyil. Bunun səbəbini istənilən şadlıq evinin administratorundan soruşanda belə deyir - sizin toyunuzdan əlavə toy tutmaq istəyirik. Yəni toya gələn qonaqlar buradakı menyunu bəyənərlərsə, başqalarına da məsləhət görə bilərlər. Məhz bu üzdən menyularda ciddi dəyişiklik olmur. Hətta nəyi istəmirsənsə belə, o süfrədən çıxarılır, ancaq pulu ödəməyə məcbursan.
Şadlıq evləri tərəfindən elə bir sistem qurulub ki, vətəndaş menyudan nəyisə çıxara bilməz. Toy sahibinin ixtiyarı yoxdur sahibkara desin ki, mən toyumda 5 cür salat deyil, 1 növ salat olmasını istəyirəm. Və ya çoxlu sayda içkilərin masaya düzülməsinə etiraz edə bilməz. İstənilən halda bu vəziyyətdən əziyyət çəkən toy sahibi olur.
“İnsanlar açıq hava, palatka toylarına keçməlidir, belə olduqda biznes üslubu da dəyişəcək”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, insanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək. İnsanlar şadlıq sarayına növbəyə durduqca onlar öz istədiklərini edəcək: "Ümumiyyətlə, şadlıq saraylarının iş mexanizmi də israfçılığa səbəb olur. Restoranlarda səs tembri, kondisionerin işləməsi, ofisiantların hərəkətləri hamısı ona yönəlib ki, insanlar tez durub getsin. Onlar toy edənin istəklərinin əksinə olaraq, öz hazırladıqları menyu və kalkulyasiya təqdim edirlər. Deyirlər, qəbul edirsən et, etmirsən, etmə. Bunların aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlar açıq hava, palatka toylarına keçməlidir. Belə olduqda biznes üslubu da dəyişəcək".
Günel CƏLİLOVA