30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

Ailə institutu cəmiyyətin əsasını təşkil edir. Cəmiyyətin, xalqın, millətin etno-mədəni irsini daşıyan, adət və ənənələrini yaşadan, gənc nəslin tərbiyəsini formalaşdıran ailə institutu hər zaman cəmiyyətin bütün inkişaf proseslərinə, dövlətin sağlam dayaqlar üzərində qurulmasına öz ciddi təsirini göstərib.
Hər bir ölkədə cəmiyyətin inkişafının kökündə möhkəm ailə durur, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Azərbaycan xalqının mental dəyərlərində də ailə müqəddəs ocaq, hörmət və ehtiram mənbəyidir.
Azərbaycanda özünəməxsus ailə ənənələri var
Hazırda Azərbaycan dövlətinin diqqətində olan əsas məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir. Azərbaycanda özünəməxsus ailə ənənələri var. Bunların başında valideynə, böyüyə hörmət dayanır. Ailənin yaradılması, funksiyaları və idarə olunması bəzən cəmiyyətin maliyyə, sosial və iqtisadi vəziyyətində də asılı ola bilir. İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, ailəmiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Azərbaycan cəmiyyəti müasir dünyanın bir parçasıdır, Qərb və Şərq mədəniyyətlərinin ən dəyərli cəhətlərini özündə birləşdirir. Dünya ilə mədəni inteqrasiyamızın güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı planetdə yaşayan xalqları bütövləşməyə və vahid dəyərlər sisteminə doğru aparır. Belə bir şəraitdə ənənəvi mədəniyyətin qorunması, milli mənəvi dəyərlərin yaşadılması üçün səylərin səfərbər edilməsi daha aktualdır. Ona görə də ilk növbədə cəmiyyətdə mövcud olan dəyərlərin günümüzdəki vəziyyəti öyrənilməlidir. Ümummilli lider Heydər Əliyev demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, milli sərvətidir. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər boyu formalaşıb, məsələn, kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlər konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Cəmiyyətimiz ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub
Bir müddət əvvəl Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib ki, Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub: “Bu ənənələr dərin köklərə malikdir. Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam”.
Azərbaycan ailə dəyərlərinin özünəxas cəhətlərindən biri də nəsillərarası bağlılığın yüksək səviyyədə olmasıdır
Azərbaycandakı ailə dəyərləri ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Azərbaycan cəmiyyətinin yüzillərlə formalaşan kimliyi, yalnız coğrafi və siyasi amillərlə deyil, daha çox ailə institutuna əsaslanan mədəni-sosial strukturu ilə bağlıdır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəyərlər yalnız keçmişin mirası deyil, bu günümüzün də mənəvi dayağı və gələcəyin zəmanətidir. Etnoqrafik baxışla götürdükdə, Azərbaycan ailəsi tarixi-mədəni kontekstdə patriarxal sistemə əsaslansa da, bu sistemdə quru hökmranlıqdan çox, məsuliyyət və nüfuz anlayışı önə çıxır. Ailənin böyüyü - xüsusilə ata - təkcə iqtisadi təminatçı yox, həm də davranış və mənəviyyat örnəyidir. Bu modeldə ata obrazı həm ailədaxili birliyin, həm də ictimai sabitliyin simvoludur. Azərbaycan ailə dəyərlərinin özünəxas cəhətlərindən biri də nəsillərarası bağlılığın yüksək səviyyədə olmasıdır. “Böyüyə hörmət, kiçiyə şəfqət” prinsipi yalnız etik norma yox, necə deyərlər, bir sosial mexanizmdir. Haqlı olaraq, nənə və babalar ailənin yaddaşı, analar mədəniyyətin daşıyıcısı, övladlar isə bu dəyərlərin davamçısı kimi qəbul edilir. Bu anlamda Azərbaycan ailəsi “nəsildən-nəslə ötürülən bir məktəbdir”.
Sosioloji aspektdən baxsaq, ailə dəyərlərinin qorunması qloballaşmanın təzyiqləri qarşısında bir növ mənəvi müqavimət formasıdır. Qərb modelində fərdi azadlıq ön plana çıxsa da, bizim daha çox aid olduğum Şərq modeli fərdi dəyərləri ailə ilə uzlaşdırmağa çalışır. Gənclər çağdaş təhsilə, texnoloji yeniliklərə açıqdır, lakin ailə içində hələ də böyüyə gənəşmədən qərar vermək çətin qəbul edilir. Bu isə həm ailə sisteminin canlılığını, həm də kollektiv məsuliyyət duyğusunu göstərir. Bundan əlavə, ailə dəyərləri milli kimliyin daşıyıcısı kimi çıxış edir. Toy törənləri, yas gələnəkləri, adqoyma, ailə gənəşikləri kimi adət-ənənələr sadəcə törən, yaxud ayin deyil, kollektiv yaddaşın və mənsubiyyət hissinin təzahürüdür. Belə deyək, “Ata yeri” anlayışı Azərbaycan ailəsində heç vaxt boş qalmır - yaşayan ata varsa, sözü əsasdır; dünyasını dəyişmişsə, anıları yol göstərən çıraqdır. Bu anlamda, Azərbaycan ailə dəyərləri dövrü keçmiş qəliblər deyil. Onlar həm dəyişən zamana uyğunlaşır, həm də öz mahiyyətini qoruyur. Ailə, bizim mədəniyyətimizdə yalnız sosial institut olmayıb, ulusun ruhudur”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.