Çərşənbə günü, 30 aprel 2025
     

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ YUSİF SEYİDOV ZİRVƏSİ

Image

Filologiya elmləri doktoru, professor Yusif Mirəhməd oğlu Seyidov 1929-cu il may ayının 2-də Naxçıvan MR-in Noraşen rayonunun (indiki Şərur) Yengicə kəndində kəndli ailəsində anadan olmuş, ilk təhsilini də həmin kənddə almışdır. O, 1946-ci ildə Naxçıvanda ikiillik Müəllimlər İnstitutunu bitirmişdir. Təhsilini davam etdirmək üçün 1946- cı ildə Bakıya gəlmiş və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Həmin fakültəni 1952-ci ildə bitirmiş və dilçilik ixtisası üzrə aspiranturada saxlanılmışdır. Y.M.Seyidov 1956-cı ildə "Müasir Azərbaycan dilində feili bağlama tərkibləri" mövzusunda dissertasiya işi müdafıə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Tədqiqatda birinci dəfə olaraq feili tərkiblərin qrammatik mahiyyəti açılmış, tərkiblərlə budaq cümlələrin eyniləşdirilməsinin obyektiv və subyektiv səbəbləri şərh olunmuşdur. Feili tərkiblərin qrammatik mahiyyəti, fəlsəfi əsasları elmi şəkildə müəyyən edilmiş və nəticə etibarilə tərkib və budaq cümlə məsələsində cümlə ilə fikri, dil ilə təfəkkürü, forma ilə məzmunu eyniləşdirmək kimi qiymətləndirilmişdir. Professor Yusif Seyidov türkologiyada tərkib və budaq cümlə məsələsində üç mövqeyin olduğunu müəyyənləşdirmiş və bu bölgü sonralar mürəkkəb cümlə və tərkiblər haqqında yazılan əsərlərin, demək olar ki, hamısında qeyd-şərtsiz təkrar edilmişdir. 

1955-1967-ci illərdə Bakı Dövlət Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1966-cı ildə isə "Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Görkəmli alim-pedaqoqa 1967-ci ildə professor elmi adı verilmişdir. 1965-ci ildən ömrünün axırına kimi  Bakı Dövlət Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik etmişdir . 

Y.Seyidov dilçiliyin müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmışdır. Yusif Seyidovun ən böyük xidməti onun sintaksis sahəsində apardığı tədqiqatlardır. Azərbaycan dilçiliyində sintaktik əlaqələrin elmi əsaslarla geniş və əhatəli tədqiqi professor Yusif Seyidovun adı ilə bağlıdır. Alimin iki dəfə nəşr edilmiş "Azərbaycan dilində söz birləşmələri" monoqrafiyası bu sahədə türkologiyada ən dəyərli elmi mənbə hesab edilir. Görkəmli alimin bu sahədəki axtarışlarının nəticələri ayrı-ayrı məqalə və kitablarda, eləcə də 1966-cı ildə işıq üzü görmüş "Azərbaycan ədəbi dilində söz birləşmələri" adlı monoqrafiyasında əks olunmuşdur. "Azərbaycan ədəbi dilində söz birləşmələri" adlı monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. "Azərbaycan ədəbi dilində söz birləşmələri" kitabında müəllif yenidən sintaktik əlaqələr məsələsinə qayıdır və onlara yeni aspektdən - söz birləşməsi mövqeyindən nəzər salır; söz birləşmələrinin, bir qayda olaraq, tabelilik əlaqəsi əsasında yarandığını təsdiq etməklə bərabər, tabesizlik əlaqəsi ilə də təşəkkül tapdığını faktlarla əsaslandırır. Bu əsərdə qədim hind, yunan dilçiliyindən başlamış ötən əsrin 60-cı illərinə qədər söz birləşmələri haqqında aparılan tədqiqatların ardıcıl elmi təhlili aparılmışdır. Müəllif yunan filosoflarının sözlərin əlaqələnməsi əsasında yaranan söz birləşmələri barədə  fikirlərini vermis, müasir filosofların bu problemlə əlaqədar araşdırmalarını təhlildən keçirmişdir. Əsərdə söz birləşmələrinin dil sistemindəki yeri müəyyənləşdirilmiş, onların digər dil və nitq vahidləri ilə (söz, mürəkkəb söz, qoşa sözlər, sintaqm, cümlə ilə) oxşar və fərqli cəhətləri izah olunmuşdur.

