Elm təşkilatlarında elmdən başqa "hər şey istehsal olunur" - nazirdən əsaslı irad...

Elçin Əfəndi: “Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur”
“Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib.
Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib: "Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi, elmdə də maliyyələşmə önəmlidir".
Görəsən, elmi təşkilatlarda niyə elmi məhsul istehsal olunmur?
“Alim və ya elmlər doktoru çalışdığı institut üzrə müvafiq elmi məqalələri, apardığı elmi aradırmaları müəyyən təşkilatlarda nəşr etdirməlidir, bunun üçün maliyyə lazımdır”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur. Bunun müəyyən səbəbləri var. Əksər dünya ölkələrinin ali təhsil müəssisələri, elm ocaqları müvafiq elmi məhsullar bazara çıxarır: “Ancaq bizim universitetlər, ixtisaslaşmış təhsil müəssisələrində elmi məhsul istehsal olunmur. Alim və ya elmlər doktoru çalışdığı institut üzrə müvafiq elmi məqalələri, apardığı elmi aradırmaları müəyyən təşkilatlarda nəşr etdirməlidir. Bunun üçün maliyyə lazımdır. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Ümid edirəm ki, məlum problemin həlli ilə bağlı işlər görüləcək. Gələcəkdə daha da yaxşı nəticə görmək üçün bu sahəyə maliyyə ayrılmalıdır. Ondan sonra ixtisaslaşmış elmi institutlar öz elmi məhsullarını rahatlıqla istehsal edə bilər. Hazırda bu sahədə geriləməyə səbəb maliyyə azlığı və infrastrukturdur”.
Günel CƏLİLOVA