Şagird məktəbə bıçaqla gəlirsə, mütləq cinayət törədəcək - Ağstafa olayı...

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub. Şagirdlərdən biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib. Bu, Azərbaycan məktəblərində qeydə alınan ilk belə hadisə deyil.
Zamanla məktəblilər arasında bıçaqlanma xəbərinin şahidi olmuşuq. Hətta məktəbə beşbarmaqla gələn şagirdlər belə olub. Artıq şagirdlər məktəbə dəftər, kitab, qələmlə deyil, siqaret, bıçaqla gedir. Maraqlıdır, şagirdlər məktəbə silahla necə gələ bilir? Ümumiyyətlə, məktəblərdə şagird davranış qaydalarınə əməl edilirmi?
Elçin Süleymanov: “Uşaqların başıboş buraxılması həm bu cür kriminal hadisələrə gətirib çıxarır, həm də zərərli vərdişlərə meyli artırır”
Təhsil eksperti Elçin Süleymanov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şagirdlərin kobud rəftarının, üzərlərində bıçaq gəzdirmələrinin məsuliyyətini təkcə məktəbin üzərinə atmaq düzgün deyil. Onun sözlərinə görə, bir şagirdin şəxsiyyətinin formalaşmasında ailə, məktəb, müəllim üçbucağı olmalıdır: “Şagird günün 5-6 saatını məktəbdə olur. Digər saatlarını evdə və ya küçədə keçirir. Son illərdə bütün dünyada yeniyetmələr arasında aqressiya, şiddət meylləri artır. Bunu da daha çox sosial şəbəkələr, "Tik-Tok", müxtəlif oyunlar tətikləyir. Eyni zamanda cəmiyyətimizdə "oğru aləminə" meyllilik kimi sovet dövründən qalma mənfi bir tendensiya var. Onun təbliği isə müəyyən boşluqlardan olub. Bəzən avara, dərsi zəif bilən uşaqlar kriminal aləmi təqlid etməyə, özlərini onlara oxşatmağa çalışırlar. Direktor və məsul şəxslər məsuliyyəti üzərindən ata bilməz. Bir yaşlı gözətçi və ya müəllim 4-5 minlik məktəbə nəzarət edə bilməz. Burada növbətçi müəllimlər olmalı, "Məktəblinin dostu" kimi layihələr həyata keçirilməlidir. Şagirdlər arasında münasibət pozulması, illərlə davam edən anlaşılmazlıq varsa, mütləq valideynlər məktəb rəhbərliyini xəbərdar etməli, psixoloqlarla iş aparılmalıdır. Əgər ciddi təhlükə varsa, sahə polis müvəkkəli məlumatlandırılmalı və bu cür şagirdlər nəzarətə alınmalıdır. Şagirdin və ya vətəndaşın üstündə bıçaq, soyuq silah gəzdirməsi cinayət məsuliyyəti daşıyır. Zaman-zaman reydlər keçirilərək, müəyyən yaşlarda olan şagirdlərin üzərində bıçaq gəzdirməsi halları pislənilməli və ictimai qınaq formalaşmalıdır. Valideynlər də övladlarının nə ilə məşğul olmasına, boş vaxtını necə keçirməsinə, kiminləsə problemin olub-olmamasına nəzarət etməlidir. Uşaqların başıboş buraxılması həm bu cür kriminal hadisələrə gətirib çıxardır, həm də zərərli vərdişlərə meyli artırır”.
Hüseyn Axundov: “Bıçağa əl atan şagirdlərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məktəblərdə mübahisəli vəziyyətlərin yaranması, şagirdlərin bıçağa əl atması kimi xoşagəlməz hallar əsasən ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır: “Təəssüf ki, bu kimi xoşagəlməz hadisələr yaşanır. Bunun bir səbəbi də odur ki, yaxşı, peşəkar müəllimlər, peşəsini sevən, şagirdləri öz övladı kimi görən müəllimlər məktəblərdə azdır. Bıçağa əl atan şagirdlərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. 14 yaşı tamam olmuş, 18 yaşı isə tamam olmamış şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Uşağın həbsə alınması, tutulması və ya cəzaçəkmə yerinə salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Heç bir uşaq işgəncələrə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan digər rəftar və ya cəza növlərinə məruz qala bilməz. 18 yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərə görə ölüm cəzası və ömürlük həbs cəzası tətbiq olunmur.
Onu da deyim ki, bu kimi hadisələrim baş verməsində valideynlərin də məsuliyyət məsələsi var. Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri hüquq pozuntusu üçün valideynlərin məsuliyyət məsələsi 2 cür tənzimlənir. Cinayəti hüquq sahəsində yetkinlik yaşına çatmayan şəxs törətdiyi halda hüquq pozuntusu üçün şəxsən məsuliyyət daşıyır. Yəni burada valideynlərin onların əvəzinə məsuliyyət daşıması istisna edilir. Mülki hüquqda isə bu məsələ bir qədər fərqli tənzimlənir. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar”.
Fatimə Hacıbəyli: “Bir uşaq cibində kəsici alətlə məktəbə girməyə cəsarət edirsə, onun cinayyət törədəcəyi açıq-aydındır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəllər elm ocaqlarında belə hadisələrə nadirən rast gəlirdik. Ancaq indiki dövrdə uşaqların bir-birinə aqressiyası o həddə çatır ki, onlar problemi danışmaqla deyil, zorakılıq tədbiq edərək həll etməyə çalışır: “Məktəb daxilində bıçaqla, beşbarmaqla gəzən, hər fürsətdə sinif yoldaşına sataşan məktəbli potensial cinayətkardır. Uşaqlar məktəbə öyrənməyə yox, kimisə döyməyə, öldürməyə gedir. Məktəblilər dərs öyrənmək yox, “vorzakon” olmaq istəyir. Valideyn evindən çıxanda övladını yoxlamalı, məktəbə gedərkən nə geyindiyinə nəzarət etməlidir. Əgər bir uşaq cibində kəsici alətlə məktəbə girməyə cəsarət edirsə, onun cinayyət törədəcəyi açıq-aydındır”.
Günel CƏLİLOVA