 Müəllif söz birləşmələrinin  türkologiyada aparılan təsnifatını nəzərdən keçirir və hər bir təsnifata öz münasibətini bildirir,  söz birləşmələri haqqında sintaktik təlimin hüdudlarını müəyyən edir və Azərbaycan dilçiliyində söz birləşmələrinin ənənəvi izahından fərqli olaraq ilk dəfə olaraq ismi birləşmələrin təyini söz birləşmələrindən ayrılan bir sıra yeni növlərini verir. Xüsusilə,  "feili birləşmələr" adı altında "feili tərkiblər"dən fərqlənən təlimin əsasını qoyur və onun istiqamətlərini müəyyən edir. Bu dəyərli tədqiqat əsəri türkoloqlar tərəfindən maraqla qarşılanmışdır. Heç də təsadüfi deyil ki, məşhur dilçi alim, akademik A.N.Kononov bu əsərə görə Yusif Seyidovun adını sintaksisin əsas problemlərinin həllində böyük xidmətləri olan sovet alimlərinin sırasında çəkmiş, əsəri yüksək qiymətləndirmişdir. Əsərdə söz birləşmələrinin nəzəri və praktik məsələləri bütövlüklə əhatə edilmiş, tədqiq tarixi araşdırılmış, söz birləşmələrinin növləri haqqında sistemli məlumat verilmişdir. O, ilk dəfə türkologiyada tabesizlik və tabelilik əlaqələrinin bütün sintaktik vahidlər üzrə, yəni söz birləşmələrindən mürəkkəb cümləyə qədər təzahür hallarını müəyyən etmişdir. Bununla yanaşı, Azərbaycan dilçilik elmi üçün sintaktik əlaqələrlə bağlı bir sıra başqa ciddi və mühüm məsələləri də müəyyənləşdirmişdir. Alim Azərbaycan dilçiliyində ənənəvi olaraq ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəflərini birlikdə bir mürəkkəb cümlə üzvi kimi təhlil etmişdir. İkinci və üçüncü növ təyini söz birləşmələrinin cümlə üzvi kimi parçalana bilməməsinin qrammatik əsasları da ilk dəfə Yusif Seyidov tərəfindən müəyyənləşdirilmişdir. Yusif Seyidov sintaktik əlaqələr əsasında cümlənin şəxsə görə növlərinin formalaşma sistemini də təhlil etmişdir. Azərbaycan dili sintaksisinin ən aktual problemlərinə həsr olunmuş bu kitab bu gün də tədqiqatçıların bəhrələndiyi və tələbələrin istifadə etdiyi ən sanballı tədqiqat əsərlərindəndir. 

Y.Seyidov dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş "Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər" (1958), "Təsirlik hallı feili birləşmələr" (1963), "Dil sistemində söz birləşmələrinin yeri" (1964), "Azərbaycan ədəbi dilində söz birləşmələri" (1969), "Klassik Azərbaycan şairləri söz haqqında" (1977), "Yazıçı və dil"(1979), "Sözün şöhrəti" (1981), "Sözün qüdrəti" (1988), "Sözün hikməti" (1989) və "Nəsiminin dili"  kimi bir sıra kitabların,  dərslik və dərs vəsaitlərinin müəllifidir.

