Şadlıq saraylarında toy pulu niyə nağd ödənilir? - Külli vergidən yayınma illərdir davam edir…

Akif Nəsirli: “Gəlirin qeyri-müəyyən qalması nağd ödənişlər zamanı mümkün olur”
Toy adət-ənənələrimizdən biri gənclərə dəstək olmaqdır. İnsanlar qarşılıqlı olaraq bir-birinin xeyir işində iştirak edir və bununla da toy sahibinə müəyyən maddi dəstək göstərmiş olurlar.
Məlumdur ki, hər xeyir iş keçirilən zaman toy yiyəsi şadlıq evinə göstərilən xidmət qarşılığında müəyyən vəsait ödəyir. Bu vəsait isə heç də cuzi məğləğ olmur. Nəzərə almaq lazımdır ki, Bakıda şadlıq evlərində bir nəfərlik üçün xidmət üçün qiymət 100-450 manat arasında dəyişir. Belə olan halda toy sahibi şadlıq evinə külli miqdarda vəsait ödəyir. Adətən ödənilən vəsait isə nağd formada olur. Baxmayaraq, şadlıq evlərində həm nağd, həm də nağdsız formada ödəniş etmək mümkündür. Ancaq birmənalı olaraq şadlıq evlərində ödəniş nağd qaydada keçirilir. Maraqlıdır, şadlıq evlərində nağdız ödəniş niyə həyata keçirilmir?
“Şadlıq evləri nağdsız ödəniş qəbul etsə, gəlir qeydiyyata düşəcək və qanuna uyğun olaraq vergi ödəməli olacaq, bunu ört-basdır etmək üçün restoranlar nağdsız hesablaşmaya keçmək istəmir”
Iqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, digər sahələrdə olduğu kimi, şadlıq evlərində də inhisarçılıq var: “Restoranların böyük əksəriyyətinin sahibi oliqarxlardır, yəni məlum biznesmənlərdir. Ona görə də bu sahənin qaranlıq qalmasına daha çox üstünlük verirlər. Danılmaz faktdır ki, məmurlar həmin obyektləri öz adlarına deyil, başqasının adına rəsmiləşdirib. Beləliklə, vergidən yayınma qeydə alınır. Vergidən yayınmanın bir variantı da gəlirin qeyri-müəyyən qalmasıdır. Bu isə nağd ödənişlər zamanı mümkün olur. Şadlıq evləri nağdsız ödəniş qəbul etsə gəlir qeydiyyata düşəcək və qanuna uyğun olaraq vergi ödəniləcək. Bunu ört-basdır etmək, dövriyyəni gizlətmək üçün restoranlar nağdsız hesablaşmaya keçmək istəmir. Şadlıq evləri minimum gəlir göstərdiyi üçün minimum vergi ödəyir. Ona görə də şadlıq evləri nağd ödənişə üstünlük verir”.
Günel CƏLİLOVA