Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

Kamran Məmmədli: “Banklar avtomobil krediti verilişinə diqqət etməlidir”
Bakıda şəxsi avtomobillərin sayının günbəgün artdığı göz qarşısındadır. Buna paralel olaraq tıxaclar da artır, ekologiya pisləşir və s. Şəxsi avtomobillərin sayının artmasının səbəblərindən biri avtomobil kreditləri üzrə faiz dərəcələrinin 10 faizdən başlamasıdır.
Belə ki, əksər banklarda ilkin ödəniş növdən asılı olaraq dəyişir, yəni 10%-dən başlayır. Qeyd edək ki, istehsal tarixi 3 il və ya daha az olan elektrik mühərrikli avtomobillər üzrə 10 faiz, 1 il və ya daha az olan hibrid mühərrikli avtomobillər üzrə 20 faiz, 1-3 il aralığında olan hibridlər üzrə 40 faiz təşkil edir.
Onu da bildirək ki, Azərbaycan Mərkəzi Bankı bu günlərdə 2025-ci il yanvar ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. Qeyd edilib ki, avtomobil kreditləri üzrə faiz dərəcələri 10 faiz təşkil edib.
Ekspertlər hesab edir ki, bu gün ölkədə şəxsi nəqliyyat vasitələrinin sayının artmasının, Bakı şəhərində müşahidə olunan uzun-uzadı tıxacların yaranmasının səbəblərindən biri bankların avtomobil kreditləri faiz dərəcələrinin aşağı olmasıdır. Kredif faizinin aşağı olması hər kəs üçün əlçatan olub. Ancaq banklar ev təmiri, mənzil almaq üçün verilən kreditlərin faizini qaldırır.
“Şəhərdə tıxac günü-gündən artır, əvvəl bir evdən 1 maşın çıxırdısa bu gün azı 2-3 maşın çıxır, səbəb isə odur ki, maşın əldə etmək o qədər də çətin deyil”
İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda istehlak kreditlərinin faizlərində artım da qeydə alınmaqdadır. Artım, əsasən ipoteka kreditlərində özünü göstərir: “Ancaq avtomobil kreditləri ilə bağlı vəziyyət ötən illərlə müqayisədə fərqlidir. Avtomobil kreditləri üçün ilkin ödənişin 10-20 faiz civarında tələb edilməsi avtomobil kredit bazarını canlandırıb. Ancaq onu da deyim ki, hər bank 10-20 faiz avtomobil krediti təklif etmir. Elə bank var ki, ilkin ödəniş 20 faizdən başlayır. Həmçinin bu, maşına görə də dəyişir. İlkin ödəniş elektirik mühərrikli avtomobillərdə 10 faizdən, hibrid mühərrikli avtomobillərdə isə 20 -30 faizdən başlayaraq tələb olunur. Ötən illərlə müqayisədə banklar avtomobil krediti üzrə faizi endirib. Əvvəl kredit faizi daha yüksək idi deyə, vətəndaşlar lizinqə müraciət edirdi, ancaq indi əksi baş verir. Şəxsi minik vasitələrinin sayının artmasının müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, şəxs bankdan kredit götürərək nisbərən ucuz avtomobil alır və beləliklə ekologiyaya zərər verir. Şəhərdə tıxac günü-gündən artır. Əvvəl bir evdən 1 maşın çıxırdısa, bu gün azı 2-3 maşın çıxır. Səbəb isə maşın əldə etməyin o qədər də çətin olmamasıdır. Banklar avtomobil krediti verilişinə diqqət etməlidir”.
Günel CƏLİLOVA