 Görkəmli  alim qrammatika məsələləri ilə yanaşı, dilçilikdə tamamilə yeni sahə olan yazıçı və dil probleminin tədqiqi ilə məşğul olmuşdur. Professor Yusif Seyidov yazıçı və dil problemi ilə bilavasitə bağlı olan ümumiləşdirici bir əsər də qələmə almışdır. Alimin "Azərbaycan ədəbi dilinin tədqiqi tarixinə bir nəzər" adlı tədqiqat əsəri  (Y.Seyidov. Əsərləri, 15 cilddə, II c. Bakı: Bakı Universiteti, 2007)  Azərbaycan ədəbi dili məsələlərinə aid olan ən sanballı elmi-nəzəri araşdırma kimi diqqəti cəlb edir. Alim Azərbaycan ədəbi dili tarixinin formalaşması və inkişafı məsələlərini geniş ümumiləşdirmələr apararaq tədqiq etmişdir. Dilçilik sahəsinin inkişafında mühüm rolu olan Ə.Dəmirçizadənin tədqiqatlarına xüsusi yer ayırmışdır. Qeyd etdiyi kimi,  Azərbaycan ədəbi dili tarixini ilk dövrləşdirənlərdən, onun elmi prinsiplərini işləyib hazırlayanlardan biri professor Ə.Dəmirçizadə olmuşdur. Ə.Dəmirçizadə "Azərbaycan ədəbi dili tarixi" kitabında (1979) dövrləşdirmənin meyarını verir və bu əsasda yeni dövrləşdirmə təklif edir. Y.Seyidov "Klassik Azərbaycan şairləri söz haqqında" (1977), "Yazıçı və dil" (1979), "Sözün şöhrəti" (1981), "Sözün qüdrəti" (1988), "Sözün hikməti" (1989) və s. kimi sanballı monoqrafiyalarında ədəbi dilin inkişafında XI əsrdən başlayaraq müstəqillik dövrünə qədərki Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini toplayıb sistemə salmış, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil etmişdir. Yusif Seyidovun xalqımızın "ana kitabı" olan "Kitabi-Dədə Qorqud" dastanı, "Dastani-Əhməd Hərami" məsnəvisi və İ.Nəsimi əsərlərinin dili ilə bağlı araşdırmaları ədəbi dilin inkişaf tarixini özündə əks etdirir. Alim "Kitabi-Dədə Qorqud" dastanının müqəddiməsində Dədə Qorqudun dilindən verilən sözləri təkcə azərbaycanlılar, təkcə türk dünyası üçün deyil, bütövlükdə insanlıq üçün əxlaq dərsi verən fikirlər kimi dəyərləndirir.  Nəsiminin dilini isə tamamlanmış, yüksək səviyyəli ədəbi-bədii dil nümunəsi hesab edir və qeyd edir ki, onun dilinin timsalında Azərbaycan poeziya dili ərəb-fars dilləri ilə yanaşı qoyulmuş, Şərqdə böyük şöhrət tapmışdır.     Bununla da, xalqın təxminən min ilə qədər dilçilik, ədəbiyyatşünaslıq və estetik görüşlərinin inkişaf tarixini müyyənləşdirmişdi. Böyük dilçi alim Yusif Seyidov Azərbaycan dilinin tarixinə dair də səmərəli tədqiqatlar aparmışdır. "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani- Əhməd Hərami" haqqında bəzi qeydlər", "Kitabi-Dədə Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)", "Kitabi- Dədə Qorqud" dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi", "Ədəbi şəxsiyyət və dil" və s. məqalələri, habelə "Nəsiminin dili" monoqrafiyası ciddi axtarışların məhsuludur. Müəllif Nəsimi dilini iki istiqamətdə - ədəbi-bədii dil nümunəsi və dövrün ədəbi dil nümunəsi kimi tarixi qrammatika istiqamətində öyrənilməsini əsas götürərək yazır kı, burada məqsəd dilin qrammatik quruluşunun tədqiqidir. Əgər birinci istiqamət şairin sənət qüdrətini, milli dilin poetik potensialından istifadə bacarığını, sözün semantik mənasını açmaq üsullarını müəyyən etməyə xidmət edirsə, ikinci istiqamət şairin şeir dili fonunda dövrün ədəbi dilinin inkişaf və formalaşma səviyyəsini müəyyənləşdirməyə xidmət edir. Bu nəzərə alınaraq onun yaradıçılığında Nəsimi dili sənətkarın fəlsəfi və bədii fikri fonunda bütün ifadə çalarları ilə, üslub xüsusiyyətləri ilə araşdırılmışdır. Tədqiqatçı klassik ədəbiyyatı yaxşı bilən geniş diapozonlu filoloq, Şərq fəlsəfəsinə, sufi və xüsusən hürufi ictimai-fəlsəfi fikrinə bələd alim kimi onun yaradıçılığının əsas istiqamətlərini müəyyənləşdirmışdir. Xüsusilə də onun yaradıcılığının qrammatik xüsusiyyətlərini təhlil etmiş,  Nəsiminin dilinin əsas xüsusiyyətlərini araşdırmaqla Azərbaycan ədəbi dilinin, ümumən Azərbaycan dilinin XIV əsr mərhələsinin mənzərəsini vermişdir. Azərbaycan ədəbiyyatının məhz bu dövrü Nəsiminin adı ilə bağlıdır. Alim bu dövrü geniş şəkildə təhlil edərək yazır: "Nəsimiyə qədər Azərbaycan türk dilini, poeziya dili kimi fars və ərəb dilləri ilə yanaşı qoyan və bu dildə, sözün geniş mənasında, yazıb-yaradan ikinci bir görkəmli şair bizə məlum deyil. Nəsimi azərbaycanca şeirin möhkəm əsaslarını yaratmaqla, bu sahədə ciddi addım atan və Azərbaycan türk dilinə yüksək poeziya dili hüququ verən ilk böyük sənətkar olmuşdur".

