Pullu parklanma yaxşı - ancaq AYNA "parklanma xaosu" yaradır...

Akif Nəsirli: “Çox təəssüflər olsun ki, bizim parklama ilə məşğul olan şirkətlərimiz yalnız parklama yerinə pul qazanmaq vasitəsi kimi baxırlar”
Bu qədər işlərin görülməsinə baxmayaraq, paytaxtımızda hələ də parklama yerləri ilə bağlı ciddi problemlər yaşanır. Gizlin deyil, paytaxtda elə küçələr var ki, orda parklama yeri ya yoxdur, ya da ərazisi çox kiçikdir. Vətəndaşların əksəriyyəti bildirir ki, bir çox hallarda parklama üçün yer tapmaq müşkülə çevrilir.
Məsələn, analoji problem Tbilisi prospektindən başlamış Salyan kazarmasına qədər məsafəni əhatə edən Şəfayət Mehdiyev küçəsində yaşanır. Sözügedən küçənin həm sağında, həm də solunda çoxmənzilli yaşayış binalarının olduğu məlumdur. Burda sakinlərin də, avtomobillərin də sayı çoxdur, amma avtomobillərin parklama yerləri məhduddur, azdır, yalnız yolun bir tərəfindədir. Yolun o biri tərəfində isə maşın saxlamağan qadağan olduğunu ifadə edən nişan qoyulub. Sakinlər deyir ki, parklama yeri yalnız yolun bir tərəfindədir və maşın sayı da çoxdur, yer isə məhduddur, bu üzdən yer çatışmazlığı var. Sakinlərin sözlərinə görə, problem yerin məhdud olması ilə bitmir, digər problem isə bəzi sakinlərin avtomobillərini nizamsız və mədəniyyətsiz şəkildə saxlamasıdır ki, bu da başqa avtomobil sahiblərinə çətinlik yaradır. Elə küçələr var ki, parklanma yerində 10 maşın saxlamaq imkanı varsa hansısa bir vətəndaş mədəniyyətsiz şəkildə gətirib maşınını saxlayır, aidiyyəti quruma mesaj da göndərir, bununla işini bitmiş sayır. 10 maşının saxlanılması üçün nəzərdə tutulan parklamada 5 maşın saxlayırlar və tamamilə yeri tuturlar, bununla da başqaların gəlib orda maşın saxlamasına əngəl törədilir. Bir-birindən böyük ara məsafəsi verib maşınlarını nizamsız qayada saxlayırlar. Üç maşını gətirib elə saxlayır ki, dördüncü maşına yer olmur, halbuki orda dördüncü maşına da yer var. Faktiki isə yer olmur. Sakinləri narahat edən əsas məsələ parklama işinin nizamsız, xaotik şəkildə həyata keçirilməsidir. Çox təəssüf ki, “Azparkinqin” əməkdaşları buna qəti şəkildə nəzarət etmirlər. Sakinlər “Azparkinq” əməkdaşlarından tələb edəndə ki, məsələni nizama salsınlar, onlar da “bu bizim səlahiyyətimizdə olan məsələ deyil” deyirlər. Bəs kimin səlahiyyətindədir? Əgər bir sürücü gətirib maşınını rəsmi parklama yerində nizamsız qaydada saxlayırsa, iki-üç maşının yerini tutursa, ona da “Azparkinq” müdaxilə etməyib kim müdaxilə edəcək? Polis buna müdaxilə etmir, deyir ki, bu “Azparkinqin” problemidir, onlar da deyir ki, bizlik deyil.
Şəfayət Mehdiyev küçəsində parklama yerlərinin az olması və yalnız yolun bir tərəfində quraşdırılması, yolun o biri hissəsində “maşın saxlamaq qadağandır” nişanının qoyulması ciddi narahatlıq yaradır. Çoxsaylı sakinin yaşadığı və enli bir küçə olan Şəfayət Mehdiyev küçəsinin digər tərəfində niyə böyük bir parklama olmasın? İkinci problem isə parklama işinin nizamsız şəkildə həyata keçirilməsidir ki, bu da bəzi vətəndaşlarda sürücülük mədəniyyətinin olmaması və “Azparkinq”in işçilərinin məsuliyyətsiz yanaşması, problemə reaksiya verməməsi, onun həlli üçün addımın atılmaması ilə bağlıdır. Sakinlər deyir ki, belə çıxır, “Azparkinq”in işçilərinin əsas işi bunlar yox, SMS göndərməyən sürücülərə cərimə yazmaqdan ibarətdir. Amma maşınlarını parklama sahəsində nizamsız saxlayan, xaos yaradan sürücülərə nə cərimə yazırlar, nə də irad bildirirlər. Onların bu vəziyyətdə cərimə yazmaq səlahiyyəti yoxdursa, onlara bu səlahiyyət verilməlidir, yox, əgər səlahiyyətləri varsa, amma məsuliyyətsizlik edirlər, bunu onların diqqətinə çatdırmaq vacibdir.
