Lerikdə 3 saylı orta məktəbdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi

Narkomaniya təhlükəli və sosial əhəmiyyətli bəla olmaqla bəşəriyyəti ciddi sınaq qarşısında qoyur. İndi ölkə olmaz ki, insan həyatında sağalmaz fəsadlar yaradan, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə böyük zərbə vuran, sonu fəlakətlə, rəzilliklə bitən narkomaniyadan əziyyət çəkməsin. Acınacaqlı olsa da, deməliyik ki, Azərbaycanda da bu bəşəri bəlaya get-gedə meylliyin artdığı hiss olunur, xoşagəlməz hadisələrə şərait yaradılır. Özü də bunların arasında gənclər üstünlük təşkil edir. Hətta məktəb partası arxasında oturan şagirdlərin arasında da narkotik maddənin tamını dadanlar vardır. Artıq belə bir halın olması ilə barışmaq qeyri-mümkündür. Ona görə xalqın özəyi indiki gənclərdir, millətin parlaq, xoşbəxt gələcəyi onların əlindədir. Odur ki, indiki zamanda narkomaniyaya qarşı mübarizə yeni istiqamətlərin və metodların tətbiqini zəruri edir.
Dağlar diyarı Lerik rayonunda dünyanın ən böyük və sağalmaz faciəsi olan narkomaniyaya qarşı hüquq mühafizə orqanlarla yanaşı digər təşkilatlar da bir sıra tədbirlər görürlər. Növbəti belə tədbir Lerik şəhər M.Bağışov adına 3 saylı tam orta məktəbində baş tutdu. “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbirin təşkilatçıları Lerik Rayon Polis Şöbəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi idi.
Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın fəsadları barədə məlumat vermək, onları sağlam həyat tərzinə təşviq etmək və zərərli vərdişlərdən qorumaq olub. Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov, Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov və Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, ailələrə və bütövlükdə cəmiyyətə vurduğu zərərlər haqqında faktlar əsasında geniş söhbət açdılar.
O da xüsusilə bildirilib ki, gənclərin bu təhlükəli vərdişdən qorunması üçün maarifləndirici tədbirlərin mütəmadi təşkili vacibdir və bu sahədə ailələrin, məktəblərin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.
Tədbirin sonunda gənclər tərəfindən verilən sualları polis polkovniki Ramil Mustafayev cavablandırdı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü