Adamın özündən xəbərsiz adına kredit niyə belə asan götürülə bilir? - "Banklar özləri oyunun içində" iddiaları...

Əkrəm Həsənov: “Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülmə ilə bağlı bəzi şübhələr var, adi haker hardan bilir ki, onun bankla kreditə dair müqaviləsi var?”
Son vaxtlar onlayn fəaliyyətlər zamanı dələduzluq halları xeyli artıb. Ən çox yayılan fırıldaqçılıq növlərindən biri vətəndaşın xəbəri olmadan onun kartından pul oğurlanmasıdır. Bununla yanaşı, vətəndaşın xəbəri, razılığı olmadan onun adına onlayn kreditlərin götürülməsi də artır.
Bir sıra dələduzlar müxtəlif zənglər vasitəsilə vətəndaşların telefon sistemlərini sındıraraq şəxsi məlumatları ələ keçirir və bu variantla həmin vətəndaşın adına kredit götürürlər. Maraqlı məqam ondan ibarətdir ki, vətəndaş kredit üçün onlayn müraciət edəndə bank vətəndaşa bir neçə dəfə zəng edib dəqiqləşdirmə aparır, şəxsin kimliyini, aylıq gəlirini, nə üçün kreditə müraciət etdiyini soruşur. Maraqlıdır, vətəndaşın xəbəri olmadan onun adına necə kredit götürülür?
“Azərbaycan bank sisteminin təhlükəsizlik sistemi yüksək səviyyədə deyil, bu səbəbdən də banklar onlayn kredit verilişini məhdudlaşdırmalıdır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dələduzların vətəndaşların adından onlayn kredit götürməsi ilə bağlı şikayətlərin sayı günü-gündən artır. Bunu nəzərə alaraq Mərkəzi Bank banklara onlayn kredit rəsmiləşdirilməsini qadağan etməlidir. Əks təqdirdə vətəndaşların adından onlayn kredit götürən dələduzların sayı daha da artacaq: “Banklar onlayn kreditlə bağlı müştərilərlə müqaviləyə müəyyən bəndlər daxil edir. Amma Azərbaycan bankları müştərilərə banka getmədən kredit ayırmağa hazır deyillər. İnformasiya təhlükəsizliyi sistemində təkmilləşməyə ehtiyac var. Bu gün dələduzlar rahatlıqla vətəndaşları aldadır, vəsaitləri ələ keçirə bilirlər. Ona görə də, banklar onlayn kreditlə bağlı bəndi müqavilədən çıxarmalıdır. Bu prosesə tam hazır olduqdan sonra sözügedən bəndi müqaviləyə əlavə etmək olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşın bankdan kredit kartı var, sadəcə şəxs onu çıxartmayıb: “Kiberdələduz vətəndaşın məlumatlarını öyrənəndən sonra həmin kartdan pulu çıxardır. Ancaq vətəndaşın xəbəri olmadan onun adına kredit götürülmə ilə bağlı mənim bəzi şübhələrim var. Adi haker hardan bilir ki, onun bankla kreditə dair müqaviləsi var? Ya hakerin bankla əməkdaşlığı var, ya da kiberdələduz bankın sisteminə girib vətəndaş haqqında məlumatları əldə edir”.
Ekspert xüsusi olaraq bildirdi ki, Azərbaycan bank sisteminin təhlükəsizlik sistemi yüksək səviyyədə deyil. Bu səbəbdən də banklar onlayn kredit verilişini məhdudlaşdırmalıdır.
Günel CƏLİLOVA