AZƏRBAYCAN ELMİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan zəfərlərdən sonra öz tarixinin çiçəklənmə dövrünü yaşayır. Yeni dövrümüzdə ölkəmizin bütün sahələrdə inkişafını davamlı etməyin əsas şərtlərindən biri də elmin müasir çağrışlar əsasında təşkilini zəruri edir. Ölkədə, regionda və dünyada baş verən bugünkü hadisələri, sürətlə dəyişən şərtləri aydın görə bilən və gələcəyi təsəvvür edib düzgün və vaxtında çıxardığı qərarlarla tarixə düşən Möhtərəm Prezident İlham Əliyev Azərbaycan elminin inkişafını təmin edəcək mühüm sərancam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixində imzaladığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı vaxtında və elmi əsaslara söykənmiş addım, Azərbaycan elminin yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Son dövrlər Azərbaycan elmi mühitində müəyyən durğunluqlar yaranmışdır. Bunun bir sıra müxtəlif spektrli səbəbləri var idi. Əsas səbəblərdən biri də elmi tədqiqat institutlarının ənənəvi sistemdən qalmış qanunlar əsasında fəaliyyət göstərməsi olmuşdur. Bütün bunlar haqlı olaraq elmi ictimaiyyətdə çaşqınlıq və ruh düşkünlüyü yaradırdı. Təbiət, dəqiq elm sahələrinə aid institutların Elm və Təhsil Nazirliyinə birləşdirilməsi elmimizi yeni mərhələyə aparan ilk addım oldu. Prezidentin son sərəncamı isə elmimizin inkişafının yeni üfüqlərini aydın göstərir. Həqiqi, zəhmətkeş alimləri ruhlandırır. Düşünürəm ki, məlum sərəncamda bir sıra institutların birləşdirilməsinin məntiqi əsasları vardır:
birləşən institutların elmi tədqiqat obyektləri və metodları təxminən eynidir;bu institutlarda fəaliyyət göstərən şöbələrin ya eyni adla, ya da çox yaxın istiqamətlərdə fəaliyyət göstərməsi yüksək nəticə vermir;eyni sahə və ya çox oxşar sahədə çalışan alimlərin bir mərkəzdən, eyni istiqamətə fokuslanan tədqiqatlar və əməkdaşlıqlar daha çox fayda verə bilər.
Yaradılacaq yeni, böyük institutlar içərisində Botanika İnstitutunun da olması Prezident İlham Əliyevin təbiətə, floraya və biomüxtəlifliyə qayğısının, sevgisinin və verdiyi böyük qiymətin göstəricisidir. Eyni zamanda Azərbaycan dövlətinin biomüxtəlifliyi, bitki aləmini qorumağın, ekoloji tarazlığı sabit saxlamağın diqqət mərkəzində olmasının bariz nümunəsi, beynəlxalq aləmdə bu istiqamətdə götürdüyü öhdəliklərə sadiqliyinin nümunəsidir.
Botanika və Dendrologiya institutlarının əsasında Botanika İnstitutu Publik Hüquqi Şəxsin yaradılması botanik alimləri bir araya gətirəcəkdir. Botanika elminin mühüm sahəsi olan dendrologiya elminin inkişafı institutda yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsində birgə fəaliyyətin daha səmərəli olacağından əminlik duyuruq. Qeyd etmək yerinə düşərdi ki, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin yaradılması üçün 6 ay öncə Elm və Təhsil Nazirliyi qarşısında Elmi Şura adından vəsatət qaldırılmışdır. Bu həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində vaxtılə fəaliyyət göstərən “Meşəçilik İnstitutunun” ləğvi ilə əlaqədar idi. Çünki, Azərbaycan meşə sahələrinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi ayrıca tədqiqat tələb edir.
Dünyada, o cümlədən də Qafqazda meşələr qeyri proporsional yayılmışdır. Dünyada meşələrin ümumi sahəsi 4 milyard hektardır. Bunun təxminən yarısı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha., ABŞ-da 303 milyon hektar meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Azərbaycanda adambaşına hazırda 0,12 ha meşə sahəsi düşür. Azərbaycan Respublikası “ən az meşə örtüyü olan ölkələr” qurupunda yer alır.
Buna baxmayraq Azərbaycanın dendroflorası növ tərkibi etibarilə zəngindir. Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılmışdır. Bunların da 435 növü ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycanda olan 144 adda endemik növün, 50-dən çoxu ağac və kollardır (ümumi ağac və kolların 16 %-i).
Hazırda qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər nəticəsində Azəbaycanda meşələrin ümumi vəziyyəti “ekoloji gərgin” hesab edilir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. YUNESKO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 mln. hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsi məhv olur.
Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhəddi 200-500 m aşağı enmiş, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənmişdir. Aparılan təhlillərə görə 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəslikəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilmişdir.
261 min hektar meşə fondu 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında qalmışdır. Şərqi Zəngəzur və Qarabağ zonaları Azərbaycan, həmçinin Qafqaz florasının növ müxtəlifliyi ilə zəngin bölgələrindəndir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, floranın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın eroziyası başlanıb. 30 il erməni işğalında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.
Qarabağın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin 3 silsiləsi - Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri florası uzun illərdən bəri işğal altında olmuşdur. Qarabağın meşə fondu 247352 ha, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi, 5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli ağac növlərindən ibarət 986 ha dövlət meşə fondu, 560 ha Tuqay meşələri (çaykənarı meşələr) və 710 ha kolxoz meşələri işğal zamanı törədilən yanğınlar nəticəsində məhv edilmiş və bu günə yerində heç nə qalmamışdır. Ağdam şəhərində yaşı 150-250 il arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kənd ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis) növü məhv edilmişdir. Laçın, Kəlbəcər, Ağdərə rayonlarında 26000 ha meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış, meşələrimiz məhv edillmişdir. Avropada yeganə təbii çinar (Platanus orientalis ) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə yayılan çinarlar məhv edilmiş, ətrafında ağac emalı zavodu tikilmişdir. Elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır.
Meşələrin əhəmiyyətini və müasir “ekoloji gərgin” vəziyyətini, ölkəmizdə meşə sahələrinin elmi əsaslarla fundamental tədqiq edən institut və ya şöbənin olmaması təəccüb doğurar. Bundan başqa Azərbaycanın meşələrinin keçən əsrin 80-ci illərinin sonlarından etibarən müasir elmi üsullarla, botaniki, taksonomik, dendroloji, meşəçilik və s. yanaşmalarla fundamental, sistemli tədqiq olunmaması, “Meşəçilik” sahəsində uzun illərlə formalaşmış elmi məktəblərin, elmi irsin sıradan çıxmaq təhlükəsi qarşısında qalması, Botanika İnstitutunda “Meşəçilik” şöbəsinin fəaliyyətə başlamasını zəruri edir. Nəzərə alsaq ki, İnstututda əvvələr belə şöbə olub və akademik İbrahim Səfərov kimi görkəmli alimlərimiz Azərbaycan meşələrinin müxtəlif aspektlərdən öyrənilməsində müstəsna rol oynayıblar.Yaradılması nəzərdə tutulan “Meşəçilik” şöbəsinin fəaliyyətinin əsas məqsədi aşağıdakılardan ibarətdir:
qlobal iqlim dəyişmələrinin və antropogen amillərin meşə ekosistemlərinə təsirini öyrənmək;texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğunluqlarını təhlil etmək;işğaldan azad olunmuş ərazilərdəki meşələrin müasir vəziyyətini tədqiq edərək bərpa fəaliyyətinə başlamaq;Azərbaycanın meşə örtüyündə yayılan yabanı meyvələrin məhsuldarlığının tədqiqi və istifadəsini öyrənmək;Azərbaycan dendroflorasının endemik, relikt və nadir fərdlərinin sayı azalmqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, mühafizə tədbirlərini hazırlamaq;son zamanlar müşahidə edilən dağətəyi meşə qurşaqlarında aridləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhəddin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında, biogenosenzlarda baş verən suksessiya dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, çıxış yollarını araşdırmaq günün ən aktual məsələlərindən biridir.
Botanika instututunda yaradılması nəzərədə tutulan “Meşəçilik” şöbəsində fəaliyyət göstərəcək təcrübəli alimlərimiz vardır. Şöbə və laboratoriyaların fəaliyyət istiqamətləri yenidən dəyərləndiriləcək, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün təkliflər hazırlanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim ediləcəkdir. Biz ümidvarıq ki, cənab Prezidentin vaxtında imzaladağı sərəncamla Azərbaycan elmi, o cümlədən də Botanika elmi yeni inkişaf mərəhələsinə qədəm qoyacaqdır.
AR ETN Botanika İnstitunun Baş direktoru, b.e.d.,
professor Səyyarə İbadullayeva