Məktəb avtobusları ilk olaraq hansı məktəblərə işləyəcək? - Nazirdən əvvəl ekspertlər açıqlayır...

Kamran Əsədov: “Azərbaycanda “Məktəbli avtobusu” layihəsinin tətbiqi bir sıra müsbət nəticələr vəd edir”
Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq. Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir: “Nəqliyyatın, demək olar ki, ən sıx olduğu məktəblərdə bu layihə sınaqdan keçirilir”.
Məktəblilərin rahat və təhlükəsiz şəraitdə daşınması baxımından məktəb avtobuslarının olması əhəmiyyətlidir. Maraqlıdır, məktəb avtobusları hansı məktəblərdə olacaq? Bu layihə effektli olacaqmı?
“Layihə kənd və qəsəbə tipli yaşayış məntəqələrinə, eləcə də şəhər kənarında yerləşən məktəblərə getmək üçün uzun məsafə qət etməyə məcbur olan şagirdləri əhatə edəcək”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Məktəbli avtobusu” layihəsinin qarşıdan gələn tədris ilində həyata keçirilməsi planı Azərbaycanda təhsilin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədi daşıyan sosial əhəmiyyətli təşəbbüslərdən biridir. Layihə, xüsusilə kənd və qəsəbə tipli yaşayış məntəqələrində, eləcə də şəhər kənarında yerləşən məktəblərə getmək üçün uzun məsafə qət etməyə məcbur olan şagirdləri əhatə edəcək. Bu təşəbbüs bir tərəfdən regionlar üzrə təhsildə bərabərliyin təmin olunmasına xidmət edirsə, digər tərəfdən uşaqların fiziki təhlükəsizliyinin gücləndirilməsi, davamiyyətin artırılması və valideynlərin üzərindəki məsuliyyətin azaldılması baxımından strateji əhəmiyyət daşıyır: “Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət hər bir şəxsin təhsil almaq hüququnu təmin edir. Eyni zamanda, qanunun 13-cü maddəsinə əsasən, təhsilalanlara təhlükəsiz və sağlam təhsil mühiti yaradılmalıdır. Bu baxımdan, məktəblərin yerləşdiyi ərazi ilə yaşayış yerləri arasında məsafənin çox olduğu yerlərdə şagirdlərin məktəbə çatdırılması üçün alternativ nəqliyyat həllərinin təqdim olunmaması bu hüquqların praktik təminatında boşluqlar yaradır. Statistik məlumatlara əsasən, ölkə üzrə 4000-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir və onların təxminən 40 faizi kənd yerlərində yerləşir. Bu məktəblərin bir qismi dağlıq, çətin keçilən və ya mərkəzdən uzaq ərazilərdə fəaliyyət göstərdiyinə görə şagirdlər bəzən gündə 2-3 kilometr və ya daha artıq məsafəni piyada qət etməli olurlar. Bu vəziyyət, xüsusilə hava şəraitinin ağır olduğu dövrlərdə davamiyyətin aşağı düşməsinə səbəb olur. Dünya təcrübəsinə nəzər yetirildikdə, inkişaf etmiş ölkələrin əksəriyyətində məktəbli nəqliyyatı təhsilin ayrılmaz tərkib hissəsi kimi təşkil olunur. Məsələn, ABŞ-da gündəlik təxminən 480 min avtobus 25 milyondan çox şagirdi məktəbə və geri daşıyır. Bu nəqliyyat vasitələri federal təhlükəsizlik standartlarına uyğun təchiz olunmuş və xüsusi təlim keçmiş sürücülərlə idarə olunur. Finlandiyada isə məktəbdən uzaq məsafədə yaşayan şagirdlər üçün bələdiyyə tərəfindən təşkil olunan nəqliyyat vasitələri mövcuddur və bu sistem tam subsidiyalaşdırılmış formada həyata keçirilir. İsrail, Kanada və Almaniyada da məktəbli nəqliyyatı dövlətin və yerli idarələrin məsuliyyətindədir və bu xidmət sosial bərabərliyin qorunmasına yönəlib. Bu modellər sübut edir ki, məktəbli nəqliyyatının sistemli təşkili həm təhsil göstəricilərinə, həm də sosial ədalətə müsbət təsir göstərir”.
