Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

Kamran Əsədov: “Bu qərar elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əlaqəni gücləndirəcək”
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxslər kimi yenidən təşkil olunacaq. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, bu sərəncamla qeyd edilən elmi müəssisələr yaradılacaq:
Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında;
Coğrafiya İnstitutu – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi ilə;
Fizika İnstitutu – Fizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun əsasında;
Kimya İnstitutu – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun birləşdirilməsi ilə;
Riyaziyyat İnstitutu – İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında;
Botanika İnstitutu – Botanika və Dendrologiya institutlarının birləşdirilməsi ilə;
Canlı Sistemlərin Tədqiqi İnstitutu – Zoologiya və Fiziologiya institutlarının birləşdirilməsi ilə;
Molekulyar Biologiya İnstitutu – Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya və Biofizika institutlarının əsasında;
Eyni zamanda, müasir infrastruktur və beynəlxalq standartlara uyğun 2 yeni elmi müəssisə də yaradılacaq.
Bundan başqa, Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə veriləcək.
Elmi institutların birləşdirilməsi bu sahədə nə kimi dəyişiklərə səbəb olacaq?
“İnstitutların birləşdirilməsi zamanı onların tarixi mirası, kadr potensialı və ixtisaslaşma səviyyəsi nəzərə alınmalıdır ki, bu proses itkiyə deyil, qazanca yönəlik olsun”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda elmi institutların birləşdirilməsi ilə bağlı prezidentin imzaladığı son qərar elmi-tədqiqat sahəsində struktur islahatlarının yeni mərhələsidir. Bu, elmi fəaliyyətin səmərəliliyini, idarəolunmasını və təhsillə əlaqəsini artırmağa yönəlmiş mühüm addımdır: “Məlumdur ki, indiyə qədər Elmlər Akademiyasının və müxtəlif nazirliklərin tabeliyində olan elmi qurumlar çox zaman bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərirdi. Bu isə həm idarəetmədə xaotiklik, həm maliyyə vəsaitlərinin pərakəndə xərclənməsi, həm də elmi nəticələrin zəif koordinasiyası ilə nəticələnirdi. Məsələn, oxşar mövzularda paralel tədqiqatlar aparılır, eyni tip laboratoriyalar bir neçə institutda təkrarlanır, nəticələr isə cəmiyyətə və iqtisadiyyata təsir göstərə bilmirdi”.
Həmsöhbətimizin fikrincə, bu qərar elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əlaqəni gücləndirəcək: “Birləşmiş və daha güclü institutlar universitetlərlə birgə layihələr, magistr və doktorantların praktik bazaya çıxışı baxımından yeni imkanlar yaranacaq. İnstitutların birləşdirilməsi zamanı onların tarixi mirası, kadr potensialı və ixtisaslaşma səviyyəsi nəzərə alınmalıdır ki, bu proses itkiyə deyil, qazanca yönəlik olsun”.
Günel CƏLİLOVA