Nəsiminin şeir dili bir sıra cəhətlərinə görə tamamlanmış, yüksək səviyyəli ədəbi-bədii dil nümunəsidir. Bu bədii dil nümunəsi şairin əsərlərinin hamısında eyni səviyyədə öz əksini tapmışdır. Şerlərinin növləri və mövzuları Nəsiminin ifadə üsuluna, üslubuna təsir göstərsə də, bununla əlaqədar olaraq onun dili bəzən tam anlaşıqlı, bəzən çətin olsa da, bu dilin ümumi ədəbi əsası həmişə qorunub saxlanır. Həm də bu ədəbi əsas çox müxtəlif boyalarla, çalarlarla təzahür edir. Tədqiqatda onun yaradıcılığı fəlsəfi istiqamətdə də təhlil edilir. Xüsusən, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" şeirində müəllifin yazdığı kimi məhz insan problemi qoyulur. Çünki Nəsimi belə hesab edir ki, insanın əlaməti onun özündən böyükdür (uludur), ona görə də insan heç bir tərifə sığışmır, heç bir mərtəbə, əzəmət insanla müqayisə oluna bilməz. Müəllifin yazdığı kimi, Nəsimi təlimində insan bütün kainatdır, yer, göy, məkan və zaman, ən kiçik zərrə də, günəş də, ulduzlar da insanın varlığında birləşir və ona görə də insan ayrı-ayrılıqda heç bir məkana, zamana, cismə və canə, bəyanə... sığa bilməz. Bununla da Y.Seyidov müəyyənləşdirir ki, Nəsimi fəlsəfəsi fikrində insanı saflığa çağırış əsas xətlərdən biridir. Şair insanı ilahiləşdirir, Allah mövqeyinə qaldırır, bu halda insan məxfi xislətlərdən tam azad olmalı, saflaşmalıdır, insanın mənəvi aləmində heç bir qara ləkə qalmamalıdır. Bütövlükdə, əsərdə Nəsimi dilinin ümumi səciyyəsi və bu dilin materialı əsasında qrammatik quruluşun sinxron təsviri verilir. Çünki Azərbaycan ədəbi dilinin formalaşmasında xalq yaradıcılıq nümunələri də az rol oynamamışdır, ədəbi dil zaman-zaman nağıl və dastanlardan, qoşma və bayatılardan mayalanmışdır. Ümumən Azərbaycan ədəbi dili bütün inkişafı boyu heç bir vaxt öz ümumxalq əsasından ayrılmamışdır. Ədəbi dilimizin bu əsasda inkişafında, onun ümumxalq zəmininə daha möhkəm bağlanmasında C.Məmmədquluzadənin rolunu xüsusi qeyd edərək yazır: "Əgər Füzuli Azərbaycan dilinin tükənməz imkanlara malik olduğunu müəyyənləşdirmiş, onun sənət qüdrətini kəşf etmiş, onu klassik şeir dili səviyyəsinə qaldırmışsa, C.Məmmədquluzadə ədəbi dil ilə danışıq dili arasındakı səddi aradan qaldırmış ümumxalq danışıq dilini az qala ədəbi dil səviyyəsinə yüksəltmiş, sadə və lakonik xalq ifadələrinin geniş şəkildə sənət dilinə daxil olmasına, ədəbi dil yer tutmasına yol açmış ədəbi dilin lüğət tərkibinin saflaşmasına güclü təsir göstərmiş, beləliklə də, Azərbaycan ədəbi dilinin yeni ruhda inkişafında görkəmli rol oynamışdır." (Yazıçı və dil, 1979, səh.99) Onun əsərlərinin dili, üslubu, ifadələri, cümlə quruluşu, söz sırası, Azərbaycan danışıq dilinın bütün zənginliyi və əzəməti ilə bu əsərlərdə əks olunmuş və onun  şeirlərinin söz  qüdrəti əsaslandırılmışdır. Bu əsərlərin dilinin təmtəraqdan uzaqlığı, təsəvvür edilməz dərəcədə sadəliyi və təbiiliyi, eyni zamanda, kəskinliyi, təsir qüvvəsi,  qısa və konkretliyi faktlarla təhlil edilmişdir. Professor Yusif Seyidov tərəfindən  Xətai, Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Vaqif, Vidadi, Q.Zakir, S.Ə.Şirvani, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi yaradıcılığı və bədii dil məsələləri  geniş şəkildə araşdırılır. Görkəmli alim Y.Seyidov XIX əsr ədəbi dilimizin tarixini M.F.Axundzadə mərhələsi adlandıraraq yazmışdır ki, M.F.Axundzadə ədəbiyyatımız tarixində böyük hadisədir. O, "Puşkinin ölümünə Şərq poeması" ilə poeziyamızda yeni ruhlu sənət əsəri yaratdı. "Təmsilat"ı ilə Azərbaycan dramaturgiyasının təməlini yaratdı, "Aldanmış kəvakib" əsəri ilə ilk realsit povest janrının əsasını qoydu. "Bunlar M.F. Axundzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində böyük mövqe tutması üçün bəs edərdi.  Böyük mütəfəkkirin dilçilik irsi  filologiyamız, ədəbi düşüncə və ədəbi dilimiz üçün böyük elmi əhəmiyyətə malik olması təhlil edilir və aşagıdakı  qruplara ayırılır: 1. Üslub, nitq mədəniyyəti məsələləri. 2. Lüğət tərkibi və istilah məsələləri. 3. İmla, orfoqrafiya məsələləri. 4. Ayrı-ayrı dillər haqqında. 5. Tərcümə məsələləri. 6. Əlifba, yazı problemləri. 

