Universitetlərdə bəzi ixtisaslar üzrə təhsil müddəti azaldıla bilər...

Kamran Əsədov: “Ali təhsil müddətinin qısaldılması bütün ixtisaslar üçün nəzərdə tutulmur”
“Bəzi ixtisaslarda qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq ola bilər”. Bu fikri Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə deyib.
O bildirib ki, elə ixtisaslar var, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir: “Bir qisim sahələrdə qısa müddətdə bazara hazır mütəxəssis çıxarılması istiqamətində işlər gedir. Sadəcə bu, həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var".
Maraqlıdır, hansı ixtisasların tədris müddəti azaldıla bilər?
“Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinə yüksəldilməsinə xidmət edəcək”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ali təhsil müddətinin qısaldılması bütün ixtisaslar üçün nəzərdə tutulmur: “Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşadırmanı əks etdirməyən texniki ixtisaslardır. Qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın. Təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur. Lakin bu bütün ixtisaslara aid olmayacaq. Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar eyni olaraq qalacaq. Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinə yüksəldilməsinə xidmət edəcək”.
Günel CƏLİLOVA