Ölənin kredit borcunu övladlarından alırıq, toplanmış pensiya kapitalını övladlarına vermirik... Təklif...

Vüqar Bayramov: “Pensiya yığımları vətəndaşların fərdi hesablarında formalaşsa da, bu vəsaitlərin mülkiyyət hüququ dövlətə məxsusdur”
Pensiya mövzusu Azərbaycanda həssaslıqla qarşılanır. Danılmaz faktdır ki, bu gün elə insanlar var, 65 yaşa çatmadan ölür, pensiya fonduna yığılan kapitaldan istifadə edə bilmir. Bu məsələ zaman-zaman narazılığa səbəb olur.
Bəllidir ki, ölümündən sonra vətəndaşın hansısa kredit borcları qalıbsa, o mütləq ödənilməlidir, yəni borc varislərə ötürülür.
Maraqlıdır, pensiya yaşına çatmamış yığılan kapitaldan niyə istifadə etmək olmur? Bununla bağlı nə kimi addımlar atılmalıdır?
“Dünyasını dəyişən şəxsin yoldaşı pensiya alırsa, həmçinin öz pensiyası azdırsa, ondan imtina edərək yoldaşının pensiyasından istifadə etmək hüququna malikdir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyasını dəyişən vətəndaşların pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə verilməsi müzakirə edilən məsələlərdəndir: “Dünyasını dəyişən vətəndaşın pensiya ödənişlərinə diqqət yetirsək, dünyasını dəyişən vətəndaşlarımızın təxminən 40 faizinin pensiyasını onun vərəsəsi, yoldaşı və ya uşaqları alır. Mövcud qanunvericiliyə əsasən, dünyasını dəyişən şəxsin yoldaşı pensiya alırsa, həmçinin öz pensiyası azdırsa, ondan imtina edərək yoldaşının pensiyasından istifadə etmək hüququna malikdir. Eyni zamanda, 18 yaşına çatmamış övladları varsa, bu halda pensiya valideynini itirmiş şəxslərə ödənilir. Bu məsələ ilə bağlı öz təkliflərimizi irəli sürmüşük. Təklifimiz ondan ibarətdir ki, yalnız minimum pensiya kapitalından deyil, həm də orta pensiya kapitalından istifadə olunsun. Yalnız dünyasını dəyişmiş vətəndaşlarımız üçün deyil, ümumiyyətlə, pensiya kapitalında yığım nəzərə alınmaqla istifadə imkanları verilməsini məqsədəuyğun hesab edirik. Onu da deyim ki, pensiya yığımları vətəndaşların fərdi hesablarında formalaşsa da, bu vəsaitlərin mülkiyyət hüququ dövlətə məxsusdur. Sığorta pensiyası sözün əsl mənasında miras yolu ilə ötürülə bilməz. Bununla belə, mərhumun ailə üzvləri müxtəlif hallarda ödənilməmiş pensiyanı almağı gözləmək hüququna malikdirlər. Bu pul üçün bütün qohumlar deyil, yalnız əmək qabiliyyəti olmayan və sağlığında pensiyaçı ilə birlikdə yaşayanlar müraciət edə bilər. Məsələn, mərhum ərin pensiyada olan həyat yoldaşı da onun pensiyasına ümid edə bilər. Bənzər bir qayda dul kişilərə də aiddir. Ölən şəxsin pensiyası daha yüksəkdirsə, həyat yoldaşı ölənin alacağı pensiyanın xeyrinə öz pensiyasından imtina edə bilər. Məsələn, ər 400 manat, dul arvadı isə 350 manat alıbsa, ikincisi pensiyasından imtina yazıb ərinin pensiyasına keçə bilər. Eyni prosedur əlilliyə görə əmək pensiyalarına da şamil edilir”.
Günel CƏLİLOVA