“Nəinki parklama yerlərində bu cür vəziyyət var, hətta “Azparkinq” maşınların saxlanılması qaydaları ilə bağlı heç bir sürücünü maarifləndirməyib”
Ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, bütün böyük şəhərlərdə analoji problemlər yaşanır. “Amma belə problemlər başlı-başına buraxılmır, müxtəlif yollarla həll edilir. Şəfayət Mehdiyev küçəsinin hər iki tərəfində parklanma yaratmaq imkanları mövcuddur. Bu parklama yerləri yolun yalnız bir tərəfində deyil, hər iki tərəfində müəyyənləşdirilə bilər. Digər tərəfdən, parklama yerlərinin sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin, yaxud ona cavabdeh olan qurumların arzusu ilə reallaşdırılmır, parklama yerlərinin sahəsi əhalinin sayına adekvat olmalııdr. Harda əhali sıxdırsa orda parklama yerləri çox olmalıdır. Tutalım, yolun kənarında maşın saxalamaq mümkün deyil, yeraltı parklamalar, dayanacaqlar yaratmaq olar. Məsələn, mexaniki mərtəbəli dayanacaqlar var, onlardan quraşdırmaq olar. Həmin o dayanacaqları şəhərin elə yerlərində quraşdırıblar ki, həmin yerlərdə parklamaya o qədər də ciddi tələbət yoxdur”.
A.Nəsirli qeyd etdi ki, parklama yerlərinin yaradılması əhalinin sayına adekvat olmalı, eyni zamanda da əlçatan olmalıdır. A.Nəsirlinin sözlərinə görə, burda digər məsələ parkalama yerlərindən istifadə qaydalarının tətbiq edilməsidir. “Birincisi, bu barədə “Azparkinq”in əsasnaməsi olmalıdır, bu qurum da həmin əsasnaməyə əsasən, ona istinad edərək maarifləndirici reklam çarxları çəkməlidir ki, sürücülər o çarxlardan bəhrələnərək maariflənsinlər və parkalama yerlərində maşınların saxlanılmasının, yerləşdiriləsinin mümkün intensivliyi təmin olunsun. Hər ağılda sürücü var. Biri başa düşür ki, maşını elə saxlamalıdır burda başqalarına da yer olsun, biri də bunu başa düşmür və maşınını necə gəldi saxlayır. Biz hər hansı bir fikri söyləyirik, amma o fikir hərəyə bir cür çatır, hamıya eyni çatmır. O sözü öz ağlının tutumuna uyğun eşidir.
Görürük ki, nəinki parklama yerlərində bu cür vəziyyət var, hətta “Azparkinq” maşınların saxlanılması qaydaları ilə bağlı heç bir sürücünü maarifləndirməyib. Parklama yerlərində öz maşınlarını intensiv saxlayan mədəni sürücülər var ki, onlara baxıb başqaları da maşınını normal şəkildə saxlamağa uyğunlaşır. Əslində, bu işlə məşğul olan qurum bu xaosun aradan qaldırılması üçün maarifləndirici işlər aparmalıdır. Parklama yerində maşınların saxlanılması qaydalarını sürücülərə təbliğ etməlidir. Bu istiqamətində sürücü mədəniyyərtinə nail olunmalıdır. Böyük şəhərlərin idarə edilməsində bu cür xırda məsələlər hətta mediada ictimailəşdirilmədən həll edilir. Amma çox təəssüflər olsun ki, bizim parklama ilə məşğul olan şirkətlərimiz yalnız parklama yerinə pul qazanmaq vasitəsi kimi baxırlar. Sürücü ödəniş edibsə, ona heç nə demirlər, xaos yaratsa da, qaydaları pozsa da, reaksiya verilmir. Halbuki, bu belə olmalı deyil. Bütün problemlər həllini tapmalıdır. Şəhərin idarə edilməsi üçün belə məsələlər çox vacib və həlledici məsələlərdən biridir”-deyə A.Nəsirli bildirdi.
İradə SARIYEVA