Ekspert hesab edir ki, Azərbaycanda “Məktəbli avtobusu” layihəsinin tətbiqi bir sıra müsbət nəticələr vəd edir. Əvvəla, ucqar yaşayış məntəqələrindən məktəbə getmək imkanları məhdud olan şagirdlər üçün təhsil əlçatan olacaq. Bu, həm təhsildən yayınma hallarının qarşısının alınmasına, həm də davamiyyətin artmasına səbəb olacaq: “Eyni zamanda, valideynlər üçün yük azalacaq – xüsusilə kənd yerlərində bəzi ailələr uşaqlarını uzaq məsafələrə müşayiət etmək və ya onların gediş-gəlişini təmin etmək üçün əlavə xərclər və vaxt sərf edirlər. Layihə, eləcə də məktəbəqədər yaşda olan uşaqlar üçün gələcəkdə tətbiq olunarsa, erkən yaş təhsilinə çıxış imkanlarını da yaxşılaşdıra bilər. Digər müsbət tərəf şəhərlərdə nəqliyyat sıxlığının azalması və ekoloji mühitin yaxşılaşdırılması ilə bağlıdır. Valideynlərin fərdi avtomobillə uşaqlarını məktəbə aparması artıq yol tıxaclarına və karbon emissiyalarının artmasına səbəb olur. Əgər vahid marşrutlar üzrə hərəkət edən məktəb avtobusları tətbiq olunsa, bu, nəqliyyat yükünü azaldacaq və daha dayanıqlı şəhər mühiti formalaşdıracaq. Bununla belə, layihənin həyata keçirilməsi bir sıra ciddi çağırışlarla da üzləşə bilər. Ən mühüm məsələlərdən biri maliyyə və texniki təminatdır. Avtobusların alınması, texniki baxışdan keçirilməsi, yanacaq və təmir xərcləri, sürücü heyətinin maaşları və təhlükəsizlik tədbirləri üçün davamlı büdcə mənbəyi tələb olunur. Dövlət büdcəsi və ya yerli icra hakimiyyətlərinin vəsaiti ilə bu xərclərin tam ödənilməsi uzunmüddətli baxış və davamlı planlama tələb edir. Eyni zamanda, sürücülərin seçim prosesi və onların uşaqlarla işləmək üzrə xüsusi təlimlərdən keçməsi də mütləq olmalıdır. Burada yalnız nəqliyyat deyil, həm də uşaq hüquqlarının qorunması məsələsi ön plana çıxır. Layihənin uğuru həm də logistikanın effektiv təşkilindən asılıdır. Marşrutlar elə planlaşdırılmalıdır ki, həm şəhərdaxili, həm də regionlar üzrə məktəbə gedən uşaqların vaxtı optimal şəkildə idarə olunsun. Yersiz gecikmələr və uzun müddət avtobusda qalmaq uşaqların psixoloji durumuna və gündəlik rejiminə mənfi təsir göstərə bilər. Bundan əlavə, hər bir avtobusda müşayiətçi (dayə və ya nəzarətçi) heyətin olması da vacibdir ki, uşaqların təhlükəsizliyi təmin olunsun. Qanunvericilikdə bu sahə üzrə konkret normativlərin hazırlanması və Təhsil Nazirliyi ilə Nəqliyyat Agentliyi arasında koordinasiyanın gücləndirilməsi zəruridir. Nə dəyişəcək sualına gəlincə, əgər layihə uğurla həyata keçirilərsə, bölgələrdə təhsil nailiyyətlərində mövcud olan qeyri-bərabərlik azalacaq, kənd məktəblərində şagird sayı sabitləşəcək, xüsusilə qız uşaqlarının məktəbə davamiyyətində müsbət artım müşahidə olunacaq. Nə dəyişməlidir sualının cavabı isə layihənin hüquqi bazasının gücləndirilməsi, texniki və maddi təminatın uzunmüddətli strategiyaya əsaslanaraq hazırlanması, eləcə də bu sahədə ictimai nəzarət və monitorinq mexanizmlərinin tətbiqi ilə bağlıdır. Yalnız bu şərtlər daxilində “Məktəbli avtobusu” layihəsi sadəcə nəqliyyat təşəbbüsü deyil, ölkənin təhsil sistemində sosial ədalət və inklüzivlik prinsiplərinə əsaslanan strateji islahata çevrilə bilər”.
Günel CƏLİLOVA