Y.Seyidov tərəfindən verilən qruplarda  böyük Mirzə Fətəlinin dilçilik görüşlərinin ana xətləri və onun əsas prinsipləri tezislər şəklində maddə-maddə araşdırılmışdır. Onu da qeyd edək ki, müəllifin maddələrlə göstərdiyi məsələlərin hər biri Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynayan əsas məsələlərdir. Xüsusilə,  yeni əlifba uğrunda mübarizənin islam dünyasında bayraqdarı olan böyük mütəfəkkirin yazı islahatı ilə bağlı fəaliyyətini ətraflı şəkildə tədqiq etmişdir. Bununla yanaşı, N.Nərimanov və M.F.Axundovdan sonra, dilin ictimai əhəmiyyətini düzgün qiymətləndirən, dilin nəzəri və praktik məsələlərinə dərindən nüfuz edən, Azərbaycan ədəbi dilinin xalq dili üzərində formalaşması yollarını əsaslandırmağa çalışan ikinci ədib kimi bədii əsərlərində dilə aid fikirləri, eyni zamanda onun yaradıcılığı sırf dilçilik baxımından saf-çürük edilir, ayrı-ayrı ədiblərin dil haqqında fikirləri, onların ana dilinin inkişafında rolu təhlil edilir.

Görkəmli alim tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. Ədəbi dil, eləcə də bugünkü Azərbaycan ədəbi dili müxtəlif üslubların məcmusu olsa da, öz başlanğıcını bədii dildən almış və əsrlər boyu bu üsluba əsaslanmışdır. Bu cəhətdən bədii əsərlərin dilinin öyrənilməsi ümumən ədəbi dilimizin öyrənilməsində ən mühüm mənbəni təşkil edir. Yazıçıların bədii dilinin elmi-monoqrafik tədqiqində onların ümumən dilə, xüsusən bədii dilə münasibətləri müəyyənləşdirilmışdir. XX əsrin əvvəllərindəki ədəbi proseslərdən, yazıçı və  dil məsələlərindən bəhs edərkən C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Abdulla Şaiq, S.S.Axundov, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Abbas Səhhət, M.Hadi, Y.Çəmənzəminli, S.M.Qənizadə, Ö.F.Nemanzadə və F.Köçərli yaradıcılığında dil düşüncələri təhlil edilmişdir. Qeyd edildiyi kimi, ana dilinin saflığı və müstəqilliyi uğrunda mübarizədə böyük satira ustası C.Məmmədquluzadənin, onun "Molla Nəsrəddin" jurnalı və molla nəsrəddinçilərin xüsusi rolu olmuşdur. Ona görə  professor Y.Seyidov yazıçı və dil problemi ilə  bağlı məsələlərin təhlilində C.Məmmədquluzadənin bədii və publisistik irsinin öyrənilməsinə geniş yer ayırmış,  ədəbi dilin inkişafında, onun ümumxalq zəmininə təşəkkül tapmasında sənətkarların rolunu müəyyənləşdirmişdir.  

