Sosial şəbəkələrdə mal və xidmətlərin reklamı qadağan oluna bilər...

Xalid Kərimli: “Sosial şəbəkələrdən əldə olunan reklam və digər gəlirlərə görə gəlir vergisi vermək məcburidir”
Rusiya Prezidenti Vladimir Putin Rusiyada fəaliyyəti arzuolunmaz və ya ekstremist hesab edilən xarici təşkilatların informasiya resurslarında reklamın qadağan edilməsi haqqında qanun imzalayıb.
Qeyd edək ki, qadağa xüsusilə “Instagram” və “Facebook”a aid olacaq. Qanunun şərhində qeyd edilir ki, bəzi rusiyalılar qadağadan asılı olmayaraq “Instagram” və “Facebook”dan istifadəni davam etdirirlər ki, bu da Rusiyada qadağan olunmuş məlumatları ehtiva edən yeni məzmun yaratmaqla bu resurslara reklam gəliri əldə etmək imkanı yaradır.
Ekspertlər təklif edir ki, belə bir qadağa ölkəmizdə də tətbiq olunsun. Məlumdur ki, yazılı və elektron mediada reklam üçün müəyyən məbləğdə vəsait ödənilməlidir. Bununla yanaşı, reklam verən vergi də ödəməlidir. Bu səbəbdən də əksər şirkətlər və ya insanlar reklamı sosial şəbəkə vasitəsilə yayımlayır. Bununla da onlar vergidən yayınmış olurlar. Bu səbəbdən də hesab edilir ki, Rusiyada sosial şəbəkə ilə bağlı tətbiq olunan qadağa ölkəmizdə də icra oluna bilər.
“Sosial şəbəkələrlə bağlı gəlir vergisi birmənalı olaraq var və verilməlidir, ancaq burada qeydiyyat forması da çox önəmlidir”
İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mövcud Vergi Məcəlləsi bütün bu məsələləri əhatə edir. Sosial şəbəkələrdən əldə olunan reklam və digər gəlirlərə görə gəlir vergisi vermək məcburidir: “Hətta gəlir vergisi verməməyə görə Vergi Məcəlləsinə uyğun olaraq sanksiyalara məruz qala bilərlər. Gizlədilmiş məbləğin 50 faizi qədər cərimə tətbiq oluna, hətta əhəmiyyətli rəqəmlər olanda Cinayət Məcəlləsinə qədər gedə bilər. Yəni sosial şəbəkələrlə bağlı gəlir vergisi birmənalı olaraq var və verilməlidir. Ancaq burada qeydiyyat forması da çox önəmlidir. Fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərməsinə uyğun olaraq fərqli vergi rejimi formalaşır. Fiziki şəxs kimi tək fəaliyyət göstərirsə, 20 faiz vergi verməlidir. Amma 3 və ya daha çox işçisi olan mikro sahibkar 5 faiz vergi verməlidir. Mikro sahibkar deyil, kiçik müəssisədirsə də 20 faiz vergi vermək öhdəliyi var. Onu da deyim ki, gizlətdikləri məbləğin üstü açılanda da onun 50 faizini cərimə kimi ödəməlidirlər. Qısacası, bu, işçi sayından, dövriyyədən, hüquqi və fiziki şəxs olmasından asılı olaraq fərqli vergi öhdəlikləri formalaşdırır".
Günel CƏLİLOVA