Xətaidəki 257 saylı məktəbin həyətindəki şəxsi ev kimindir...

Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin həyətində yaşayış binası tikilməsi ilə bağlı məlumat yayılıb.
Milli.Az-ın yaydığı məlumata görə, Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin taleyi görənləri bir xeyli təccübləndirib. Qeyd olunur ki, bir neçə il əvvəl məktəbin qarşısında tikinti işləri başlayıb.
Valideynlərin sözlərinə görə, ilk vaxtlarda bu binanın məktəbin yeni korpusu olacağı deyilibmiş. Sonradan isə tikilinin yaşayış binası olduğu məlum olub. “Məktəbdə sıxlıq səbəbindən dövlət tərəfindən yeni bir korpusun tikiləcəyi açıqlanmışdı və valideynlər bu addımı müsbət qarşılamışdılar. Lakin bir neçə il sonra həmin ərazidəki tikintinin faktiki olaraq yaşayış binası olduğunu öyrənən valideynlər böyük təəccüb və məyusluq hissi yaşayıblar".
Binanın artıq bir neçə ildir ki, istifadəyə verildiyi bildirilir. Valideynlərin sözlərinə görə, binanın tikintisindən sonra məktəbə giriş-çıxış üçün də çox dar bir yol qalıb.
Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin həyətində yaşayış binasını kimlər tikib? Bu binanı kimlər, hansı əsasla tikir? Bu bina kimindir? Valdieynlərin bu şikayəti araşdırılırmı? Yayılan məlumatlar nə dərəcədə doğrudur?
257 saylı məktəb: “Məktəbin həyətində heç bir tikinti getməyib”
Bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəblə əlaqə saxladıq.
Məktəbdən bildirdilər ki, direktor dərsləri yoxlamağa getdiyi üçün yerində yoxdur. “Direktor hazırda yerində yoxdur, nə vaxt gələcəyini bilmirik, dərsləri yoxlayır. Ona görə də heç nə deyə bilmərik. Amma məktəbin həyətində heç bir tikinti getməyib, burda tikinti getmir” - deyə bildirildi.
Valdeynlərin şikayətinə gəlincə, məktəbdən bildirdilər ki, bu barədə hər hansı bir fikir bildirmək səlahiyyətində deyillər.
BŞTİ: “Araşdırılır”
Yazı çapa getdiyi müddətdə BŞTİ-yə göndərdiyimiz sorğuya hələ cavab verilməmişdi. BŞTİ-dən şifahi olaraq “dünəndən belə iddialar var. Araşdırılır” deyə bildirildi.
Qurumdan onu da dedilər ki, araşdırma başa çatandan sonra nəticələr barədə məlumat veriləcək.
Yayılan məlumatın nə dərəcədə reallığı əks etdirdiyini tam şəkildə aydınlaşdırmaq mümkün olmadı, deyilənləri nə təsdiq, nə də inkar edirlər. Bu səbəbdən 257 saylı məktəbin həyətində nə baş verdiyini aydınlaşdırmaq mümkün olmadı, bilmədik ki, deyilən ünvanda buna tikən kimdir, hansı qurumdur, hansı şəxsdir.
Odur ki, rəsmi cavabı gözləyək...
Leyla QARAXANLI