"Yazıçı və dil" monoqrafiyasında   görkəmli elm xadimi minillik ədəbiyyatımızı, Azərbaycan yazıçılarının söz və sənət haqqında, dil və onun insan həyatında, cəmiyyətdə rolu, əhəmiyyəti barədə fikirlərini sətir-sətir, beyt-beyt toplayıb sistemə salmış, ədəbi-tarixi ardıcıllıqla təsvir və təhlil etmişdir. 

 Y.Seyidovun araşdırmalarında akademik Mirzə İbrahimovun sözlə bağlı elmi-fəlsəfi fikirləri,  bədii dil və söz məsələsinə  fəlsəfi  müstəvidə yanaşması şərh olunur və Mirzə İbrahimovun ədəbi-bədii dilə aid mülahizələri konkret faktlar əsasında araşdırılır. Mirzə İbrahimovun bədii söz və bədii dil haqqındakı fikirləri, ümumən dil, ədəbi bədii dil, ana dili, əcnəbi dillər haqqındakı mülahizələri onun ayrı-ayrı sənətkarlar haqqında yazdığı məqalə və kitablarda daha konkret ifadəsini tapmışdır. Əfzələddin Xaqanidən,  Nizami Gəncəvidən başlamış ədəbi dilin inkişaf tarixini,   dil problemlərinin ən aktual problemlərini önə çəkmişdir.    

 Y.Seyidov Azərbaycan dilçiliyinin və praktik Azərbaycan dilinin müxtəlif məsələlərinə həsr olunmuş onlarla sanballı monoqrafiya və dərsliklər yazmışdır. Bu baxımdan görkəmli alimin "Azərbaycan dilinin qrammatikası. Morfologiya" (Bakı Universiteti nəşri, 2000) və "Azərbaycan dilçiliyində qrammatika problemləri" (Bakı Universiteti nəşri, 2008) əsərləri xüsusilə diqqətəlayiqdir. Monoqrafik dərs vəsaiti adlandırdığı "Morfologiya" əsəri ilə müəllif çoxillik təcrübə və müşahidələri əsasında qrammatikanın bu mühüm bəhsinin elmi və nəzəri təhlilini vermişdir. Müəllif bu əsərində fonetika bəhsinin, eləcə də leksikologiya bəhsinin morfologiyaya daxil edilməsinin yanlış olduğunu faktlarla əsaslandırır. Qeyd edir ki, morfologiyanın tədqiqat obyekti sözün morfoloji quruluşudur.  Sözün morfoloji quruluşu şəkilçi və nitq hissələrini əhatə edir. Müəllif nitq hissələrinin təsnifi ilə bağlı nəzəri fikirlər irəli sürmüşdür. Eyni zamanda nitq hissələrinin üç qrupa bölünməsini də elmi cəhətdən əsassız hesab edir və fikrini faktlarla əsaslandıraraq bu qənaətə gəlir ki, nitq hissələri iki qrupa ayrılmalıdır. "Azərbaycan dilçiliyində qrammatika problemləri" əsərində isə həm morfologiya, həm sintikasisin tədqiqi tarixi araşdırılır. Burada problemin öyrənilmə səviyyəsi nəzərdən keçirilir, mövzu ilə bağlı əsərlərin müsbət və mənfi cəhətləri konkret faktlarla göstərilir, eyni zamanda bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilir. 

