"Zaminsiz, ancaq şəxsiyyət vəsiqəsi ilə kredit" elanlarının arxasında fırıldaq əlamətləri var...

Üzeyir Davudov: “Bu cür reklamların, elanların yayılması qanunsuzdur”
Zaminsiz, yalnız şəxsiyyət vəsiqəsi ilə kredit – son günlərdə sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bu cür elanlar minlərlə insanı cəlb edir. Asan, sürətli, heç bir rəsmi prosedura ehtiyac olmadan və yüksək faizlə.
Görəsən, bu təkliflər nə dərəcədə etibarlıdır?
“Sosial şəbəkə platformalarında tez-tez şəxsiyyət vəsiqəsi ilə, zaminsiz yüksək məbləğdə kreditlərin verilməsinin mümkünlüyü ilə bağlı elanlar paylaşılır, bu qanunsuzdur”
Maliyyə mütəxəssisi Üzeyir Davudov “Bakı-Xəbər”-ə açıqlamasında qeyd etdi ki, bu cür reklamların, elanların yayılması qanunsuzdur: “Qanunvericiliyə uyğun olaraq, kredit götürən vətəndaşın buna adekvat gəliri olmalıdır. Kredit verən təşkilat, bank da vətəndaşın gəlirini təsdiq edən sənədləri tələb etməlidir. Bu sənədlər yoxdursa, həmin vətəndaşa heç bir halda kredit verilə bilməz. Buna görə də, əgər belə bir reklam varsa, bunun özü qanunsuzdur. Son zamanlar sosial şəbəkə platformalarında tez-tez şəxsiyyət vəsiqəsi ilə, zaminsiz yüksək məbləğdə kreditlərin verilməsinin mümkünlüyü ilə bağlı elanlar paylaşılır. Təbii ki, banklar bu şərtlərlə kredit verə bilməz. Ancaq reallıq tamamilə fərqlidir. Çünki kredit şərtlərinə görə bu cür kredit verilməsi mümkün deyil, qanunsuzdur. Bu cür elanları yayanların fəaliyyəti, məqsədi araşdırılmalıdır. Əslində bu cür fəaliyyətlə məşğul olanlara sələmə pul verənlər deyilir. Onların bu fəaliyyəti qanunsuz olsa da, bankdan kredit götürə bilməyənlər sələmə üz tutur və faiz də bankla müqayisədə olduqca yüksəkdir. Vətəndaşlar çalışsınlar sələmçilərdən faizə borc götürməsinlər, götürdükləri hallarda isə müqavilə bağlasınlar. Müqavilədə bütün şərtlər yazılsın. Nə qədər pul götürüldüyü, faiz dərəcəsi və nə vaxt qaytarılması qeyd olunmalıdır. Əsas da pulu qaytaranda sələmçidən yazılı qəbz alsınlar. Çünki sələmçilərin belə bir adəti var ki, pulu verəndə müqavilədə bütün məlumatları yazırlar, amma geri alanda heç nə vermirlər. Sabahısı gün də gəlib deyirlər ki: “Sənin mənə filan qədər borcun var”. Ona görə də vətəndaşlarımız maksimum dərəcədə diqqətli olmalıdırlar”.
GünelCƏLİLOVA