1972-ci ildə çap olunan Dövlət mükafatına layiq görülən "Müasir Azərbaycan dili (Sintaksis)" kitabının müəlliflərindən biri prof. Y.Seyidov olmuşdur. Alimin cümlə və onun əsas xüsusiyyətlərinə nəzəri istiqamətdə yanaşması  yanlış ənənənin düzgün həllini həyata keçirməyə imkan yaradır. Belə ki, 1950-ci illərdə belə bir fikir ortaya atılmışdı ki, neçə sözdən ibarət olmasından asılı olmayaraq, feili tərkiblər bir cümlə üzvü kimi təhlil edilsin. Prof. Y.Seyidov cümlə üzvü haqqında nəzəri fikrə əsaslanaraq, bu, tərkiblərin "tərkibidir"- deyə bütöv halda bir cümlə üzvü kimi götürülməsinin yalnış olduğunu müəyyənləşdirdi. O,  "Müasir Azərbaycan dili" (I h.-1959, II h - 1963), "Müasir Azərbaycan dili. IV hissə. Sintaksis"(1972, 1985, 2009) dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş "Azərbaycan dili" və "Azərbaycan dilinin qrammatikası. Morfologiya" kimi ali məktəb dərsliklərinin müəllifidir. Rus dilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifıdir. Onlarda qaldırılan yeni problemlər, həmin problemlərin inandırıcı faktlarla  nəzəri istiqamətdə ümumiləşdirilməsi dərsliklərin praktik əhəmiyyətini artırır. Tədqiqatlarında nəzəri ədəbiyyatdan gələn mübahisələrə münasibətini bildirir,  dərs vəsaitlərində və dərsliklərdə aydın, aksiomatik nəticələrini verir. Alim  ana dilinin bir çox problemləri haqqında ilk söz deyən, qrammatik quruluşu riyazi dəqiqliklə araşdıran tədqiqatçıdır. Bəlkə də onun əsərlərinin asanlıqla başa düşülüb sevilməsinin əsas səbəblərindən biri həmin əsərlərin vurğunluqla, məhəbbət və şövqlə yazılmasıdır. Bütövlükdə, Azərbaycan ədəbi dilinin  inkişafında və kamilləşməsində öz dövrünün tələbləri səviyyəsində dayanan, ədəbiyyat tarixində özünəməxsus mövqeyi olan     görkəmli yazıçıların əsərləri onun yaradıcılığında zəngin faktlarla araşdırılmışdır. 

Y.Seyidov elmi konfranslarda müntəzəm olaraq iştirak etmişdir. О, Kişinyov,  Alma-Ata, Düşənbə, Bişkek, Nalçik şəhərlərində keçirilmiş elmi konqres və qurultaylarda məruzələr etmişdir. Universitet və fakültə Elmi Şuralarının üzvü olmaqla həmişə prinsipiallıq göstərmiş və obyektivliyi ilə seçilmişdir. Uzun illər Universitet Metodşurasının humanitar fakültələr üzrə sədri olmuşdur. Yusif Seyidov universitetin və respublikanın ictimai həyatında fəal iştirak etmişdir. O, 1985-2006-cı illərdə Təhsil Nazirliyi Elmi Metodik Şurası filologiya bölməsinin sədri olmuşdur. Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir. TQDK-nın Azərbaycan dili fənni üzrə (rus bölməsi) Ekspert Şurasının üzvü olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət Dil Komissiyasının üzvü olmuşdur. Yusif Seyidov müntəzəm olaraq dövrü mətbuatda dil və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı irihəcmli yazıları ilə çıxış etmiş, hər zaman ana dilimizin ruhunu, müqəddəsliyini qorumuş, bir vətəndaş kimi onu tədqiq və təbliğ etmişdir. Alimin elmi kadrların hazırlanması sahəsində də mühüm xidmətləri olmuşdur. Onun rəhbərliyi altında onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Prezident Təqaüdçüsü olmuşdur. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Respublikanın digər ali məktəblərində və akademik qurumlarında çalışan dilçi alimlər nəslinin müəllimi, elmi rəhbəri, opponenti olan Yusif Seyidovun milli dilçi kadrların hazırlanmasında müstəsna xidmətləri vardır. Yusif Seyidov 16 monoqrafiyanın, 17 dərslik və dərs vəsaitinin, 300-dən çox elmi məqalənin müəllifidir. Görkəmli alim uzun müddət elmi şuranın üzvü, müdafiə şurasının, ekspert şurasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Alimin dərs dediyi tələbələr, yetişdirdiyi alimlər onun  işlərini şərəflə davam etdirirlər. Görkəmli alim  Yusif Seyidov 18 noyabr 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.


Sayalı SADIQOVA 

Azərbaycan Respublikası Nazirlər 

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.




VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011